Onunla şəxsi tanışlığımın yaşı təqribən bir aydı...Amma sözlərinə yazılmış bəstələrə görə onu lap çoxdan tanıyıram..Bu bəstələri mənə tanıdan və sevdirən isə ürək və ruh doğmam dəyərli DOSTUM Zəka Vilayətoğludur. Mən dostumun nəğmə çələngində xüsusi yeri olan bu müəlliflə də elə Zəkanın və digər şair dostum İlqar Türkoğlunun vasitəsi ilə tanış oldum. Biz önəmli bir törəndə bir araya gəldik...
Həmin gün mənim yaddaşımda keçirilən mükafatlandırma ilə yanaşı, həm də yeni tanışımın mənə avtoqrafla bağışladığı kitabı ilə qaldı...Elə oradaca kitabı vərəqləyəndə diqqətimi unudulmaz şairə bacımız Fərqanə Mehdiyevanın imzası çəkdi. Belə ki, bağışlanmış kitabın redaktoru və ön sözünün müəllifi Fərqanə xanım idi. Təbii ki, Fərqanə xanımın yaradıcılığına yaxşı bələd olan oxucu kimi bu kitabı yazı masamın üstündə saxladım - məqsədim imkan düşən kimi kitabla həmsöhbət olmaq idi... Necə deyərlər həmin vaxt gəlib çatdı...Mən öncə Fərqanə xanımın " Ön sözünü " oxudum, sonra da kitabı...
Bu gün oxucularla Qəzənfər Bəxtiyarın "Bu ömür əriyən şamdı..." kitabı barədə oxucu fikirlərimi bölüşmək istəyirəm. Çox nəfs şəkildə çap olunmuş kitabın "Ön söz"-ündə şairə xanım Fərqanə Mehdiyeva yazır ki, " Qəzənfər müəllim bütün şeirlərini sazla deyir" Açığı elə ilk kökləndiyim də bu fikir oldu. Və şeirlərlə tanış olduqca mənim də özümdən xəbərsiz hardasa "Dilqəmi"-yə kökləndiyimi hiss etdim.
Nə qaldı ki "döz"-dən başqa?
Nə qaldı ki, "az"-dan başqa?
Nəyim var ki, SÖZdən başqa ?..
Məni SÖZdən xəbər alın.
və yaxud :
Ay Qəzənfər , gözəl yaşa,
Köks ötürmə xəzəl yaşa...
Min il yaşa, yüz il yaşa ,
Bu dünyada iz qoyasan.
Kitabın vərəqlərini çevirdikcə şeirlərin ümumu ahəngi, mövzu və yazı tərzi mənə bir silsiləni xatırlatdı. Sanki Qəzənfər Bəxtiyar başını ilham pərisinin dizi üstə qoyaraq onun pıçıltısını öz ürəyinə köçürür və sonra da onları misralara çevirir. Ona görə də misraların düzümü və daşıdığı məna adama, yəni oxucuya tanış gəlir...Bir anlıq bu misraların, bu şeirin sənin öz ürəyindən pərvazlandığını düşünürsən! Bu məqamda vurğulamaq istərdim ki, məncə Qəzənfər Bəxtiyarın şeirlərinin nəğmələr çevrilməsinin əsas səbəbi budur. Şeirlərin tanış üzü və məna yükü musiqinin yaranmasına rəvac verir. Təbii ki, bu mənim oxucu qənaətimdi.
Qəzənfər Bəxtiyarın şeirlərində biraşıq ustadlıq elementi də mənim diqqətimi çəkdi! Fərqanə xanımın yazdığı kimi, şair şeirlərini sazla dediyi üçün onların yazılışında da sazın təsiri danılmazdı. Bu mənada şeirlər ustad aşıqlardan gəlmə özünü təqdim, özünü ifadə etmə və bir də öyüd -nəsihət vermək, öz həyat təəccürbəni misralarda canlandırmaq sözün yaxşı mənasında diqqətçəkəndi.
Bu sevdamız qalan oldu,
Min arzumuz yalan oldu,
Qəzənfərə olan oldu,
Yoxluğuna dözəmmirəm.
və yaxud:
Qəzənfər, bu həyat maraqlı gözəl,
Bir şirin nemətdir, ondan kam alaq.
Təki ömür versin Yaradan bizə,
Mehriban yaşayaq, mehriban olaq!
Mən " Bu ömür əriyən şamdı..."kitabında şairin doğma Vətənimizə ,onun təbiət və corafiyasına, özünün doğulduğu bölgəyə böyük sevgi və vurğunluğunun da şahidi oldum. Bu həm bir övlad, həm də bir vətəndaş bağlılığıdır. Ona görə də şeir səmimi alınıb.Oxuyanda pafos yox, səmimi duyğular aurasına düşürsən Qəzənfər Bəxtiyar kəndinə, Şahbuza yazdığı şeirlərdə həm tərənnüm , həm də tanıtma istəyi açıq-aşkar görünür. Bu isə , qeyd etdiyim kimi, müəllifin yurd sevgisinin böyüklüyündən , bir də duyğularındakı səmimiyyətdən qaynaqlanır.
Qəzənfər Bəxtiyar öyünür sənlə,
Bu yanar ürəyi döyünür sənlə,
Harada olsa da, sevinir sənlə ,
Mənim doğma elim-obam, Şahbuzum.
Bir oxucu olaraq düşünürəm ki,həmsöhbət olduğum bu kitab ona üz tutanlara yalnız saz havaları üstə səmimi, həm də düşündürücü məqamlar bağışlayacaq. Elə bu ovqatla da müəllifə uğurlar diləyir, SÖZÜN TÜKƏNMƏSİN!- deyirəm.