adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Satdığı şarlara başını söykəyib yolun qırağında yatan uşaq… - Eminquey yazır

EMİNQUEY AKİF
358 | 2022-08-12 12:06

Taksi ilə evə qayıdıram.

"Ayna Sultanova"da körpünün altında, Xutora dönən hissəsində sürücü məni, "ora bax" - deyib, dümsüklədi.

Boylandım, təxminən 10-12 yaşlarında bir uşaq, dizinin üstündə nazik, uzun, əyri-üyrü şar topasına (bu şarları bilirsiniz, əyib min cür formaya salmaq olur) başını qoyub yuxuya gedib.

Bir anlıq əlim-ayağım qurudu, baxa-baxa qaldım.

Rəngbərəng dünyasında məktəbdən gəlib həyətdə uşaqlarla oynamaqdan yorulub çarpayısına halsız düşəsi bir uşaq düz bu döngədə, körpünün altındakı səkidə kirimişcə uyuyub, yorğunluğundan bircə dənə də olsun maşın səsinə, siqnalına oyanmır.

Necə qurudumsa, şəklini çəkməyə də əlim gəlmədi.

Mən bu uşağın yaşında dərs oxuyurdum, atam cibimə pul, anam çantama kotlet-çörək qoyurdu.

Nə edəsən? Necə edəsən?

Lal-dinməz yanından dönüb keçdik. İndi də bir yekə təəssüf hissi gəlib oturub içimdə, ürəyimə-ürəyimə döyür, dayanmır. Vallah, billah...

Adəmlə Həvvanın dərdiyi şey haqqında iki fərziyə var: biri almadır, biri buğda.

Şeytan bu cütlüyü ilan cildinə girərək azdırır, almanı dərib cənnətdən qovulurlar.

Dərdikləri şeyin alma olduğuna almanın içindən çıxan qurdu, yəni sürünən həşəratı, daha dəqiqi qurdun da bir növ ilana bənzədiyini nəzərə alsaq, inana bilərik.

Almaların ən yaxşısını içində qurd olanıdır deyirlər. Sanki o ilan cildinə girmiş şeytan bu dünyada da qurd cildinə girib.

Şeytan bu cütlüyü ilan cildinə girərək azdırır, buğdanı dərib cənnətdən qovulurlar.

Buğda isə çörəyin xammalıdır.

Bu fərziyə isə insanın dünya həyatına daha yaxındır. Biz çörəkdən ötrü nələr etmədik ki?

Çörəkdən ötrü dostlarını satan oldu, şəxsiyyətini satan oldu, həbsə düşən oldu, sınan oldu, sınanan oldu...

Hətta ilk atom bombasını Xirosimaya atan pilotun jurnalistlərin “ Uçuş vaxtı ağlınızdan nələr keçirdi?” sualına “Evdəki soyuducunun ödəyə bilmədiyim 175 dollarlıq kreditini düşünürəm deyib cavab verməsini də xatırlasaq.

Pul hər şey deyil, amma ailə hər şeydir...

Şeirimdə demişdim:

“Buğda oğrusuydu babamız Adəm,

Çörək olmasınmı imtahanımız?!”.

 

 

TƏQVİM / ARXİV