adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Hamı - mifdir!

15810 | 2008-12-06 02:32
Çağdaş rus nəsrinin önəmli simalarından biri Viktor Pelevinin yeni kitabı hələ işıq üzü görməmiş qalmaqala səbəb oldu. Çünki vampirlərdən bəhs edən romanın qaralaması hansısa yolla internetə yerləşdirilmişdi və burada hər istifadəçi romanı oxumaq imkanı qazanmışdı. Viktor Pelevin öz yeni romanı haqda jurnalist Natalya Koçatkovaya müsahibə verib.
   
   - Siz bugünkü Moskvanın küçələrinə hər cür qara qüvvə buraxmışdınız. Vampirlər qəfildən haradan çıxdı?
   
   - Moskva küçələrinə qara qüvvələri mən buraxmamışam. Əgər bunu mən eləsəydim, mənə "Vətənə göstərdiyi xidmətlərə görə" orden, Barvixdə ev, mühafizəçi, şəxsi aşpaz və xüsusi təqaüd verərdilər. Mən, sadəcə, vampirlər haqda kitab yazmışam. Onlar məni çoxdan maraqlandırırdılar. İntuitiv olaraq başa düşürdüm ki, Rusiyada vampir təkcə vampir deyil. Nəsə daha güclü bir şeydir. Mən də nə qədər güclü olduqlarını müəyyən etməyə çalışdım.
   
   - Sizin vampirləriniz ədəbiyyat və əsatirlərdəki ənənəvi təsəvvürləri alt-üst edir. Onlar qaniçən, qorxunc məxluq deyillər, Yer üzündə Tanrıdan sonra ən ali qüvvədirlər. Onların fəaliyyəti daha çox süd təmayüllü heyvandarlıq təsərrüfatına oxşayır: adamları öldürmürlər, qanlarını sağırlar. Sizdə elə bir həvəs yaranmadı ki, bu qorxunc məxluqlarla bir Brem Stoker oyunu oynayasınız?
   
   - Məncə, vampirlər daha qorxuncdurlar. Axı, qorxulu şeylər fərqli ola bilər. Elə şeylər var ki, bizi uşaqlıqdan onlara öyrəşdiriblər və biz həmin şeylərin nə qədər qorxulu olduğunu hiss etmirik. Məncə, indi müasir şəhərdən daha qorxulu bir şey təsəvvür etmək mümkün deyil. Nədir şəhər? Şəhər elə bir yerdir ki, burada insanlar onlardan əvvəl çoxlu adamlar öldüyünə görə yaşayırlar. Bir də bu pul fabriki var. Və bu pul fabriki kimə işləyir? Daniil Andreyev mənnən razılaşardı ki, insanlara xidmət eləmir. İnsanlar onların həyatlarını idarə edən qüvvələri hətta qaranlıq şəkildə də anlaya bilmir. Onlar öz inkişaflarının mənasını başa düşmürlər. "İnkişaf" adlandırdıqları şey insanı azadlıqda yaşayan heyvanın belə, səviyyəsindən aşağı endirib. Bu gün rahat həyat sürən milyonçu əsl heyvan kimi yaşayır - ekoloji cəhətdən təmiz qida qəbul edir, şərtləri orqanizm üçün ən uyğun gələn iqlimdə yaşayır, çoxlu hərəkət edir və heç nədən həyəcanlanmır. Sadə insan isə bütün ömrü boyu beton qarışqa yuvasında çürüyür, ömrü boyu bu beton qarışqa yuvasının pulunu ödəyir və ömrü boyu işləməkdən dili bir qarış çöldə qalır. Onun bacardığı bircə şey var ki, bu həyatı öz uşağına ötürsün. Şəhər - bir-birindən törəmiş belə hadisələrdən ibarətdir. O gün ki, belə həyat tərzinin mənasızlğının gətirdiyi ağırlıq ölüm qorxusuna qalib gəlir, onda müharibələr başlayır. Ölüm qorxusu qalib gələndə, sülh başlayır. Bax, budur bizim günümüz, biz bu yelləncəkdə, daha doğrusu, bu tərəzidə yaşayırıq. "Brem Stokerin Drakulası"na isə biz bu həyatda dincəlmək və başımızı qarışdırmaq üçün baxırıq.
   
   - Qan əvəzinə "qırmızı maye" və başqa evfemizmlər - bunlar siyasi nəzakətə parodiyadır. Siz necə bilirsiniz, siyasi nəzakət və ondan doğan linqvistik oyunlar nə vaxt yerinə düşür və nə vaxt gülünc görünür?
   
