adalet.az header logo
  • Bakı -°C

Muasir dövrdə Azərbaycanda keçiçilik, onların problemləri və inkişaf yolları

20749 | 2015-02-25 01:25
A- A+


Məlumdur ki, keçi ən qədim ev heyvanlarından biridir. O şərq ölkələrində, xüsusən Misirdə, Kiçik Asiyada, İranda və Qafqazda çox yayılmışdır. Ədəbiyyat məlumatlarına görə Avropa ölkələrində keçiçilik xüsusən İsveçrədə, Bolqarıstanda, Yunanıstanda, İspanyada, Danimarkada, Hollandiyada, İsveçdə, Almaniyada daha çox inkişaf etmişdir. İsveçrə və Belçikada südlük keçilər daha çox yayılmışdır. Burada elə südlük keçi cinsləri vardır ki, onların illik süd sağımı bəzi yerli primitiv qara mal cinslərinin sağımından xeyli çoxdur. Argentinada, Meksikada, Braziliyada, ABŞ-da ətlik-yunluq keçiçilik daha çox inkişaf etmiş və belə keçilərin südlük keyfiyyəti yüksək olmuşdur. Ankara keçiləri xüsusən Amerikada və Cənubi Afrikada daha çox inkişaf etmişdir. Ağ Alman keçiləri yüksək süd məhsuluna malik olduğu üçün onları avtomat sağın maşınları ilə və ya əl ilə sağırlar. Ana keçilərinin diri çəkisi 60-75 kq, erkəklərin diri çəkisi isə 70-100 kq qədər olur. Yunun rəngi ağ olmaqla yunun uzunluğu gödək olur. Laktasiya müdətində 700-1000 kq süd verməklə südünün yağlığı 3.2-3.5%, zülalın miqdarı 2.8-3.2% olmuşdur.
Qonur Alman keçiləri də yaxşı ət məhsuldarlığına malik olmaqla onlardan iki ildə 3 dəfə bala almaq mümkündür. Bu keçilər çox sakit temperamentə malikdirlər. Qonur Alman keçilərinin rəngləri ağ olmaqla döşləri və boynu genişdir. Əti olduqca zərifdir, ona görə də dietik ət məhsulu sayılır. Erkək keçilər ətliyə verilirsə, 30-35 kq diri çəkisi olanda onlar axtalanır. Alman qara ala keçisi nadir hallarda ekiz bala verir. Ana keçilərin diri çəkisi 55-70 kq, erkək keçilərin diri çəkisi isə 70-100 kq olur. Süd məhsuldarlığı 700-1000 kq olmaqla südündə yağlılıq 3.2-3.5%, zülalın miqdarı 2.8-3.2% olur.
Məlumdur ki, xalq təsərrüfatında keçiçilik əhəmiyyətli yer tutmaqla, Ankara keçisi, Kişmir keçisi, Don ətrafı keçisi, Meqrel keçisi və sairə kimi qiymətli keçi cinsləri mövcuddur. Odur ki, belə keçi cinslərinin geniş inkişaf etdirilməlisi böyük əhəmiyyət kəsb edir.
Akademik F.Məlikov hələ 1933-cü ildə Sovetlər dönəmində Yevlax rayonunun 28 aprel adına (hal-hazırda Aran) sovxozunda olduqca qiymətli keçi cinsi olan Ankara keçisi ocağı təşkil etmişdir. Həmin illərdə Ankara keçiləri ilə yerli keçilərin mələzləşdirilmə işləri aparılmışdır. 1935-ci ilin əvvəlində keçmiş SSRİ-də 3000 başdan artıq Ankara keçisi var idi. 1936-cı ildə Amerikadan 700 başa yaxın damazlıq keçi cinsləri gətirilmişdir. Onlardan 25 baş dişi və 15 baş erkək (təkə) keçi 28 aprel adına sovxoza verilmişdir.
