Nə görmüsüz bu kitabda?

14894 | 2017-12-06 11:12
Açığı, bunca gülməli məmləkətdə yaşadığımızı nəzərə alsaq, ətrafda baş verən hər cür ciddi və qeyri-ciddi hər şeyə gülməyimiz də normaldı. Amma elə şeylər var ki, ona gülmək üçün geniş müstəvidə düşük olmalısan.

Məsələn, mən yas yerlərinə gedəndə gülmək tutur, bir gülmək tutur ki, aş ilə qarası gəlməyənə qədər buraxmır. Bilmirəm, bu düşüklükdür ya yox, amma vəziyyət belədi. Həm hərdən gülməli mollalara da rast gəlirəm. O gün biri lətifə danışırdı. Camaatın içində yox haa çadırın arxasında.

-Bir gün bir adamı maşın vurub öldürür. Bunu aparırlar basdırmağa, birdən qəbrindən işıq gəlir. Hamı da elə bilir ki, cənnətlə müjdələnib. Qəbri açıb baxanda görürlər ki, maşının farası kişinin ağzında qalıb...

Sözüm bunda da yox. Əl-qərəz. Onu deyirdim axı, hər şeyə gülən adamlar.

Mənim mədə-bağırsaq sistemimdə problemlər var. Xəstəyəm. Özümdən asılı olmayaraq bəzən lazımsız yerlərdə qaz buraxıram. Neçə dəfə gülüş obyektinə çevrilmişəm. Bir dəfə də bu xəstəlik gələ məni tuta avtobus dayanacağında. Qardaşlar, bacılar, təsəvvür etməzsiniz necə qızardım, öldüm girdim karta pul yüklədiyimiz bankomatın içinə. Hamı da mənə baxıb qımışır. Xalaların əxlaqa zidd baxışları, dayıların dodaq altı söyüşləri, gözəl qızların gülməyini, oğlanların da məni döymək istəyini hiss edirəm.

Amma bir düşünək, burda gülməli nə var? İnsanıq da, olur. Onsuz müxtəlif cür xəstəliklər alıb canımızı. Evinə qazı normal gəlmir, buna susur, dillənə bilmir amma mənim 1 dəqiqəlik xoşagəlməz qazıma gülür. Ayıb olsun! Sizə də, mənə də!

Bir dəfəsində də yolda narkotik maddə qəbul edən birinin halı pisləşmişdi. İlk tibbi yardımı göstərmək istəyirdim. Göstərdim də. Amma ətrafda videoya çəkən kim, gülən kim, söyən kim.
Vəziyyət budur. Çox bambılı adamlarla blakadalara alınmışıq. Yolun ortasında arvadını döyən kişini videoya çəkib, gülən adamlar var. Bir insan niyə bu qədər bambılı olsun axı? Mən bir bu ömür qədər də yaşasam, bu qədər bədbəxt ola bilmərəm şəxsən.

Keçənlərdə əlimdə Umberto Ekonun "Postmodernizmin fəlsəfəsi" kitabı ilə tədbirə gedirdim. Yolda bir düşük tanışımı gördüm. Kitaba baxıb, qanmayıb qaytardı. Ardınca dediyi söz bəşəriyyəti məhvə sürükləyən məsələlərdən biri idi. Amma təəssüflər olsun ki, bu nadan, bədbəxt bəndə bunun fərqində deyil və türk qardaşlarımız demiş, qayet mutlu görünür. O qədər rahat, o qədər rahat ki, mən narahat oluram bundan.

"Ayə, nə görmüsüz e, bu kitabda? oxuyursuz ortada bir şey yox, işləyin, pul qazanın vallah" sözləri kökümdən sarsıtdı məni.

Belə də dedi, kitab haqqı. Başını yelləyib, şirin-şirin güldü. Daha neyləyim? razılaşıb yoluma davam elədim.

Demək olar ki, hər yerdə eyni vəziyyətdi diqqət yetirsək. Amma bir tərəfdən də düşünürəm ki, bunca mənasız həyatda nə ciddi olasan axı? Ciddi olanda nə olacaq? Gülmək özümüzə xeyirdi. Sırf çox yaşasın deyə, hər şeyə hırıldayan adamlar bir yana, amma gülmək xeyirlidi. Kiminsə üzündə gülüş yaratmaq isə daha gözəl. Mənim bəzi metodlarım var. Məsələn, avtobusda ağlayan uşağı üzümü gülməli vəziyyətlərə salaraq güldürə bilirəm, dil çıxardıram, bir dəfə qaldırıb qoymuşdum boynuma. O qədər rahatladırdı ki, məni, yazmaqla ifadə etmək çətin.

Ona görə birdə deyirəm, gülümsəyin! (hırıldamayın!)

TƏQVİM / ARXİV