adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Özgə havasına oynayan qollar... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1333 | 2023-11-30 10:20

Ürəyimdəkiləri kağıza köçürmək cəhdi

Illərin axarında əlimi günlük edib baxıram. Və  baxa-baxa da düşünürəm. Arxada qalan bu illər mənə, çevrəmə nələr verdi və məndən, çevrəmdən nələr aldı. Əslində həm də mənim özümlə etdiyim sorğu-sualdı. Bu sorğu-sualın  ikinci iştirakçısı da illər, yəni zamandı. Bax, bu zamanın məhəng daşı o qədər ağır, həm də dürüstdür ki, onu sallaşıb, çəkib nə əymək mümkündü, nə də nizamını pozmaq. Deməli, elə mizan-tərəzi anlayışı da heç təsadüfi deyilmiş. Onun da canında-qanında bax elə həmin o zaman daşının hökmü varıymış. Mən də həmin o hökmün qarşısında susmağa çalışıram. Çünki başqa bir addımı atmağa, müqavimət göstərməyə nə gücüm yoxdu, nə də o güc olsa belə axına qarşı üzmək divara baş vurmaqdı. Bunu bir az da çılpaqlasam, deyə bilərəm ki, lap iynə ucu boyda ağlı olan kəs də başını divara vurmaz. Təbii ki, dəlidən və intihar etmək istəyəndən başqa...

Hə, söhbət dəlilikdən düşmüşkən... Bununla bağlı mənim dünya görüşüm Məcnun sayaqdı. Ona görə də hərdən özümü lap Məcnundan da Məcnun sayıram. Şair demişkən, özümü yeni əsrin Məcnunu kimi hiss edirəm.

Və bu məcnunluğu da vurğulamaqda məqsədim odur ki, dəliliklə məcnunluğun kökündəki eyniliklə fərqliliyin barəsində  imkan olduqca birlikdə düşünək. Məncə düşünmək heç vaxt gec də deyil, ziyanlı da deyil.

Əksinə, düşündükcə, qarşında yeni çalarlar, yeni mənzərələr açılır. Həmin mənzərələrin də özünün ifadəsi, özünün təqdimatı adamın ruhunu da çəkir, ürəyini də çəkir. Bir də görürsən ki, nə qədər yeniliklə üz-üzəsən, baş-başasan. Və...

Bəli, bütün bu dediklərim təbii ki, zamanın içərisində əriyən ömrün özünün daxilində baş verir. Bunu bir sən bilirsən, bir Allahın bir də səni dəli edən, Məcnuna çevirən. Doğrudur, belə bir fikir var ki, iki adamın bildiyi heç vaxt sirr olmur. Ona görə də Allahın sənin və ikinci şəxsin bildiyi təbii ki, sirr donundan çıxıb sevgi donuna bələnir. Və yaxud da nifrətə bürünür.

Deməli, bütün bu prosesin başvermə proseduru, cərəyan etmə anları da zaman məsələsidi. Bu da yenə zamana, əriyən ömrə hopur. Yekun olaraq belə bir məntiq ortaya çıxır: baş vermişlər, olanlar və olacaqlar zamanla ömrü, yəni insanı gah paralelləşdirir, gah qarşı-qarşıya qoyur, gah da yollarını ayırır. 

Hə, mən də ömrün elə nöqtəsindəyəm ki, bu daha çox yol ayrıcını  keçməkdi. Kəsişən yollardan ayrılan yollara olan məsafə də həmin o illərin yaddaşındakı ömür payımdı. Adətən payın azlığı, çoxluğu önəmli olmur. Normal insan üçün adının anılması, qapısının döyülməsi, varlığının xatırlanması bütövlükdə diqqət göstərilməsi özü-özlüyündə artıq ən böyük paydı, ən böyük mükafatdı. Bu mükafat da anlayışlı olana kifayət edir. Ona görə də:

 

Sən bir ümid, bir güvən

Əllərindən tutmuşam...

Sənə sığınan andan -

Dünyanı unutmuşam...

 

Gözümün göz gəzməsi

Bəbəkdə közərməsi...

Dolaraq gözləməsi -

Deyir ki, buludmuşam!..

 

Ruhum odda, həm buzda

Odda  ərimir buz  da...

