Hər dəfə saytlarda, sosial şəbəkələrdə “Prezident İlham Əliyev və ya Birinci xanım Mehriban Əliyeva filankəsə mənzil verdi” xəbərlərini oxuyanda çox sevinirəm. Çünki özüm də uzaq 2003-cü ildə bu sevinci yaşamışam – Prezident Heydər Əliyev atam Xalq şairi Qabilə 3 otaqlı mənzil bağışlayanda...
Mənzil alanları kateqoriyalara bölmürəm ki, bu layiqdir, ya yox? Evi var, ya yox? Çünki hamısının ailəsi, oğul-uşağı, bəzilərinin artıq nəvələri də var. Ömürləri boyu xruşşovkalarda, Leninqrad layihəli spiçka evlərdə, kirayələrdə yaşayan bu insanlar üçün bundan böyük hədiyyə olarmı? Bəs “bu evi (heç kim mənzil demir) mənə Prezident İlham Əliyev verib” deyə ailə üzvlərinin qabağında qürrələnmək? Bu, “o qədər kitab yazmısan, gözünün nurunu söndürmüsən” və ya “səhərdən axşamacan işdə ilişib qalırsan, aldığın maaş ayımıza çatmır” deyən arvad-uşağa layiqli cavab deyilmi? “Bu qoca da görəsən nə vaxt öləcək ki, bir otaq boşalsın. Barı uşaqların birini evləndirərdik” deyən gəlinlərin ağzı başqa cürə necə yumula bilər axı?
Öz ailəmiz bu cür qınaqları dilinə gətirməyib. Atam 1955-ci ildən 2003-cü ilə qədər anamla 2 otaqlı 28 kvadrat metrlik evdə yaşayırdı, mən isə 1990-cı ildən 4 nəfərlik ailəmlə 9-cu mikrorayonda, 28 kvadratmetrlik divarları nəm çəkən, beton-panel kooperativ mənzildə. Bunu atamın dostu, Xalq şairi Nəbi Xəzri də bilirdi. Qabil gözütox, əhli-kef adam idi. Amma yaş artdıqca 4-cü mərtəbəyə qalxmağın çətinliklərini, xüsusi qulluğa ehtiyac yaranacağını, bunun üçünsə 28 kvadratmetrin altı ailə üzvünə çatmayacağını Nəbi əmi çox gözəl duyurdu. Ona görə də növbəti dövlət tədbiri zamanı atamı məcbur edir ki, ev şəraitinin yaxşılaşdırılması üçün Prezident Heydər Əliyevə müraciət etsin. Qabil isə, – Ay Nəbi, Bəyimlə (həyat yoldaşı) ikimizik. 28 kvadrat bəs edir, – deyərək etiraz edir. Nəbi əmisə, – Sənə lazım deyilsə, verərsən Mahirə. Yazıq uşaq mikrorayonda rütubətli, şəraiti olmayan evdə yaşayır, – deyə, arqumentini ortaya qoyur. Dəfələrlə bu cür dialoqlardan sonra, 2002-ci ildə atam nəhayət ki, bu arqumentlə razılaşır.
Bütün dövlət tədbirlərində Prezident Heydər Əliyev yaradıcı adamlarla görüşərdi. Şair Qabillə isə zarafat etməkdən xüsusi zövq alardı. 10 illik prezidentlik dövründə Qabil ondan özüyçün, ya qohumları üçün heç vaxt xahiş eləməmişdi. Amma bu dəfə Qabilə yaxınlaşanda, Nəbi əminin də “Alə, denən” deyərək böyrünü dümsükləməsindən sonra prezidentə ağız açır. Həmin görüşün videosu var, amma səsi yoxdur deyən paylaşmıram. Prezident Bakı şəhərinin meri Hacıbala Abutalıbova hətta irad da bildirir ki, “sən mənə niyə bu vaxtacan deməmisən ki, Qabil iki otaqlı, 28 kvadratmetrlik evdə yaşayır? İş kabineti yoxdur”. Xülasə, Qabilin xahişi müsbət cavablandırılır. Hacıbala müəllimə də göstəriş verir ki, “gəzdirirsən bütün evləri. Qabil hansını bəyənsə, orderini verirsən”. Beləcə, AF-Sentrin üstündə, 3 otaqlı, 172 kvadratmetrlik mənzili mən bəyəndim. Atamın isə kefi pozuldu: “Mən bu boyda evi necə təmir etdirəcəyəm?” deyərək. Açarı da götürmədi. Amma əsas kupça idi. Onu sonra aldıq. Beləcə, 7 ay keçdi. Növbəti bayram tədbirində atam təmirlə bağlı ağız açdı. Mənzil təmir də olundu, içi də dolduruldu. Heydər Əliyevə min rəhmət. Bunun videosunu isə yayımlamışam.
Atamı təbrik edənlər çox oldu. Amma ürək bulandıranlar da tapıldı. Reportaj AzTV-də yayımlanan kimi bir qrup gənc yazar qəzetdə “Təşəbbüs” adlı başlıqla çıxış da elədilər:
TƏŞƏBBÜS
GƏNC ŞAİRLƏRİN XALQ ŞAİRİNƏ QAYĞISI
Bir qrup gənc yazar xalq şairi, qocaman ustad, bəlağətli natiq Qabilin evini təmir etmək üçün pul yığır və digər gəncləri də bu xeyirxah və nəcib əmələ qoşulmağa dəvət edir.