Azərbaycanın Dağlıq Qarabağına, Qasım İsmayılov (hal-hazırda Goranboy rayonu), Xanlar (Göygöl), Tovuz, Şəmkir, Samux və başqa rayonların kolxozlarına yerli keçiləri Ankara keçiləri ilə mələzləşdirilmə işlərinə başlanmışdır. 1935-ci ildə Azərbaycan Respublikasının statistik məlumatına görə mələzlərin baş sayının 8%-i demək olar ki Ankara keçilərinin yununu verirdi.
1938-ci ildə 28 aprel adına sovxozda 900 başa yaxın Ankara keçisi və onların yerli mələzləri var idi. Bütün Respublikada isə Ankara keçilərinin Azərbaycan keçiləri ilə mələzləri 7 000 başa yaxın olmuşdur. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cinslər üzrə rayonlaşdırma planına görə Respublikada 26 rayonunda yerli keçilərin Ankara keçiləri ilə mələzləşdirilmə işləri nəzərdə tutulmuşdur.
Keçilər saxlanmanın sərt şəraitinə nisbətən asan dözürlər və yemə çox az tələbkar olaraq, ilin çox hissəsini cılız otlaqlarla kifayyətlənirlər.
Başqa heyvandarlıq sahələri kimi keçiçilik də mədəni əsaslar üzərində təşkil olunmalıdır. Bunun üçün keçiçilikdən ötəri möhkəm yem bazası yaradılmalı muasir tipli keçi ağıllarının inşa edilməsi və elmin son nailiyyətlərindən və baytarlıq sahəsindəki müvəffəqiyyətlərindən geniş istifadə olunmalıdır.
Qədim Ankara keçisi xırda, diri çəkisi və yun qırxımı az olan keçi cinsidir. Onun yunu qar kimi ağ, çox nazik və 100% tiftikdən ibarətdir. Sonralar, boy və çəkisini artırmaq məqsədi ilə o, kobud yunlu kürd keçisinin qanı ilə qarışdırılmışdır. Bu hibridləşdirmə keçisinin bədən ölçülərini və çəkisini artırmış, lakin yunun bir qədər kobudlaşmasına, xüsusən Ankara keçisinin yununda az faiz kemp əmələ gəlməsinə səbəb olmuşdur. Hal-hazırda İranda "Murğuz" adlı yunluq keçi cinsi vardır. Görünür ki, bu keçinin Ankara keçisi ilə yaxın qohumluğu vardır və ola bilsin ki, o Ankara keçisinin kürd keçisi ilə hibridləşdirmədən sonra əmələ gəlmiş Ankara keçisinin bir qoludur.
Avropada Ankara keçisinin haqqında ilk məlumatı Kiçik Asiya türklər tərəfindən zəbt olunduqdan sonra, daha doğrusu XIV əsrin ikinci yarısında əmələ gəlmişdir. Ankara keçisi çoxlu miqdarda Türkiyədə, Cənubi Afrikada, ABŞ-da, Avstraliyada, Fransada və keçmiş SSRİ-də yetişdirilmişdir.
Ankara keçilərinin vətəni Türkiyədə Ankara vilayyətidir. Bu vilayyət dəniz səviyyəsindən 1100 m-ə qədər yüksələn, quru klimata malik olan dağlıq ərazidir. Ədəbiyyatda göstərilən məlumata görə 1840-cı ilə qədər Türkiyə bütün dünyada "Moxerin" yeganə monopolisti idi və onu çoxlu miqdarda İngiltərəyə və başqa ölkələrə aparırdılar. Lakin sonralar Ankara keçilərini Türkiyədən ABŞ-a, Cənubi Afrikaya, Avstraliyaya aparmağa başladılar. Burada keçiləri inadlı sürətdə iqlimə uyğunlaşdırmağa və yerli keçilərlə hibridləşdirməyə çalışmışlar.