   - Belə fikirləşirəm ki, siyasi nəzakət insan ləyaqətini saxlamağa imkan verəndə yerinə düşür. Amma bundan fetiş və ya milli kult düzəldəndə gülməli görünür. Müxtəlif millətlərin yaşadığı cəmiyyətdə minimum səviyyədə siyasi nəzakət kimi klişelər lazımdır. Amerikalılar axı praqmatik adamlardır. Onlar siyasi nəzakət tətbiq edirlər, çünki siyasi nəzakət hisslər arasında formal bir körpü salır. Zənciyə zənci desən səni qul əməyini istismar etdiyinə görə mühakimə edəcəklər. Amma zəncini afroamerikalı adlandırıb onu rahatca işdən çıxarmaq olar. Siyasi nəzakət elə aydın qaydalar yaradır ki, onlara əsaslanaraq ikili oyundan qaçmaq olar. Baxmayaraq ki, siyasi nəzakət özü elə ikili oyundur. Siyasi nəzakət mahiyyəti maksimum dərəcədə sıxılmış ictimai razılaşmadır. Bu, sərf eləyir, çünki vaxta və gücə qənaət etməyə imkan verir. Bəlkə də bunu lap məktəbdə öyrətməlidirlər.
   
   - Gənc vampirlərə diskurs və qlamur dərsləri verirlər. Bunları müasir cəmiyyətin əsas anlayışları hesab etməyinizin səbəbi nədir?
   
   - Çünki bunlar doğrudan da cəmiyyətin əsas anlayışlarıdır.
   
   - Bir daşıyıcıdan başqasına keçən və keçmiş həyatda nə baş verdiyini yadında saxlayan vampir dili həm də mədəni yaddaş funksiyasını yerinə yetirir. Belə çıxır ki, mədəniyyət mahiyyətcə şərdir?
   
   - Məncə, mədəniyyətin mahiyyəti yoxdur. Daha doğrusu, belə bir mahiyyət özlüyündə bir neçə mədəniyyətlərin fraqmentidir. Məsələn, Şpenqlerin "mədəni orqanizmlər nəzəriyyəsi" və ya Suslovun "tarixi materializm"i kimi. Mən həyata daha sadə yanaşıram - mənim üçün mədəniyyət kaleydeskopdur. Kaleydeskopun nə mahiyyəti ola bilər ki? Mahiyyət baxanın gözlərindədir. Bax, bu cizgili mahiyyət də əmələ gələn bütün naxışlara məna verir. Hətta onları şeytaniləşdirir. Buna baxmayaraq, kaleydeskopa baxana elə gəlir ki şeytani olan məhz kaleydeskopdur.
   
   - Bulqakovun "Ustad və Marqarita"sına münasibətiniz necədir? Adama elə gəlir ki, bu romanın oxucuları iki qismə ayrılır - kitabı şedevr hesab edənlərə və əsəri bulvar romanı sayanlara.
   
   - "Ustad və Marqarita"nı iyirminci əsrin ən dahiyanə əsərlərindən biri sayıram. Bu əsər Sovetlər vaxtı yazılan ən vacib mətndir. Mən bu kitabı bulvar romanı adlandıran adamları tanımıram, təsəvvürümə belə möhtəşəm adamları gətirməkdə çətinlik çəkirəm. Hərdən deyirlər ki, "Ustad və Marqarita" sovet təcrübəsinin kvintessesiyasıdır və buna sahib olmayanlar həmin romanı anlaya bilməzlər. Amma müasir Qərbdə də bu romanı yaxşı qarşılayırlar - məsələn, Byork tərifləyirdi. Baxmayaraq ki, onun sovet təcrübəsi yoxdur.
   
   - Roma Ştorkinin - qəhrəmanın soyu pribaltikalı Ştorkvinkel baronlarıdır. Siz nə vaxtsa öz soyunuzla maraqlanmısınız? Deyilənə görə, inqilaba qədər Pelevinlər manufaktura fabriklərinin sahibləri olublar.
   
   - Ağlım kəsmir ki, mən həmin Pelevinlərin nəslindənəm. Əgər mənim sələflərim manufaktura ilə məşğul olsaydılar, onda gərək mən detektiv yazaydım.
   
   - Bunu soruşmaya bilmərəm. Romanın əlyazmasının itməsi doğrudan da nəşriyyat xətası idi? Adama elə gəlir ki, bu, düşünülmüş PR gedişi idi...
   
   - Mən bildiyim qədərilə bu, nəşriyyatın da xətası deyildi, oğurluq hadisəsi idi. Bu hadisə sizə PR kimi görünə bilər, amma mənə soyuq havada məcburi fransız öpüşü kimi görünür. Görürsünüz, assosiasiyalar necə müxtəlifdir?
   
   - Sizdə Markesin təcrübəsindəki kimi, romanda bəzi hadisələri dəyişərək onu pirat versiyadan fərqləndirmək istəyi yaranmadı ki?
   
   - İnternetə xam və yarımçıq versiya düşmüşdü, hansını ki, oxumaq şəxsən mənə maraqlı olmazdı. Roman səhifələnən zaman mən ora külli sayda düzəlişlər eləyirəm, mətnin az qala iyirmi-otuz faizini dəyişirəm. Təəssüf ki, oxculara yarımçıq, kitab haqqında təəssüratları, fikirləri korlaya biləcək variant təqdim olundu.
   
   - Siz pribaltikalı gənc rejissor Jivile Montvilaytenin "Dəhşət maskası" üzərində qurulmuş ŞLEM.COM teatr layihəsinə baxmısınız? Belə şeylərə münasibətiniz necədir?
   
