adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Mizel Uelbeklə üç müsahibə

286613 | 2009-01-17 01:00
(ikinci müsahibə)
   
   - Romanlarınızın əksəriyyətində güclü fantastika elementləri var. Bunsuz keçinə bilməzsiniz?
   
   - Mən məqsədyönlü şəkildə fantastikaya can atmıram. Sadəcə, balaca olanda çoxlu fantastik əsərlər oxumuşam.
   
   - Eləmi? Ən çox hansı xoşunuza gəlib?
   
   - Xoşuma gələnlər çox olub. Saysam, bitməz. Fantastik əsərlər mənə çox güclü təsir göstərib. Bir şey də var ki, fantastikanı yaxşı oxumağıma baxmayaraq, özəlliklərini elə də fərqləndirə bilmirəm. Bir yazıçı kimi, reallıqdan uzaqlaşmaq mənim üçün daha vacibdir.
   
   - Romanlarınızı müzakirə edəndə ən çox nifrətdən danışırlar. Yaşlı nəslə, bəşəriyyətə, İslama olan nifrətdən. Amma "Platforma"nı oxuyanda məlum olur ki, bu roman sevgi haqdadır. Romanın qayəsi budur ki, məhəbbət olmayanda dünya dəyişir və daha heç nə əvvəlki kimi olmur. İfadəyə görə bağışlayın, bu, həm sizə yaraşmayan qədər romantikdir, eyni zamanda çox müasirdir. Bir az qəribə gəlir.
   
   - Yəqin, bu, mənim səhvimdir. İctimai fiqur kimi mən öz müsahibələrimdə hərdən özümü çox nəzakətsizcəsinə aparıram. Ümumiyyətlə, Fransada məni insanlara nifrət edən adamovuşmazın biri hesab edirlər. Nədənsə, lap əvvəldən məni belə tanıdılar. Gərək bundan sonra mətbuatla münasibətlərdə bir az ehtiyatlı olum.
   
   - Hə, "Lir"ə müsahibədən sonra sizi məhkəməyə də vermişdilər...
   
   - Bəli, bəli! Amma hələ o müsahibədən əvvəl də mən başqa yazarlar barədə danışanda həddimi aşırdım. Bəzən elə şeylər danışıram ki, ümumiyyətlə, bu, lazım deyil. Elə buna görə də, özümə nəsə axmaq bir imic qazanmışam.
   
   - Məlum olduğu kimi, siz sevgidən yaza bilirsiniz. Maraqlıdır, bəs ictimai fiqur olaraq, sevgidən danışa bilərsinizmi?
   
   - Yox.
   
   - Qəribədir, yazmaqla danışmağın fərqi bəyəm elə böyükdür ki?
   
   - Fransız üçün sentimental olmaq bir az çətindir.
   
   - Niyə, fransızların romantik, sentimental olması barədə mifləri dağıtmaq üçün?
   
   - Hə. Sevgi haqda danışanda hiss eləyirsən ki, çox gülməli görünürsən. Yazmaq isə... Yazmaq tamam ayrı aləmdir. Yazanda ancaq özün olursan. Adam arasında olmaq, danışmaq isə başqa söhbətdir. Adam arasında sevgidən danışmaq az qala mümkünsüz bir işdir! Adam gərək belə şeyə bir az ironiya ilə yanaşsın. Fransız gərək ağlamasın!
   
   - Boys dont cry?
   
   - Bəli, bəli - boys dont cry! Əlbəttə, indi sizə danışdıqlarım sıradan fransız həyat tərzidir. Düzdü, mən həmişə bu həyat tərzinə itaət eləməmişəm. Mənim üçün Fransa, sadəcə, vətəndir. Amma fransızlar doğrudan da şən, intellektual görünmək istəyirlər. Parlaq! Sentimental olmaq isə onlara yaraşmaz. Bu hətta bir az da ədəbsizlikdir.
   
   - Hazırda Fransadan uzaqda yaşayırsınız. Niyə? Nə üçün İrlandiya?
   