1856-cı ildə Ankara keçilərini Cənubi Afrikaya aparmağın ikinci təşəbbüsü müvəffəqiyyətli olmuş və Ankara keçilərini yerli keçilələ kütləvi sürətdə hibridləşdirmə yoli ilə onların baş sayını 4 miliyona qədər artırmaq mümkün olmuşdur. Avstraliyaya və İngiltərəyə Ankara keçiləri ilk dəfə 1856-cı ildə gətirilmişdir.
İngiltərədə Ankara keçilərinin iqlimə uyğunlaşdırılması müsbət nəticə verməmişdir, çünki Ankara keçiləri rütubətli iqlimə davam gətirmirlər.
Qafqaz üçün Ankara keçilərinin 6 başdan ibarət birinci qruppası XIX əsrin birinci yarısının axırlarında Qaraçay, Ləzgi və Zaqafqaziya cinslərindən olan yerli keçilər sürüsünə buraxılmışdır. Tbilisi yaxılığında olan damazlıq keçi sürüləri saxlanan bu sürüdən damazlıq heyvanları, yetişdirmək üçün xüsusi şəxslərə paylayırdılar. 1960-cı illərin ikinci yarısında yenidən damazlıq Ankara keçiləri Tbilisiyə gətirildi.
Ankara keçilərini yetişdirməyin ilk təşəbbüsləri yerli keçi cinslərinə heç bir müsbət təsir göstərmədi.
1938-ci ilin əvvəlində ölkəmizdə keçilərin baş sayı 9 miliyondan artıq olmuşdur.
Kənd təsərrüfatı heyvanı olmaqla keçinin təsərrüfatda faydası çoxdur: keçi südü qara malın südünə nisbətən asan həzm olur. Keçi südündə bərk maddələr, yağ, süd şəkəri və kül çoxdur.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, keçi südündə bəzən 6%-ə qədər yağ olur.
Həqiqətdə isə ədəbiyyatlarda olan məlumata görə keçi südündə orta hesabla 4%-ə yaxın yağ vardır. Lakin keçi südünün başqa heyvanların südünə nisbətən üstünlüyü şübhəsiszdir. Qadın südü kimi keçi südü mədədə asan mənimsənilən xırda yağ topaları şəkilində kəsmikləşir. İnək südündə yağ kürəcikləri daha xırda (yavaş durulur və mədədə asan həzm olunur) və kalsium miqdarının daha çox olması ilə seçilir. Buna görə də o, xüsusən raxit xəstəliyi olanlar üçün, daha faydalıdır. Bundan başqa keçilər vərəm xəstəliyinə az tutulurlar. Ona görə də onların südünü, inək südünə nisbətən qorxmadan, çiy halda istifadə etmək olar. Keçi südünü həkimlər, anası xəstə olan və ya anasının südü çatmayan südəmər uşaqlara içirtmək üçün, həmçinin qan azlığı və mədə katarı olanlar üçün tövsiyyə edirlər.
Keçi südü sağlam və xüsusən xəstə adamlar üçün də həyatın bütün yaşlarında faydalı hesab olunur. Çünki keçi südü qidalı, asan həzm olunan və orqanizmin həyat fəaliyyətini oyadan məhsuldur. Keçi südündən, inək südündən alinması mümkün olan eyni məhsullar (yağ, pendir, qatıq, kefir və.s) alınır. Bəzi insanlar keçi iy verdiyinə görə, keçi südünə lazımı qiymət vermirlər. Lakin keçiləri gigiyenik sürətdə və xüsusən təkələrdən ayrı saxlanıldıqda, süddə heç bir iy qoxusu olmur. Südlülük cəhətdən keçilər qoyun cinslərindən üstün olur, südlü cinsləri isə primitiv qara mal cinslərindən geri qalmır. Azərbaycan keçiləri laktasiya dövrü ərzində 40-dan 140 litrə qədər süd verir. Lakin, orta hesabla sağilmasının birinci ilində 650 litr ikinci ilində 700 litr və üçüncü ilində 800-900 litr süd verirlər. Belə cinslərdən biri də Zaanen keçisi kimi mədəni keçi cinsidir.
