
Mişelin cəmiyyətdəki ənənəvi qaydalara və stereotiplərə qarşı aqressiyası məni heyran edir. Elə yazıçılar var ki, onların müsahibələri, nitqləri, ən xırda jestləri əsərlərindən daha təsirlidir. Rus postmodernistlərindən Sorokin və Pelevin belələrindəndir. Uelbeki də onların sırasına əlavə etmək olar. Mişel jurnalistlərə hələm-hələm ip vermir, nadir hallarda müsahibələrinə rast gəlmək olar. Amma az qala hər müsahibəsi hadisədir, beyin çevrilişidir.
Uelbek Avropada yeni nəsilin yazıçısı hesab edilir. "Altmışıncılar"ı görən gözü yoxdur. "Bəsit hissəciklər" romanında bu, aydın hiss olunur. Romanda həmin nəsilə qarşı güclü sarkazm var. Mişel "altmışıncılar" haqqında deyir: "Onlar hətta nifrətə də layiq deyillər".
"Bəsit hissəciklər" romanının adını çəkdik. Onu Avropada 60-cı illərdə doğulan nəslin kitabı sayırlar. Bu romanı intellektual bestseller adlandırırlar, amma orada həm də real olmayan sevgidən danışılır. Uelbekin romanlarında əsas motivlərdən biri seksdir. Hətta Mişelin özünü "seksin Karl Marks"ı hesab edənlər də var. Belələrinə isə Uelbekin cavabı çox maraqlıdır: "Marks parlaq ağıla malik idi, məncə, onda fövqəltəbii və falş kimi şeylər həddən çox idi. Mən Marksı düşündürən məsələlərdən daha ümdə problemlərlə maraqlanıram. Buna görə də ondan bir baş yuxarıda dayanıram" "Platformalar" romanını fərsizlər və heç bir işə yaramayanlar üçün Seksin Bibliyası adlandırırlar. Onu Kamyünün "Yad" əsəri ilə də müqayisə edənlər tapılır. Uelbek isə düşünür ki, bu, əsərin ilk frazası - "Mənim atam ölüb"ə görədir. Axı hər iki əsər eyni fraza ilə başlayır.