adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Ruhumuzun şükranlığı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
641 | 2022-05-31 16:49

Adilə Nəzərin «Şükür» şeirinin işığında

İnsan elə bir varlıqdır ki, onu psixoloji durumu, içərisində olduğu şərait daha yaxşı təqdim edir. Yəni, kefinin kök, damağının çağ olan vaxtlarında necə deyərlər, özü də göylərdə olur.Bu an isə  təkcə yerdəkilər yox, hətta Allah da yadından çıxır. Elə ki, kefinə soğan doğrandı, qayğılar çıxıb oturdu boynunda, dərd sallaşdı yaxasından, ağrılar şumladı ürəyini... bax, onda yerdəkilərdən də imdad diləyir, Allahdan da!..

Təbii ki, bu bütün insanlara birmənalı şamil ediləsi fikir deyil. Burda vurğuladığım kimi, zaman, şərait, ovqat, əhval-ruhiyyə, yaşam, bir də mənə görə ən vacibi Sevgi söz sahibdir. Məhz sevgi varlığa hakim olanda onda insanın hər kəsə, təbii ki, yerdəkilərə, həm də Allaha sonsuz ehtiyacı yaranır, ondan imdad diləyir, kömək umur...
Bəli, bu  bir  gerçəklikdir  ki, söz adamları,  daha çox duyğusal olurlar. Onların hissləri, duyğuları bəzən məntiqi də üstələyir, gerçəyi də, elə həyatın özünü də. Bu hisslər duyğusalların qəlbində dipdiri, canlı-qanlı olduğundan onların ətrafla təması da tamam fərqli olur və bir də görürsən ki, öz-özünə danışır, əl-qol hərəkəti edir. Doğrudur, bunu bəzilərimiz dəliliyə yozuruq. Amma mən yüzə-yüz onları başa düşürəm. Bilirəm ki, bu sevgi dəliliyidi. Bu ruhun, hisslərin, duyğuların insan varlığından ayrılıb həmin o ikinci hisəsinə, ikinci yarısına uz tutub getdiyi məqamdı... Məhz həmin məqamda şəxsən mən, bütünlüklə şükranlıq içərisində oluram. Və elə bu gün vərəqlədiyim kitabın həmin o şükranlıqla bağlı səhifəsinə gəlib çatanda, həmin o şeiri oxuyanda yanılmadığıma, mənimlə həmfikir olanların hər gün daha da artdığına bir daha şükür etdim. Gördüm ki, müəllif, necə deyərlər əlini ürəyinin üstünə qoyub və bir pıçıltı ilə deyib:   


Dağ dağçı gözləyir gözləri yorğun,
Göl sona gözləyir, ürəyi durğun.
Bir ümid boylanır hey oğrun-oğrun...
Ümidə şükür!

Yəqin ki, şeiri oxudunuz və siz də mənim kökləndiyim sarı simdə artıq gəzişməyə başlamısınız. Hiss edirsiniz ki, bu mənzərə elə-belə ötüb keçməyəcək, mütləq o duyğuların, o hisslərin ovqatını içində, ürəyində yaratmalısan. Özün də özünü o sevgiyə təslim etməlisən. Axı gözünün üstündən saçını götürüb gözünü gözünə güzgü  edib gözünü gözündə tapan mələk elə-belə naz satmır ki, sənə. O səni öz dünyasına səsləyir. Həmin dünyaya  getmək üçün sən də köklənməlisən. Bu yerdə daha doğrusu, bu məqamı  mən də gözümün önünə gətirirəm və pıçıldayıram:

Əlini göyə açmısan,
Yolun və duan haradı?
Mən bəndəyə acımırsan -
Namazın fikir yaradır –
Fikir edirəm ...

Bəli, qılınan namaz, edilən dualar Allahla təmasın bir variantıdır. Bu namazın da, bu duaların da canında, qanında səmimiyyət, sevgi, inam, inanc varsa, bu artıq könüllərin üst-üstə düşməyi, bir nöqtədə çırpıntılarını ifadə etməsidi. Üstəlik bu həm də o sevgiyə şükranlıqdı, amma həsrət yaşadan, sevginə etinasızlığı ilə səni daha da yandırıb alovlandıran, az qala Kərəm kimi tüstünü təpəmdən çıxaran  mələyin duası, namazı necə yozula bilər – yalnız fikir etməklə! Bu  qənaətdə olduğum an  hiss edirəm ki, həmkarım mənim gəldiyim qənaətdən bir az da irəli gedərək tamam başqa bir aspektdən öz münasibətini açıqlayır oxucuya. Lap bəlkə də özü-özünə deyir ki, bu şükür, təkcə ümidə deyil, həm də inancadı, güvəncədi və təbii ki, Sevgiyədi:

Bilirəm, dünyanın mənası nədir, -
Sevgidir – özündə Eşqi gizlədir...
Sevəndə kədər də təbəssüm edir...
Sevincə şükür!