   - Bu layihə ilə internet vasitəsilə tanışam. Məncə, çox maraqlıdır. Jivilenin bu mətnə müraciət etməsi məni sevindirdi.
   
   - Bəs Jivilenin finalı dəyişərək kitabdakı fikri çox sadələşdirməsi sizi məyus etmədi ki?
   
   - Yox. Həm də kitabda konkret bir fikir yox idi. Orada bir çox fikir vardı. Rejissorla yazıçı münasibətlərinin mahiyyəti bundadır ki, yazıçının qurtardığı yerdə rejissor işləməyə başlayır. Bu sanki raketin ikinci pilləsidir və gözlənilməz bir yerə aparıb çıxara bilər. Yazıçı bu prosesi idarə etməyə çalışmamalıdır. Yaxşısı budur ki, yazıçı bu barədə ümumiyyətlə, heç nə bilməsin.
   
   - İndi bütün bədii əsərlər ədəbi hadisə olmaqdan çıxır və başqa sahələrə də qoşulur - internetdə, teatrda, kinoda oxşar layihələr meydana çıxır. Məsələn, Boris Akuninin sonuncu "F.M" romanında oxucuya rebusu tapmaq təklif olunur. Qalibə isə qızıl üzük vəd olunur. Siz buna oxşar bir şey sınamaq istəməmisiniz ki?
   
   - Yox. Boris Akuninə hörmətim var, amma həmin rebusu tapmağa cəhd eləməmişəm.
   
   - Bəs saytınızdakı forumda yer alan şeirlərə münasibətiniz necədir? Orada çox maraqlı şeylər var. Məsələn, yazıçılara həsr olunmuş şeir "əclafların" jarqonunda yazılıb.
   
   - Orada ikinci dərəcəli şairlər çoxdur. Və iki dahi şair var - Minzdrav və Monti Piton.
   
   - Forumda bir maraqlı şeylə də qarşılaşdım. Cavan oğlan sevgilisinə paltar almaq istəyir və stil məsələsində "Əcinnənin müqəddəs kitabı"ndakı tülkü A. Xulinin geyiminə müraciət edir. Siz bu qəhrəmanınızı müasir seks-simvol kimi yaratmışdınız?
   
   - Yox, mən öz seks-simvolumu yaratmamışam. Ümumiyyətlə, başa düşmürəm, cavan oğlan öz sevgilisinə niyə paltar alır ki? Qadına belə alçaldıcı münasibət bəsləmək olmaz. Bəzi şeyləri o özü də edə bilər - özünə paltar ala bilər. Əgər təbii ki, o, rezin-qadın deyilsə.
   
   - Timur Kibirov bir dəfə demişdi ki, "K. U. Çernenko" poemasını ona görə yazıb ki, sovet məmuru anlayışı əsatir olub. Onun haqqında heç nə məlum olmadığına görə yazıçı da bədii obrazı yaratmaqda sərbəstdir. Siz ədəbi mühitdə görünmür-sünüz, jurnalistlərlə görüş-məkdən boyun qaçırırsınız, həmişə deyirsiniz ki, Moskvada çox az vaxt keçirirsiniz. Qorxmursunuz ki, mifik bir personaya, ya da kiminsə kitabının personajına çevriləsiniz?
   
   - Bilirsiniz, belə götürəndə, hamı mifdir. İnsan kim olduğundan, haradan gəldiyindən, hara gedəcəyindən xəbərsizdir. Buna görə də Timur Kibirov K. U. Çernenko və ya sizinlə mənim qədər sirlidir. Bizim dəqiq bildiyimiz tək şey Mərkəzi Bankın valyuta kursudur. Amma burada da hər şey elə sadə deyil. Mənim həyat tərzimə gəldikdə isə beləsi yazıçı üçün standart, hətta banal bir həyat tərzidir. Tünlükdən qaçan yazıçılar çoxdur. Bu, istisna da deyil, qaydadır. Əslində yazıçı tünlük adamı, ədəbi mühitlə qaynayıb-qarışan biri də ola bilər. Amma məncə, bu, uğursuz hibrid olar. Yəni uçan ekskavator kimi bir şey. Axı elə bir maşın quraşdırmaq olar, amma çətin ki, həmin maşın yaxşı uçsun və ya yer qaza bilsin. Jurnalistlərlə ünsiyyətdə olmaqdan isə mən qaçmıram. Sizinlə söhbətimiz bunun sübutudur. Amma çalışıram ki, bu ünsiyyəti də minimuma endirim. Kitab personajı olmağa gəldikdə... Məncə, təkcə öz kitabımın personajı ola bilərəm. Necə ki, illərdir öz kitabımın personajıyam. Əgər başqasının kitabının personajına çevrilsəm, siz deyən kimi, bu kitab, mifik bir şəxs haqda olacaq. Mifik personajlar isə öz qanunlarına uyğun yaşayırlar. Siz və ya mən onlara təsir edə bilmərik.

TƏQVİM / ARXİV