adalet.az header logo
  • Bakı -°C

Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar

203 | 2025-11-07 17:52
A- A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Adalet.az-ın məlumatına görə, Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar şəhərindəndir. 

1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və "Su-25" təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

8 aprel 1992-ci ildə təyyarəçi baş leytenant Qurbanov burada xidmət edən azərbaycanlı hərbçilərin – həmyerliləri, təyyarənin texniki leytenant Fuad Məmmədovun, baş aviamexanik çavuş Akif Quliyevin və baş texnik Gülbudaq Binyətovun köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycan tərəfinə keçirib. Bununla da, Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib.

Qaçışdan dərhal sonra Su-25 təyyarəsi axtarılır. Axtarış heyətinə hərbi təyyarənin qeyd-şərtsiz və xəbərdarlıqsız məhv edilməsi tapşırılmışdı. Buna görə də müvəqqəti olaraq hərbi təyyarə yaşayış məntəqələrindən kənarda yerləşən Şəki aeroportunda saman tayasının altında gizlədilir. Hərbi təyyarənin qaçırılmasında iştirak edən Gülbudaq Binyətov və digər aviasiya mütəxəssisləri şübhələri üzərlərinə çəkməmək məqsədilə yalnız iki gün sonra Sitalçay hərbi aerodromunu tərk edib Yevlaxa gedirlər.

Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə hava limanında qalır. Rusiya Müdafiə Nazirliyi Su-25 təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd MiQ-23 təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir.

Vaqif Qurbanov ilk döyüş tapşırığına Şəkidən qalxıb. 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayıb. Döyüş əməliyyatları çərçivəsində Qarabağın müxtəlif ərazilərində düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib.  

13 iyun 1992-ci ildə onun təyyarəsi erməni silahlıları tərəfindən vurulub. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, buna nail ola bilməyib. Vaqif Qurbanov Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.

V.Qurbanov 20 aprel 1991-ci ildə Nəzakət adlı xanımla ailə həyatı qurub. Sevinc adlı bir qızı yadigar qalıb. Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. Bakı Dövlət Universitetini bitirərən Sevinc xanım atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub və 2015-ci ildə ordu sıralarında xidmətə başlayıb.

 

TƏQVİM / ARXİV