Keçi əti qoyun ətinə oxşayır, lakin dad cəhətdən ondan bir qədər geri qalır. Respublikamızda keçi əti də qoyun əti kimi geniş sürətdə işlədilir. Bundan başqa keçi piyi yeyintidə işlədilməsə də təbabətdə tərlədici dərman kimi geniş istifadə olunur.
Keçi yunu toxuma (parça), xalça, keçə, çuval, xurcun, kəndir (sicim) və s hazırlanamağa sərf olunur. Tiftiyindən isti şallar, baş örtükləri, beretka, corab, əlcək, məxmər, fetr şlyapaları hazırlanır. Eyni zamanda təyarrəçilər və paraşütçülər üçün xüsusi paltarlar hazırlanmağa sərf olunur. Ankara, Kişmir keçilərinin yunu və Don ətrafı keçilərinin tiftiyi toxuculuq sənayesi üçün qiymətli xammaldır. Xüsusən Ankara keçilərinin "Moxer" adlanan yunu çox məşhurdur. (Moxer sözü ərəbcə olmaqla Azərbaycanca məxmər deməkdir). Ankara keçilərinin yunu uzun, qar kimi ağ, ipək kimi, nazik, möhkəm, elastiki və gərilə bilən çox parıltılıdır.
Keçi dərilərindən papaq hazırlamaq üçün geniş istifadə olunur.
Prof.Kaluginin İ. verdiyi məlumata görə Azərbaycana Ankara keçiləri ilk dəfə 1910-1912-ci illərdə Qars vilayətindən gətirilmişdir.
Azərbaycandakı Ankara keçilərinin bədəni Türkiyədəki Ankara keçisinin normal boyuna və bədən ölçlərinə uyğundur. Azərbaycanın Ankara keçilərinin diri çəkisi Amerikanın istifadəlik Ankara keçilərinin sürüsündən geri qalmır.
Təcrübələr zamanı yerli Ankara keçisinin südünün yağlılığı 4.55%, süd məhsuldarlığı 107.7 litr, Texas Ankara keçisinin südünün yağlılığı 3.88%, süd məhsuldarlığı 82.8 litr, mələz Ankara keçisinin süd məhsulunun yağlılığı 3.77%, süd məhsuldarlığı 126 litr olmuşdur.
Azərbaycan keçiləri 1925-27-ci illərdə prof. Kalugin İ. tərəfindən geniş şəkildə öyrənilmişdir. Azərbaycanın yerli keçisi kobud yunlu az məhsuldardır. Eksteryer əlamətlərinə görə bu keçilərin bir çox nöqsanları vardır (onların döşü, arxası və beli ensizdir).
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Dağlıq Qarabağ və Naxçıvan keçiləri Azərbaycan keçilərinin ümumi çəkisindən bir qədər seçilir. Məsələn Dağlıq Qarabağın keçiləri daha iridir, Naxçıvan keçiləri isə daha südlüdür. Yaşlı keçilərin diri çəkiləri 16-32 kq, Laçın Kəlbəcər keçilərinin diri çəkiləri 34 kq, Cəbrayıl rayonunda olan keçilərin diri çəkiləri isə 50 kq çatır. Süd məhsuldarlığına gəldikdə isə Cəbrayıl ərazisində yetişdirilən keçilərin süd məhsuldarlığı 40-60 l, Lənkaranda 140 l, Dağlıq Qarabağda 86 l, Naxçıvanda 140 l olmuşdur. Süddə yağın faizi 2.4-dən 7.8-ə qədər dəyişilir. Yun qırxımı 0.4-0.86 kq-dır. Bəzən 1 kq qədər çatır. İldə 1 dəfə qırxılır. Əkiz bala vermə 15-30, 3% olur.