   - Hər şeyə kənardan baxmaq istəyirəm. Fransaya da həmçinin. Fransada ağzımı açmalı deyiləm - nəsə deyən kimi aləm bir-birinə dəyir. Fəlakətdir. Orada mən bütün ictimai debatların içində oluram. İrlandiyada isə hər şey tamam başqa cürdür.
   
   - Yeri gəlmişkən, İrlandiyada sizi soruşanda çoxu belə bir yazıçı tanımadığını deyir...
   
   - Əsas məsələ də elə budur. Əgər yazmaq istəyirsənsə, gərək casus kimi yaşayasan - günün pusmaqla, izləməklə keçməlidir. Amma hamı səni tanıyırsa, casusluq alınmır. Kitablarımın çoxunu mən məşhur olmazdan əvvəl yazmışam.
   
   - Bəs sizə məşhurluq gətirən onlardan hansı olub?
   
   - "Bəsit hissəciklər"... Bu nəsə inanlımaz bir şey idi. Çox gözlənilməz oldu. İki ay ərzində bütün həyatım dəyişdi. Axı bizdə çox məşhur olan yazıçılarla hələ o qədər də məşhur olmyan yazıçılar arasında müharibə gedir. Bəli. Əsl müharibə. Gərək bu müharibənin qaydalarına əməl edəsən. Amma mən o qaydalara əməl etmək istəmədim. Müsahibələr verməkdən imtina etdim, ədəbiyyatdan danışmağa son qoydum. Onsuz da ədəbiyyatdan nə var, danışıblar.
   
   - Adamın ağlına bu sual mütləq gəlir - "Adanın imkanları" romanını ekranlaşdırmağı niyə öz üzərinizə götürdünüz? Kitablarınızın əvvəlki ekran variantları xoşunuza gəlməmişdi?
   
   - Qətiyyən. Əgər film mənim xoşuma gəlmirsə, mən sadəcə, ondan imtina edirəm. Mənim daha çox pula ehtiyacım yoxdur, odur ki, romanımın əsasında çəkilmiş filmdən imtina etmək kimi "lüksüm" var. Məsələn, "Platforma"nın ekranlaşdırılması təklifindən imtina etmişəm. Düzdü, almanların "Bəsit hissəciklər"i ekranlaşdırmasını da o qədər bəyənmədim, amma dözmək olardı. "Adanını imkanları"nı ekranlaşdırmağı isə öz üzərimə ona görə götürdüm ki, bu, mənə maraqlıdır.
   
   - Bu əsərdə kimin əbədi həyata daha çox layiq olması sualını qoymusunuz. Sizcə, belə həyata kim layiqdir?
   
   - Əslində fransız nəşrində kitabın üz qabığına çıxarılmış bu ifadə oxucunun diqqətini cəlb etmək üçün idi. Oxucu özünə "kim əbədi həyata layiqdir" sualını versin deyə. Kimin layiq olduğunu isə heç özüm də bilmirəm.
   
   - Bu sualın cavabını özünüzə də verə bilməzsiniz?
   
   - Dəqiq bilmirəm.
   
   - Daniel-klonların heç biri insan Daniel kimi deyil. Onlar öz proobrazları kimi həyatı hiss etməyə qadir deyillər (söhbət "Adanın imkanları" romanından gedir - E.A). Sizcə, belə əbədi həyat lazımdırmı?
   
   - Açığı, mən bilmirəm... Sizin nə gözəl şərfiniz var... Rənglərin ahəngi göz oxşayır... Kitabı yazanda mən əmin idim ki, bəşəriyyətin əbədi həyata ehtiyacı var. Amma indi, qəlbimin dərinliyində mən buna o qədər də əmin deyiləm. Bu, çox mürəkkəb fikirdir. Şəxsən mən çox nadir hallarda ölüm haqqında düşünürəm. Yəqin mən ölümdən o qədər də qorxmuram. Dostoyevskinin "Karamazov qardaşları"nda bir yer var, kimsə izah edir ki, insanın ölümdən qorxmaq üçün iki səbəbi var. Xırda səbəb və böyük səbəb. Böyük səbəb fəlsəfidir - varolmamaq. Xırda səbəb - sadəcə, ölmək ağrılıdır. Yaxşı ki, bu səbəb hələ də var. Çünki ağrısız bir ölümü təsəvvür etmək mümkün deyil. Bu, ilk baxışdan göründüyü qədər də asan məsələ deyil. Nə yaxşı ki, bu barədə yazıblar.
   
