(hekayə)
Nazir, katibənin gətirdiyi məktubu oxuyub, gözlərini dikdi qarşıdakı kitab dolabına: “Mən niyə buradakı bəzi sözlərin mənasını anlaya bilmirəm, görəsən?!” Birdən “Ah!” eləyib, əlini alnına vurdu. – Yəqin ki, köməkçim bilməmiş olmaz. Şairdi, nahaq yerəmi dostumun xahişi ilə işə götürmüşəm onu?!”
Zəngi basdı. Bəstəboy bir cavan içəri girdi:
–Eşidirəm, mənim Nazirim?
–Yaxına gəl, şair! – məktubu uzatdı ona. – Gör burda yazılanlardan ağlına bir şey batır?
Köməkçi kağıza göz gəzdirib, sonra da başını qaldırıb Nazirə baxdı.
–Hamısını başa düşdün?
–Başa düşdüm, mənim Nazirim.
–Altından xət çəkdiyim sözlərin də mənasını anladın, hə?! Azərbaycan türkcəsindədi bunlar? Məsələn “mərhəmət”...
–Mənim Nazirim, “mərhəmət” ərəblərdən gəlmə sözdü. Nə az, nə çox, düz min dördyüz ildi dilimizdə özünə doğmalıq qazanıb. “Rəhm, acıma və insaf” deməkdi. Qısası, mərhəmət insanın ağır günlərində ona kömək eləmək anlamını verir.
–Yaşını hardan bilirsən, ay şair?!
–Mənim Nazirim, oxumuşam. İslam diniylə gəlib bu söz bizə.
–Bəs “ədalət”?
–“Ədalət” də ərəbcədi, o da arxaik sözdü...
–Arxaik nədi?
–Köhnəlmiş, dəbdən düşmüş, bir növ arxivə atılmış deməkdi.
Nazir gülümsədi:
–Deyirəm axı, niyə bu sözlər mənə tanış gəlməyir. Mənası nə oldu “ədalət”in?
–“Ədalət” haqq, düzlük, bərabərlik, hər şeyi öz yerinə qoymaq və insanlara eyni gözlə baxmaq deməkdi.
–Orda bir söz də var ey, ləy...
–“Ləyaqət”...
–Bəli, bəli.
– “Ləyaqət” də ərəbcədi. İnsanın özünə hörmət hiss̆ini, bacarıq və qabiliyyətini ifadə eləyir.
–Şair, çox ağır oldu, bir az xırdala.
–Mənim Nazirim, insanın özünə verdiyi qiymət və başqasından gördüyü hörmət “ləyaqət”in mənasıdı.
–Həəə... “mərhəmət”, “ədalət”, “ləyaqət”. Necə də bir-birinə yaraşır.
–Mənim Nazirim, burda bir sözün də altından xətt çəkmisiniz.
–O, nədi?
–“Təbəssüm”.
–Həəə... lap yadımdan çıxmışdı. O nə deməkdi, ay şair?
–Mənim Nazirim, bir var gülüş, bir də var təbəssüm. İcazə verin əyani şəkildə göztərim sizə.
–Buyur, buyur.
–Baxın, dodaqlarımı azca yana çəkirəm, üzümə işıq düşür. Deməli, təbəssüm edirəm.
–Şair, bunu nənəm də eləyər! Bir mənə bax – dişlərimi qabağa verirəm, dodaqlarım sağa-sola dartılır. Üzümə işıq düşür?
–Mənim Nazirim...
–Yox, düzünü deməyəcəksən mənə. Yaxşısı budur durum güzgüyə baxım. Belə... dodaqlarım dartılır. Bu da sifətim... Qəribədi. Niyə kölgə düşür üzümə, görəsən?!
–Mənim Nazirim, gərək siz daxilən təbəssüm edəsiniz ki, işığı da sifətinizə çıxsın. Bunu da vərdiş əsasında eləyə bilərsiniz.
–Əşi, nəyimə lazımdı təbəssüm?! Vəzifəmi əlimdən alacaqlar, nədi?!
–Düz sözə nə zaval, mənim Nazirim!
–Qəribədi, o boyda ali təhsil almışam, özüm də bu boyda vəzifə adamıyam, gəl ki, bu sözlərin mənasını dərk eləmirəm. Amma sən bülbül kimi ötürsən!
–Mənim Nazirim, bunlar ədəbiyyat sözüdü, şeir sözüdü. Siz isə şair deyilsiniz axı. Böyük bir nazirliyin başında dayanan... şəxsiyyətsiniz!
Nazir məmnun halda gülümsədi:
–Necə dolanırsan, ay şair?
–Mənim Nazirim, atalar deyən kimi – palaza bürün, elnən sürün!
–Mənə bir xahiş məktubu yaz, bir aylıq məvacibin qədər yar¬dım eləyim sənə.
Köməkçinin üzünə işıq düşdü:
–Allah sizdən razı olsun, mənim Nazirim!
–Şair, bu gündən Nazirliyə gələn məktublara baxmağı sənə tapşırıram. Hansında bu arxaik sözlərdən birini görsən, təpəsi üstdə geri qaytarırsan! Süni zəka dövrüdü indi. Arxaik sözlər nəyimizə lazımdı bizim?! Qoy adamlar mərhəmət, ədalət, ləyaqət sözləriylə başağrısı verməsinlər bizə!
28-29.07.2026


Bakı -°C
