Sağ olsunlar süni intellektin vasitəsilə essedən-zaddan yazıb bizi "maarifləndirir", özlərini də savadlı, məlumatlı şəxs kimi təqdim edirlər.
Hərdən adam ümid edir ki, bəlkə, süni intellekt qayınana-gəlin mövzusunu çürüdüb zamanın zibil yeşiyinə ata…
Təbii intelligentlərimiz özlərini yaxşı aparmırlar, süniləşmiş intellektlə gül kimi ömür sürürük, gözümüzün qabağındaca təbiiləşir.
Bəziləri ilə söhbət edəndə “ey mənə bax, buraya süni intellektdən məsləhət alıb gəlməmişəm haa” deməyimiz gəlir.
Çox vaxt kitab oxumayanlara yuxarıdan-aşağı baxan kitaboxuyanların özləri də mədəni müzakirə apara bilmir, bir-birinə nələrisə qaxınc edir, atmaca atırlar. “Kim kimi daha çox pərt edəcək”, “kimin daha çox qüsuru üzə çıxacaq” yarışına dönən fikir mübadiləsi ilə heç nə qazanmaq mümkün deyil. Təhsilsizliyi pisləyənlərin debatı dava şəklində olanda təhsil almayanların saçyoldusundan heç nə ilə fərqlənmir.
Nitqində, mətnində bir cümlədən bir sitat gətirən adamlar yorucu olurlar. Bu həm də çox oxuduğunu bildirmək üçün edilir. Həmsöhbətinə, oxucusuna yuxarıdan-aşağı baxaraq oxuduğu kitabları sadalayan adam hiss etmir ki, əgər o, kitabdakılardan düzgün nəticə çıxarmış olsaydı təkəbbürlə "mən bilirəm, sən yox" iddiası sezdirən rəftara yol verməzdi.
Nəticəsiz mütaliə ədəbiyyat siyahısından başqa bir şey deyil.
Pulla resenziya yazıb, şəxsi münasibətə görə əsər tərifləyən ədəbiyyatşünaslar insanlarda Xalq şairlərinin, Xalq yazıçılarının bütün yazdıqlarının əsl ədəbi nümunə olduğu düşüncəsi formalaşdırıblar. Adamları titullu qələm sahiblərinin özlərinin və əsərlərinin haqqında müstəqil, tənqidi fikirlər səsləndirməyin düzgün olmadığı qənaətinə gətiriblər. Bir tanınmış şairin yüz şeirini sev, oxu, təriflə, diqqət çəkməzsən, elə ki, yüzbirinci şeirin zəif olduğunu dilə gətirdin, işin bitdi. Şair özü bir yana, həmin şairin ətrafındakılar səni didməyə, tükünü yelə verməyə hazır olurlar. Gərək bütün yaradıcılığına "bəh-bəh" deyəsən. Bir yazıçının bircə qəhrəmanının qüsurunu söyləsən, az qalır səni kitab oxumaq hüququndan məhrum eləsinlər. Ədəbi zövq anlayışını bu qədər məhdudlaşdırmaq mühafizəkarlıq və düşüncəsizlikdir.
Bir müsahibədə sual vermişdilər ki, sizcə, ədəbiyyatda kimlər qalacaq, cavabım qısa, konkret olmuşdu: kimi saxlasalar o.
Yanılmıram. Hər dövrdə hər şey sistemli şəkildə həyata keçirilib. Bu gün yetişdirilən, gələcəyin ədəbiyyatında yer almaları üçün "seçmə" yazıçıların təbliğatı gedir. İnkar edən tapılsa belə, razılaşmaq mümkün deyil. "Kruq" ədəbiyyatı çoxdan özünü göstərib və onun ağır fəsadları təkcə indi yaşanılmır, bu problemi gələcək nəsillərə də ötürürlər. Nə zamansa indi tərifənən yazıçı və şairləri də tənqid edən olanda öyünəcək ki, sən kimsən mənə qiymət verirsən, mənim yaradıcılığımı ədəbiyyatşünas filankəs dəyərləndirib. İnsanlar da onu əsl yazıçı, yaxud şair kimi tanıdığı üçün müdafiə edəcək, qeyrisini oxumayacaq, əsl yazıçı kimi qəbul etməyəcəklər. İllərlə reklam olunanları qoyub istedad axtarmağa kiminin vicdanı, kiminin də vaxtı və həvəsi yoxdur. İstedadlıların adları min imzanın içində öz-özünə seçilir. Reklamsız-filansız... İstedadsızları qabağa çəkib şərait yaratmaqla sənətKAR yox, sənətKAL yetişdirmək olar. Ruhdan salıb küncə qısnanılan istedadlıları nəsildən-nəslə ilahinin ədaləti ötürür.
Süni intellektinsə gələcəyə nə aparacağını hələki demək mümkün deyil.
İstedadını, savadını süni intellektin təbiiləşmədiyi illərdən əvvəl təsdiqləmişlər yazmağa rahatca davam etsinlər. Onların mətnlərindən ruh, sevgi, qayğı, yanğı, əzab, təəssübkeşlik duyulur. Quru cümlələrdən, nəfəssiz mətnlərdən heç kəs zövq ala bilməz.
Yeri gəlmişkən deyim, bəziləri süni intellektdən qabaq da özü yazmırdı.


Bakı -°C
