adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Səni sevəcəyəm, sən sevməsən də

MEHMAN CAVADOĞLU
3084 | 2021-12-30 17:31

MDB-nin Sankt-Peterburq şəhərində keçirilən qeyri-formal sammiti başa çatdı və demək olar ki, heç nəylə yadda qalmadı. Sammitin nə konkret hansısa gündəliyi var idi, nə də orda ən azından formal da olsa yekun bəyannamədən-zaddan bir şey qəbul edildi. Belə çıxır ki, təşkilatın üzvləri, sadəcə, bir-birlərinə Yeni il təbrikləri söyləməkçün bu qədər xərc və qızıldan qiymətli vaxtlarını sərf edərək bir araya gəlmişdilər.

 

Ümumiyyətlə, xeyli vaxt idi ki, bu təşkilatdan səs-soraq yox idi.  Avrasiya İqtisadi Birliyi və KTMT sayaq bic qurumlar kimi ara-sıra da olsa adını tutan  olmurdu. Bəzi ekspertlər bu görüşün əsas məqsədinin elə məhz MDB-nin mövcudluğunu  xatırlatmaqdan ibarət olduğunu söyləsələr də inandırıcı görünmür. Belə bir niyyətin gerçəkləşdirilməsi üçün heç olmasa, ona zahirən sanballı təsir bağışlayan bir gündəlik düzüb-qoşmaq olardı.

 

Hərçənd, xeyli müddət idi ki,görüşdə ciddi məsələlərin müzakirə olunacağıyla bağlı çoxsaylı proqnozlar səslənirdi. Azərbaycan, Rusiya, xüsusilə Ermənistan mətbuatında tirajlanan həmin proqnozlara görə sammit çərçivəsində prezident Əliyevlə, baş nazir Nikol Paşinyan arasında Putinin iştirakıyla və təkbətək, eləcə də baş nazir müavinləri Overçuk, Mustafayev və Qriqoryanın da qatıldığı geniş tərkibli görüşlər olacaq.

 

Təbii ki, bu görüşlərin baş tutması hətta onların necə yekunlaşmağından asılı olmayaraq təkcə sammitin yox, ümumiyyətlə, MDB-nin bir qurum kimi nüfuzunu artırar, real və konkret nəticələrlə bitməsisə onun triumfu olardı.

 

Hər halda mətbuatın proqnozlarını da qəribçiliyə salmaq olmaz. Çünki “yaddan çıxmış MDB” sammitinin daha çox Azərbaycan-Ermənistan arasında keçiriləcək görüşlər üçün bir bəhanə olaraq çağrıldığını tək mətbuata sız(dırıl)an informasiyaların intensivliyi yox, həm də “qəfil əsən qara yellər” nəticəsində onun rəsmən gündəliksiz “qalması” faktı təsdiq edir.

 

Bu “qara yellər” Ermənistan cəmiyyətində baş alan yeni siyasi qalmaqallar və çaxnaşmalardan qopdu. Düzdü, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra həmin cəmiyyətin qalmaqalsız bir günü olmayıb. Ancaq hoqqabazlıq və ya qalmaqal olduğu hələlik müəmmalı qalan bu dəfəki çaxnaşmanın özəlliyi onun ənənəvi siyasi rəqiblərin artıq yorucu və yeknəsək mərhələyə qədəm qoymuş qarşıdurmalarından, söyüş və təhqirlərindən yox, iki yaxın silahdaşın bir-biriylə “atışması”ndan qaynaqlanır.

 

Məlumdur ki, ehtimal olunan Sankt-Peterburq görüşünə sayılı günlər qalmış baş nazir Paşinyan onlayn mətbuat konfransında Qarabağ münaqişəsinin nizamlanması prosesinin tarixiylə bağlı bəzi həqiqətləri açıqladı, öz siyasi rəqiblərininin günahı ucbatından Ermənistanın artıq çıxılması mümkün olmayan dərin quyunun dibinə düşdüyünü bəyan elədi. Açıq şəkildə söylədi ki, Dağlıq Qarabağ münaqişənin 30 illik dövrü ərzində yalnız ermənilərə məxsus qurum kimi tanınmayıb. Daha sonra öz sələfi Serj-Sərkisyanı hədəfə alan baş nazir bildirib ki, 2016-cı ildə keçirilmiş danışıqlar prosesində əsl “dəhşət” yaşanıb. “Həmsədrlərin təqdim etdikləri üç dənə təkliflər paketinin heç birində Dağlıq Qarabağa aralıq statusu verilməsi məsələsi öz əksini tapmayıb - deyə o sözünə davam edib -  2011-ci ildən sonra ilk dəfəydi ki, belə vəziyyət yaranmışdı. Həmin təkliflər paketində göstərilirdi ki, aralıq statusunun dəqiqləşdirilməsi məsələsi BMT Təhlükəsizlik Şurasına səlahiyyətinə verilir.  BMT TŞ-nın bu məsələdəki mövqeyisə çoxdan bəllidi. Qurumun hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı tanınır, Dağlıq Qarabağsa Azərbaycanın Dağlıq Qarabağ Vilayəti adlanır”.