Gördünüzmü, mən yanılmamışam. Yanılmamağımın da səbəbi ruhuma, könlümə hakim olan duyğulardı. Bununla paralel həm də yaşantılarım, müşahidələrim, düşüncələrim öz işini görür. Birmənalı şəkildə burda deyə bilərəm ki, yaşanan istənilən hiss, duyğu, həyatın bir anı,  mütləq mənada insanın ürəyində, düşüncəsində iz salır. O iz yuxulara da gedib çatır, xəyalları da öz aurasına alır. Ömürdəki izlər  isə   ayrılığın, həsrətin qarşısında dayanmaq qüdrətindi. Onu silmək bircə ölümə məxsus qabiliyyətdi. Tam çılpaqlığı ilə desəm, ölüm hər şeyi bir bəndə üçün, bir yaşam üçün silmək qüdərətinə malik olmaqla bərabər amma ətrafın yaddaşında yaşananların olsa-olsa üstünə bir ovuc toz səpə bilər - unutqanlıq tozunu. Bu toz isə yeri gəldikcə mehin, küləyin, yağışın, əllərin təması ilə yuyulub gedir bəzən. Onda mən də deyirəm ki:

Qəlbi və ruhu Allahda,
Saçın küləyə daradır...
Mənimsə, bilir Allah da –
Qəlbim qəmə  karxanadır –
Zirk edirəm ...

İstənilən məqamda etdiyimiz fikir və təsəlliyə gətirib caladığımız fikir də insanın niyyət və məramı ilə yanaşı, həm də özünə təsəllisidi. Necə deyərlər, çıxış yolu sayıla bilər bu fikir, bu zikr, bu şükranlıq. Belə olan halda özün öz duyğularınla rahat pıçıldaşır, rahat həmsöhbət olur və sonda sevginin bağışladığı ən munis duyğular belə ürəyini nanə yarpağı kimi əsdirir və əsən həmin ürək təkrar sevgiyə şükür edir:

Çiçək, açmaq üçün sevir çəməni,
Bulud, yağmaq üçün toplayır nəmi.
Mən Eşqə çatmaqçün sevirəm səni,
Sevgiyə şükür!

Həqiqətən çiçəyin də, buludun da, özünü qayalardan atan şəlalənin də, günəşə boylanan günəbaxanın da, hətta bir-birinə sarılan ilanın da içindəki ən böyük, ən güclü hiss Sevgidi. Burda yeri gəlmişkən xatırladım ki, sevgi insanı hər şeyə məcbur etmək gücündədir. Özüdə bu məcburiyyət bütün formalarda könüllüdü. Sadəcə biz danışanda, deyəndə, yazanda «məcbur» sözündən istifadə edirik və hamımız da birmənalı şəkildə qəbul etmişik ki, Məcnunun çöllərə düşməsi də könüllü olub. Sənanın dinini dəyişməsi də, Kərəmin alışıb-yanması da, Fərhadın  dağı   yarması da...hətta mənim bildiyim inanca görə, ilanın özünün güllənin üstünə atılması da... Bütün bunlar sevginin diktəsidi... sevginin inancıdı... sevginin gücüdü. Bu sevgiyə də yalnız ŞÜKÜR düşür. Və mən də elə şükür edə-edə içimin bütün görünməyən, yalnız Allaha bəlli olan mənzərəsini də yaşantımın və yaşadanın varlığına şükür kimi qəbul edirəm. Deyirəm ki:

Tamlanıb sənlə həyat da,
Məram da, seçim də özəl...
Əgər varamsa həyatda,
Səni sevdiyimçün gözəl –
Şükür edirəm!

Sizi deyə bilmərəm və sizin nə düşündüyünüzü də bu yerdə, bu anın içərisində ağlıma belə gətirmək istəmədən xatırladıram ki, mən şükür etməkdə israrlıyam və yanılmadığıma əminəm. Ona görə ki, söhbət onun və bir də onu mənimlə qarşılaşdıran Allahın iradəsindən gedir. Mövzu da, yazı da, onunla Allahın mənə birmənalı olaraq etdiyi hədiyyədən gedir. Mənim bu məntiqim, bu inancım istinad etdiyim şeirin sonluğunda bir daha özünü təsdiq edir:

Bu yol – qulun Şaha itaətidir,
İtaət Tanrının şəfaətidir.
Şükür hər canlının təbiətidir,
Şükürə şükür!

Bəli, bu yazını elə-belə, kiməsə xoş getmək, kiminsə könlünü ovutmaq üçün yox, içimdəki duyğuların üst-üstə düşdüyü bir şeirin havasına köklənəndən sonra yazdım. O hava mənə dedi ki, yanılmırsan, nə sevgində, nə də şükranlığında. Və onu da vurğuladı ki, mən də şükür edirəm. Mən də ona və sevgimə şükrümü unutmuram!
Belə olan halda kiminsə məni qınayacağına artıq narahat olmaq üçün nə ipucu görmürəm, nə də səbəb. Bircə görüb bildiyim, eləcə də yaşadığım təkrar da olsa, yenə həmin o sevgidir, yenə də O-dur!

P.S. Bu yazımda dəyərli şairəmiz Adilə Nəzərin «Şükür» şeiri ilə yol yoldaşlığı etdim. Mənə elə gəlir ki, söhbətimiz alındı, əgər alınmayıbsa, onda bəri başdan Adilə xanımdan üzr istəyirəm.
 

TƏQVİM / ARXİV