Kipriklərimi   duzda -

Isladıb qurutmuşam...

 

Haqdan halal olanı

Sevdim, qəlbə dolanı!..

Ömür adlı solanı -

Xərcləyib qurtarmışam...

 

*** 

Heç vaxt kiminsə haqqına göz qoymadım, müdaxilə etmədim, əl uzatmadım. Heç vaxt da Allahımı və Allahım qədər sevdiyimi yadımdan çıxarmamışam. Ona görə də gördüyüm sayğısızlıq, etinasızlıq, qarşılaşdığım haqsızlıq və ən vacibi diqqətsizlik mənə ən ağır yara, ən kəskin xəncər kimi sancılıb həmişə. Onun ağrısını sinirə bilməmişəm, həzm etməyi bacarmamışam. Nə qədər unutmaq istəsəm də, meymun kimi həmişə gözümün önündə olubdu. Və anlamışam ki, yaşadığım bu illərin, doğranan kəsilib üst-üstə yığılan bütün ağrılı hissəsi məhz mənim öz günahlarımdı, mənim hamı kimi ola bilməməyimdi. Təklənmək, təkliyə çəkilmək, özün, Allahın və sediyinlə birgə olmaq sən demə bu cəmiyyətin, bu zamanın yemi deyilmiş, ona uyğun gəlmirmiş. Uyğun gəlməyənlər də həmişə sıxılır və zaman ləpəsi onu sahilə qovur. Mənim üçün indi həmin o uzaq sahillər addım-addım yaxınlaşır. Bəlkə də ləpə-ləpə. Qoy bir az poetik olsun.  Bu yerdə mən o ləpələrin pıçıltısına qoşulmaq, o pıçıltının ruhuna uyğun olaraq mən də ruhumun səsinə qulaq asıram. Ruhum deyir ki:

 

Ruhum elə göynəyir

Elə bil dağ basılıb...

Isa kimi çarmıxdan -

Dipdiri sağ asılıb...

 

Gözlərim də qıyılır

Əhvalım da sıyılır...

Nəsə, nəsə duyulur -

Od üstdən yağ asılır...

 

Qəfil tutuldum,  doldum

Sən gəlib-gedən yoldum...

Bəylə bostançı oldum -

Çiynimdən tağ asılıb...

 

Ümid bitir içimdən

Allandım bu biçimdən...

Yatağımın küncündən -

Üç arşın ağ asılıb...

 

Bu şeir ruhun pıçıltısı idi. Onu necə  ifadə etdim, necə araya-ərsəyə gətirdim, heç xəbərim olmadı. Amma bir balaca nəfəsim genəldi. Ona görə ki, "üç arşın ağ" söhbəti həyat gerçəkliyidi. Doğrudur, o bəzən hamıya nəsib olmur. Amma bütün hallarda nəticə eynidi, istəyir zəlzələdən, istəyir vəlvələdən olsun...

... Yazının bu məqamında ovqatıma soğan doğrayan bir hal yaşadım. Onu yaddaşın bir küncünə atıram. Qoy qalsın orda... Həyatdı, onsuz da soğansız-sarımsaqsız da keçinmək olmur. Özü də indiki pandemiya şəratində. Axı bu virus söhbəti çıxanda marketlərdə sarımsağın, zəncəfilin qiyməti kəllə-çarxa qalxmışdı. Indi bir az özünə qayıdıb. Bu "özünəqayıdış" böyüklük demək deyil. Sadəcə, öz yerinə dönməkdi. Bu mənada düşünürəm ki, mənim kimi düşünənlərin özündən çıxıb getməsi yoxdur, biz elə öz yerimzidəyik. Öz yerində olanlar da özünü sevdiyindən artıq Allahını sevir. Çünki onun yerində qayim-qədim edən elə Allahıdır!.. 

Və bir də unutmaq lazım deyil ki, hər şeyin başlanğıcı, sonu olduğu kimi, qaranlığın da aydınlığı, gecənin də səhəri var. Çalışıb hər ikisinin havasına öz havanı qata biləsən. Öz simində, öz sazında çalasan havanı. Özgə havasına oynayanın qollarının göydə qaldığını o qədər görmüşəm ki.

 

TƏQVİM / ARXİV