 

Paşinyanın bu açıqlamasından sonra həm Ermənistanda, həm də Qarabağın hələ ki, ermənilərin əlində qalmış parçasında əsl mərəkə qopdu, özünü uydurma ququmun uydurma prezidenti adlandıran A. Arutunyanınsa Paşinyanı hədəfə alan isterik bəyanatı əsl şok effekti yaratdı. Bu cür güclü effekt “prezident”in erməni siyasətindəki xüsusi çəkisindən və ya mühüm söz sahibi olmasından qaynaqlanmırdı. İnsanları təəccübləndirən onun öz ağasının üzünə ağ olmaq cəsarətində bulunmasıydı.

 

Məsələ burasındadı ki, Arutunyanı həmin posta Paşinyan qoymuşdu, daha doğrusu, yarı xoş, yarı zor soxuşdurmuşdu. Bəs onda  bu nə din, bu nə məzhəb?! Axı, manqal inqilabının Qarabağ klanıyla az qala qan davası səviyyəsinə çatmış bir cəngə qalxan başçısının onu “prezident” kürsüsündə oturtmaqda yeganə məqsədi belə fors-major vəziyyətlərə hesablanmışdı. Çünki son 30 ildə Ermənistanın siyasi nəbzinin məhz Dağlıq Qarabağla vurduğu, Yerevandakı bütün proseslərin Xankəndindəki vəziyyətin əks-sədasından başqa bir şey olmadığı heç kimə sirr deyildi.

 

Arutunyan öz patronunu, necə deyərlər, ağ yuyub qara sərdi. Təbii ki, məsələ onun nə dediyində yox, necə dediyindəydi. Qondarma prezident “Arsax xalqı və hakimiyyəti” heç vaxt Azərbaycanın tərkibində olmayacaq, “Bizim başlıca hədəfimiz “Arsax Respublikası”nın müstəqilliyidir, “Arsax xalqı və hökuməti” heç vaxt Azərbaycanın tərkibində hər hansı status almayacaq” və s. Nəzərə alsaq ki, bu sözlər məhz Paşinyanın mətbuat konfransında deyilən fikirlərinə qarşı yönəlib, onda Ermənistan baş nazirinin bir qismini yuxarıda sitat gətirdiyimiz həmin sözlərinin sətiraltı mənalarını qymətləndirməmək mümkün deyil. Adam Dağlıq Qarabağın Azərbaycanın olduğunu az qala, açıq-aşkar etiraf edir. 

 

Nəhayət, maraqlı məqamlardan biri Araikin rus qoşunları haqqındakı fikirləridi. “Prezident” deyir ki, Rusiya sülhməramlı qüvvələri konfliktin tam və ədalətli şəkildə nizamlanmasına və təhlükəsizliklə bağlı əlavə beynəlxalq zəmanət verilməsinə kimi daimi və müddətsiz olaraq“Arsax”da qalmalıdır.

 

Xatırladaq ki, rus sülhməramlılarının orda qalması qondarma rejimin qondarma başçısının arzu və istəklərinə müğayir olaraq yox, 10 noyabr 2020-ci il bəyanatının müddəalarıyla tənzimlənir. Həmin müddəalarda göstərilir ki, sülhməramlılar burda 5 illik yerləşdirilir və bu müddət tamam olandan sonra onların mandatı hər iki tərəfin razılığıyla daha 5 il və s. uzadılır. Hər iki tərəf deyiləndə isə Azərbaycanla Ermənistan nəzərdə tutulur. Bu məsələdə nə Arutunyanın sözü keçərlidi, nə də rəhbərlik elədiyi bic dövlətin adı hansısa bir it dəftərində-zadda var.