Təşəbbüsə ilk qoşulanlar:
- Mahir Mehdi
- Şərif Ağayar
- Zahir Əzəmət
- Samir Sədaqətoğlu
- Xanəmir
- Rövşən Nadiroğlu
- İlqar Fəhmi
- Elnur Astanbəyli
- Aqşin (iki kitabı yenicə çapdan çıxan bu yeniyetmə müəllifin nəşriyyata borcu qaldığı üçün 2 gün fəhlə kimi işləməyə söz verir.)
Digər bir gənc jurnalist isə yuxarıdakı siyahıda adı olan, amma atam öləndən sonra da paxıllıq, xəbislik hirsi soyuman gəncin təzyiqiylə “Şair Qabil Fəxri Xiyabanda prezidentdən unitaz istədi” başlıqlı geniş bir məqalə yazdı. Yox, elə bilməyin ki, 20 illik bu xatirəni yazmaqla kinimi kağıza tökürəm. Əsla. O siyahıdakı adamların çoxuyla indi çox gözəl münasibətim var. O birilərlə isə şəxsən tanış olmaq gündəliyimdədir. Sadəcə, xatırlatma verdim. Bu nəcib təşəbbüs Qabilə lazım olmadı. Adı siyahıda olan, Prezidentdən təmirsiz mənzil hədiyyəsi alan Xanəmir isə özünün və yazar dostlarının bu cür təşəbbüsündən bəhrələnə bilər. Həm də ki, bu xatirələri yazmaqda başqa məqsədim var.
21 yazıçı Yazıçılar Birliyinin xəttiylə mənzilə layiq görülüblər. Daha dəqiq desək, Prezidentimiz İlham Əliyev onlara, onlardan qabaq da bir çoxuna, digər yaradıcı insanlara da yüzlərlə mənzil hədiyyə edib. (Bu həmin İlham Əliyevdir ki, Yazıçıların sonuncu qurultayına təbrik məktubu göndərmişdi. Hələ 203 min manat maddi yardımı demirəm. Və bu məktub zalda oxunandan sonra nə nümayəndələr, nə də sədarət ayağa durdu. Heç layiqincə əl də çalmadılar. Görəsən fəxri adların, orden-medalların verilməsi barədə sərəncam oxunsaydı, ayağa qalxardılarmı? Sürəkli alqışlar görəsən neçə dəqiqə çəkərdi?) Alqışlayıram prezidentimizi. Payı çox olsun. Arzu edirəm ki, növbədə olan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan yazıçılarımıza da bu səxavətdən pay düşsün.
Bəs görəsən Prezidentimiz mənzil hədiyyə etdiyi bu adamları şəxsən tanıyırmı? Xeyr. Bu adamların Qabil kimi şan-şöhrəti varmı ki, prezidentə yaxınlaşıb ondan ev istəsinlər? Hələ təmiri demirəm. Prezidentimiz Anarı tanıyır. Onun göndərdiyi məktubdakı imzasını tanıyır. İmzasına hörmət edib, bu gün də hörmət edir... Məhz Anar və onun imzası bundan sonra da daha neçə yazıçıya, Yazıçılar Birliyinin işçisinə neçə-neçə yeni mənzil sevinci bəxş edə bilər.
Mənzillə təmin olunanların isə hamısı layiqdir. İçərilərində texniki işçilər də var? Düzdür, var. Yazıçılar Birliyinin tarixində həmişə belə olub. Məsələn: Mənim (Qabilin adına olan kooperativ mənzilində - 14 min 659 rubl, 25 ilə qaytarmaqla. Indiki dildə desək ipoteka, amma faizsiz) 9-cu mikrorayonda “Yazıçı” MTK-da yerləşən mənzilimdə qonşum Yazıçılar poliklinikasının baş həkimi Rəhim Bağırov idi. Bir otaqlı mənzili qızı üçün almışdı. Kürəkəni isə adi elmi işçi İsa Qəmbər idi. Amma heç biri köçmədi. Qonşularım içində texniki işçilər – qəzetlərdə işləyən katibə-maşinistkalar, Pakizə xanım, kassir Sədaqət xala da vardı. Anar hələ onda – sovet vaxtı da bu kateqoriyaya daxil olan işçiləri nəzərə alırdı. İndi də nəzərə alır. Alqışlanmalı keyfiyyətdir.
Konkret adlara gəldikdə isə... 1990-cı ildə, BDU-nu bitirəndən sonra Yazıçılar Birliyində əmək fəaliyyətinə başlamışam. Təsərrüfat şöbəsinin müdiri Əlini, Elmarı, məni ixtisara salan Arifə Əliyevanı, Məlahət Qənbərovanı elə o vaxtdan tanıyıram. Ömrünün 33 ilini bu birliyə həsr edən insanların evlə təmin olunması düzgün deyilmi? İşə hamıdan tez gəlib, hamıdan gec gedən, Anara müşavirlik yox, həm də mənəvi oğulluq edən, 20 ilə yaxın (əvvəllər MM-in Mədəniyyət daimi komissiyasında çalışan) bu təşkilatda işləyən Rauf Aslanovun mənzilə layiq görülməsi müsbət hal deyilmi?
Mənzil alanları bir daha təbrik edirəm. Prezidentimiz İlham Əliyevə və başqanımız Anara minnətdarlığımı bildirirəm. Dövlət başçımızın səxavəti həmişə bol, Anarın isə imzası həmişə hörmətli olsun.
PS. Ürəyimi boşaldıb, son nöqtəmi qoydum. Dəhlizə çıxanda divarda asılan şəkilə gözüm sataşdı. 20 ildir ki, ordan asılıb. Atamla Heydər Əliyevin şəklidir...