Yerli keçilərin yunu kobud qara, sarımtıl, ağ, və həmçini çallanmış tükləri olan kürən rəngdə olur.
Araşdırılmalar nəticəsində məlum olmuşdur ki, Ankara keçisi yunluq istiqmətdə keçiləri yaxşılaıdırmaq üçün ən yaxşı obyektdir. Mələzləşdirildikdə o öz cisinin əsas əlamətlərini, xüsusən yunluq keyfiyyətlərini, davamlı sürətdə nəsilə keçirir. Beləliklə, məlum olmuşdur ki, Ankara keçiləri və Azərbaycan keçilərinin hibridləri doğulduğu zamandakı diri çəkiləri Ankara keçilərinin diri çəkisindən yalnız geri qalmamaq deyil, hətta əksinə, həm orta diri çəki cəhətdən, həm də maksimum çəki cəhətdən ondan üstün olur.
Yetişdirmə metodlarının düzgün olmaması, seçmə, çıxdaş etmə, bonitirovka, irsi amillərin hesbatının olmamsı, yerli keçilərlə qismən cütləşib qan qarışması sürünün bir qədər cırlaşmasına səbəb olmuşdur.
Damazlıq sürüləri ləğv edildikdən sonra Ankara keçiləri sürüsü Qarayerdən (Samuxdan) Yevlax rayonun 28 aprel adına sovxozuna verildi.
Kənd təsərrüfatı heyvanlarını cinslərə görə rayonllaşdırma planına əsasən Ankara keçisi Azərbaycanın aran və dağətəyi zonalarında kobud yunlu keçilərin plan üzrə yaxşılaşdırıcı cins kimi çoxaldıması nəzərdə tutmuşdur. Damazlıq ehtiyyat sürülərinin miqdarına əsasən birinci növbədə aşağıdakı rayonların kobud yunlu keçilərini yaxşılaşdırmağını məsləhət bilirəm: Ağdam, Bərdə, Tərtər, Fizuli, Cəbrayıl, Yevlax, Goranboy, Göygöl, Samux, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Dağlıq Qarabağ və Naxçıvan MR.
Beləliklə aşağıdakı nəticələrə əsasən belə məlum olur ki, müasir dövrdə Azərbaycan keçiləri haqqında məlumatlar hələ az öyrənilmişdir. Odur ki, keçilərin ən çox yayıldıqları rayonlarda yüksək məhsuldar və xüsusən çox süd verən keçiləri aşkara çıxarmaq, ən yaxşı keçi sürüləri yaratmaq, seleksiya damazlıq işləri və elmi-tədqiqat işləri üzərində yenidən elmi işlər aparmaq lazımdır.
Hal-hazırda Respublikada ayrı-ayrı regionlarda ekspedisiya işləri aparmaqla keçilərin baş sayını, məhsuldarlığını öyrənmək lazımdır. Sürünü yaxşılaşdırmaq və qanı təmizləmək məqsədi ilə xaricdən təmiz qanlı damazlıq Ankara keçiləri, ağ Alman keçiləri, qonur Alman keçiləri, qara-ala Alman keçi cinslərinin gətirilməsi daha məqsədə uyğun olardı. Yerli keçilərin Ankara keçiləri ilə mələzləşdirilməsini öyrənməyə dair yenidən geniş tədqiqat işləri aparmaq, onların südlülüyünü, ətliliyini öyrənmək lazımdır.
Bu yuxarıda qeyd edilən nəticələri nəzərə alaraq Yevlax rayonunun ərazisində damazlıq keçi cinslərinin sürülərini yaratmaq, onlara yeni keçi damlarının inşa edilməsi daha məqsədə uyğun olardı. Dövlət dəstəyi olmadan yuxarıda qeyd edilənləri həyata keçirmək mümkün deyildir.

TƏQVİM / ARXİV