   - Amma romanda siz daha çox birinci, fəlsəfi səbəbdən danışırsınız. Qorxunun həmin metafizik səbəbini nəzərə alanda isə, klonların şüuru onsuz da transformasiyaya məruz qalır...
   
   - Mən belə deməzdim. Axı şüur daimi məfhum deyil. Şüur və yaddaş çox yaxın şeylərdir. Biz hər gün yatıb-oyanmaqla şüurun ölümünü yaşayırıq. Yəni əgər yaddaşı saxlasaq (alimlər də elə buna çalışır), onda ölüm keçmiş həyatın xatirələri ilə dolu yuxuya oxşayar.
   
   - Deməli, siz insanı klonunu mümkün sayanlardansınız?
   
   - Bunu qadağan etmək üçün heç bir əxlaqi səbəb görmürəm.
   
   - Sözlərinizdən belə çıxır, siz razı olarsınız ki, öləndən sonra klonunuzu yaratsınlar...
   
   - Nə bilim...Yaxşı sualdır. Bəs siz istərdiniz?
   
   - Yox. Oğul-uşaq da kifayətdir.
   
   - Artıq tikə göz çıxarmaz. Elələri var ki, oğul-uşaq da istəyir, nəvə də, üstəlik klon da. Sonradan nə baş verəcəyini bilmək mümkün deyil. Bilmək olmaz, insanın klonlaşdırılmasını icazə veriləcək, ya yox. Gedən danışıqları və mətbuatın həssaslığını nəzərə alsaq, bu, nə vaxtsa baş verəcək. Qanuni, ya qeyri-qanuni, bu, artıq vacib deyil. Və o gözəl körpəni, balacanı görəndə hamının ondan xoşu gələcək. Axı uşağının özünə oxşadığını görən valideyn həmişə buna sevinir. Başqa bir insanda təcəlla tapmaq istəyi çox güclüdür.
   
   - İslam barədə dediklərinizlə bağlı yaranan qalmaqal hələ də yaddan çıxmayıb. İndiyə qədər dəfələrlə buddizmə meylli olduğunuzu etiraf eləmisiniz? Bəs, xristianlığa münasibətiniz necədir?
   
   - Xristianlıq buddizmdən və İslamdan çox fərqli, mürəkkəb məfhumdu. Fransa katolik ölkə hesab olunsa da, burada protestantlığın təsiri də böyükdür. Protestantlığa etiqad edən adam daima özünə bu sualı verir - o, əbədi həyata layiqdirmi? Kalvinizm nöqteyi-nəzərindən, cavab birdir: heç kim buna layiq deyil. Kalvinizmdə günah hissi güclüdür. Katolizmdə isə hər şey daha mücərrəddir. Belə hesab olunur ki, bütün günahları etiraf edib, tövbə etmək kifayətdir - sən bəraət alırsan. Deməli, günah etmək olar - təki tövbəni bacarasan. Bax, xristianlığı birləşdirmək, belə çətin məsələdir. Mənə daha çox buddizm yaxındır. Bu, çox maraqlı dindir. Burada hər şey ədalətlə işləyir. Doğrudan da bu dinə etiqad etməklə nəfsdən, xəsislikdən, xudbinlikdən azad olmaq mümkündür. Bunları müşahidə etmək çox maraqlıdır. Bir dostum mənə dedi ki, Tibetdə olanda yanındakı adama bərk qəzəblənib. Tibetdəki monaxlar isə onu başa düşməyiblər. Onlar qıcıqlanmanın, qəzəbin, hirsin nə olduğunu bilmirlər...

TƏQVİM / ARXİV