adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

On doqquz il yaşadı

RÜSTƏM HACIYEV
102013 | 2015-01-09 01:27


Sənan Əkbər oğlu Rüstəmov 1973-cü il yanvar ayının 11-də Ağdam şəhərində dünyaya göz açmış, burada böyüyüb ərsəyə çatmışdır. Şəhər 2 saylı məktəbdə oxuduğu dövrdə o, idmana böyük maraq göstərmiş və əsl idmançı kimi yetişmişdir. O, dəfələrlə respublika çempionatında doğma Ağdamın adını qaliblər kürsüsünə qaldırmış, yarışlarda uğurlar qazanmışdı.
Sənan həm də musiqiyə böyük həvəs göstərmişdi. Onun qarmonda ifa etdiyi xalq mahnıları, bəstəkar əsərlərini dinlədikcə bu gənc oğlanın barmaqlarının yaratdığı möcüzələrə vurulmamaq olmurdu. Beləcə idmançı musiqili bir ömür yaşadı Sənan. Və bu şən, şaqraq həyat pozulanda onun 15 yaşı vardı.
1988-ci ildə Qarabağın başının üstünü qara buludlar alanda Sənan ağlına belə gətirməzdi ki, nə vaxtsa o, vətən uğrunda həlak olacaq, şəhidlik kimi uca bir zirvəyə yüksələcək.
Sənan cəmisi 19 il yaşadı. Amma bu on doqquz ilini böyük bir tarixi ömür yaşadı. Belə günlərin birində ermənilərin Gülablıya hücum etdiyindən xəbər tutdu. O dəqiqə hərbi hissəyə yollanıb kəndin müdafiəsinə gedən dostlarına qoşuldu.
Elə bu vaxt bizim vertolyotlardan biri düşmən tərəfindən vurulur. Paraşütlə atılan heyətin düşmən əlinə keçəcəyini görən Sənan bir neçə döyüşçü ilə onları xilas etmək üçün irəli atılır. Podpolkovnik azad edilir. Sənan ağır yaralanır. Və bu yaralar...g
Ağdamda Şəhidlər Xiyabanında bir məzar var. Bu məzarda 19 yaşlı bir gənc uyuyur - Sənan Əkbər oğlu Rüstəmov. Bu gün yaşasaydı Sənanın 41 yaşı tamam olacaqdı. Amma o, 19 yaşında əbədiyyətə qovuşdu. 22 ildir gedib onun məzarını ziyarət edə bilməsək də, Allah Əkbər müəllimə ömür versin, o məzarların hamısını ziyarət edək.


TƏQVİM / ARXİV