 

Təbii ki, əldəqayırma prezidentin özü bu gerçəklikləri hamıdan yaxşı bilir. Odur ki, onun hazırkı manevrləri, yəni sülhməramlılara aşırı yaltaqlığı təkcə Dəmir yumruğun qorxusuyla yox, həm də bir-birinə zidd iki müxtəlif səbəblə bağlı ola bilər. Birinci səbəb öz şəxsi taleyi ilə bağlıdı. Yəni,  Paşinyanın artıq vurulmuş kart olduğunun fərqəndədi və onunla nəinki məsafə saxlamaq, hətta keçmiş patrona asi çıxmağın zamanı yetişib. Hazırda bölgədə rus qoşunlarından etibarlı bir qüvvə olmadığı üçün onun çətiri altına kemək ən düzgün seçimdir. Üstəlik, Kremlin, deməli, həm də rus kontingeti rəhbərliyinin Paşinyandan zəndi-zəhləsi getdiyi üçün ona asi çıxmış birisinin həmin düşərgədə isti qarşılanacağına əmindir. Bir sözlə, yaranmış situasiyada sağ qalıb siyasi mövcudluğu qorumağın yeganə yolu budur.

 

İkinci səbəbsə onun baş nazirlə eyni oyunun içində olmasıyla bağlıdı. Ola bilsin ki, Paşinyan Sankt-Peterburq görüşünün keçirilməsində maraqlı deyilmiş və sensasiyalarla dolu bu cür açıqlamalarda məqsəd həmin görüşün gündəliyini pozmaqdan imiş. Yəni, baş nazir Dağlıq Qarabağ icmasını qabağa verməlkə özünü bir növ sığortalamaq istəyir. Təxminən belə: mən razıyam, bağlı qapılar arxasında əldə edilən razılaşmalara sadiqəm, amma neyləyək ki, xalq bunu istəmir”.

 

Paşinyanın Rusiyanın vasitəçiliy ilə keçirilən görüşlərdən heç də məmnun olmadığı bütün əvvəlki təmaslar vaxtı sərgilədiyi davranışlardan çox aydın sezilirdi. Soçi və Brüssel görüşləri qısa zaman fərqiylə baş tutduğundan bu ovqat özünü daha aydın biruzə verdi. Hər iki platformada keçirilən görüşlərdə çox sərbəst və güvənli təsir bağışlayan Azərbaycan prezidenti İlham Əliyevdən fərqli olaraq o, Rusyadakı görüşlər zamanı həddindən artıq kompleksli davranışlarıyla diqqət çəkirdi. Odur ki, baş nazir özünün əl buyruqçusu olan Arutunyanın razılaşdırılmış demarşından istifadə edərək, sadəcə, Sankt-Peterburq görüşündən yayınmaq istəyib və təəssüf ki, buna ustalıqla nail olub.

 

İki həftə bundan əvvəl Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Avropa Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş görüşdə Paşinyan özünü nə qədər sərbəst aparsa da, ümidləri doğrulmadığına görə ordan çox da məmnun qayıtmadı. Həmin görüş rəsmi Bakı üçün prezident Putinin vasitəçiliyi ilə keçirilən görüşlərdən daha effektli təsir bağışladı və Paşinyanın bir çox ümidlərinin üstündən xətt çəkdi. Brüsseldə ermənilərin çox ümid etdikləri “status” kəlməsinin heç adı belə çəkilmədi, hər fürsətdə əngəlləməyə çalışdıqları delimitasiya və demarkasiyanın vacibliyi vurğulandı, kommunikasiyaların açılması əsas şərt kimi irəli sürüldü. Hətta Naxçıvana avtomobil yolunun açılmasına da Brüssel danışıqlarında nail olundu. Bir sözlə, qarşı tərəfin gözləntilərinə rəğmən Azərbaycanda narahatçılıq doğurası bir gündəlik olmadı.

 

Putinin ilin sonunda çoxdan unudulmuş MDB-nin sammitini keçirməkdə əsas məqsədi çox güman ki, məhz Azərbaycan-Ermənistan münasibətləri müstəvisində yeni gəlişmələrə nail olmaq və Brüssel görüşünün yaratdığı effekti arxa plana keçirməkdən ibarət idi. Ancaq öz satelliti onun niyyətini pozdu. Ta qədimdən bəri yazılmamış bir qayda var: itaətdən çıxan satellitlər həmişə metropoliyaların sərt qəzəbinə tuş gəlib və bunun bədəlini ödəyiblər. Təbii ki, bu dəyişməz qayda Rusiya-Ermənistan münasibətlərinə aid deyil. Burda ta binədən “valideyn-ərköyün övlad” düsturu işlək olub və hələ də olmaqda davam eləyir. Lap məşhur Azərbaycan mahnısındakı əttökən misrada olduğu kimi: səni sevəcəyəm, sən sevməsən də.

 

M. Cavadoğlu  

TƏQVİM / ARXİV