adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Mart qırğınalrına susan, işğalçıya orden verən, cümhuriyyətçilərə qənimi Nəriman Nərimanov

498 | 2024-04-29 11:55

Əziz oxucularım! Ötən gün 28 aprellə bağlı yazı paylaşdım və cümhuriyyətimizi bolşeviklərə və daşnaklara satan bir neçə "qəhrəman"dan yazdım. Suallar verildi ki, niyə məqaləyə Tiflis şəhərində doğulan amma ata tərəfdən babası indiki İranın Urmiya şəhərindən olan Nəriman Nərimanovun adını əlavə etməmisiniz? Axı o satqının yekəsidir?!


Əzizlərim, əvvəllər mən də N.Nərimanova "satqınlıq" damğası yaraşdırmayanlardan biri idim. Amma araşdırmağa başladım və peşman oldum! N.Nərimanov ictimai-siyasi xadim olub, yazıçı olub publisist olub, həkim olub... Amma bilirsiniz, 4düzü bir səhv silib aparır. Bəli Nərimanovun 4 ziyalılığını, 4 xidmətini bir xəyanət heç elədi.

 

 Əqidənin satıldığı illər...

Deməli belə, Nərimanov bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmış Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı olan "Hümmət" təşkilatına üzv olur.Təşkilatda arasında Nəriman Nərimanovla birgə, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi.

Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi.

O, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsində təhsil alarır. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilr.1913-cü ildə Bakıya qayıdan Nərimanovu artıq ruslar "verbovka" etmiş olur. Nərimanov elə o gündən rusların əlinə oynayır.

1917-ci ildə N. Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi və təşkilat bolşevikləşdiyi üçün parçalanmağa başladı.
Bəli, Nərimanovun başçılığı sayəsində müstəqil fəaliyyətə başlayan "Hümmət" artıq bir bolşevik təbliğatçısı və qatı tərəfdarı idi. Bu isə Nərimanovun əqidə dostlarına ilk xəyanəti idi.


Çar Rusiyası onu qiymətləndirməyə bilməzdi.1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Bu o vaxt olur ki, yeni qazandığı "əqidə dostları " Stepan Şaumyan başda olmaqla, Kirov, Prokofi Caparidze, Q. Korqanov, İ. Suxartsev , Yeqişa Paхlavunin, Tatevos Əmirov, Stepan Lalayev , Samson Aspirov və Saatzazbekov Azərbaycan xalqını soyqırım edirdilər və Nərimanov vəzifəsinə görə buna susurdu.

Yəni, bolşevizmin mahiyyətini balaca uşaq belə anladığı təqdirdə niyə ictimai-siyasi xadim bunu anlamadı? Niyə istefa vermədi, niyə "bolşevik"likdən imtina etmədi?Axı, erməninin və rusun qırdığı onun xalqı idi!!!
Osmanlı Türkiyəsinin Azərbaycan xalqının mart soyqırımından və işğalçı erməni-rus qoşunlarından təmizlədikdən sonra Nərimanovun Cümhuriyyətə qarşı mübarizəsi kəskinləşdi.

 

Cümhuriyyətin  "nəfəsini kəsmək "uğrunda  döyüşün "komandiri"

Araşdırmaçı alim, Azərbaycan Xalq Cumhuriyyəti tarixinin bilicisi, Nəsiman Yaqublu yazır: " Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Bünyadzadə, Ağamalıoğlu, və s. hamısı demək olar ki, Rusiya bolşeviklərinin təsiri altına düşüb işğala imkan verdilər".
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunda xüsusi rolu olan Nəriman Nərimanovun tarixi xəyanətini təsdiqləyən sənəd üzə çıxdığı ilə başlı mediada gedən faktlar.

"Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və Komitənin katibi Qabriçidzenin 13 noyabr 1920-ci il noyabrın 20-də imzaladıqları əmrə əsasən, XI Ordunun dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi Mixail Qriqoryeviç Yefremov Bakının işğalına görə “Qırmızı bayraq” ordeni ilə təltif edilir.

Əmrin tam mətnində deyilir:



“Müzəffər XI Ordunun və Azərbaycan Sovet Sosialist Respublikasının dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi, hərbi komissar yoldaş Mixail Qriqoryeviç Yefremov 1920-ci il aprelin 27-də Bakının tutulması və Müsavat burjua hökumətinin ürəyinə ildırımsürətli sarsıdıcı zərbə vurulmasına görə Azərbaycan Sovet Sosialist Respublikasının “Qırmızı bayraq” ordeni ilə təltif edilsin.

Yoldaş Yefremova “Qırmızı ulduz” ordeninin 1 №-li nişanı verilir.Bundan cəmi bir ay sonra isə 1920-ci il Gəncə üsyanını qan gölündə boğduğuna görə Yefremov 2-ci dəfə “Qırmızı bayraq” ordeni ilə təltif olunur. Bu münasibətlə Nərimanov general Efremova brilyant daş-qaşla bəzədilmiş qılıncı şəxsən hədiyyə edib.

Azərbaycan istiqlalına düşmən kəsilən, AXC-nin qurulmasından sonra iki il (1918-1920) Rusiyada (əsasən, Həştərxanda) yaşayan Nərimanov o dövrdə milli hökumətə nifrətini və qısasçı hisslərini rəsmi şəxslərə yazdığı məktublarda da açıq büruzə verib.

 

Yüsif bəy Nəsibbəyovun müəmmalı ölümü


N. Nərimanov milli hökumətin baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 16 iyul 1919-cu il tarixli məktubunda onu bu sözlərlə hədələyir:
“Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da, güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın. Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır…”. XI Ordunun Azərbaycanı işğal etməsindən sonra milli hökumətin vəzifəli şəxslərinə, ziyalılara və hərbi elitaya qarşı qanlı terrora başlayan N. Nərimanov təbii ki, Yusifbəylini də “unutmur”. Nərimanovun hədəsindən heç bir il ötməmiş Nəsib bəy Yusifbəylinin 31 may 1920-ci ildə Kürdəmirdə başı kəsilərək, vəhşicəsinə qətlə yetirilir. 

Hakimiyyət hərisliyi üzündən müstəqillik qazanmış dövlətinə qənim kəsilən, “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır”, – deyib, XI Ordunun önünə düşərək öz Vətəninin işğalında iştirak edən Nərimanovun bu taleyi ilahi cəza kimi də qiymətləndirilə bilər.(yenicag.az)

Yəqin ki, Nərimanovun bolşeviklərə bu tip xidmətlərini nəzərdə tutan silahdaşları - görkəmli inqilabçı Lev Trotski Nərimanovun ölümü ilə bağlı demişdi: "Lenindən sonra Şərqin ən böyük ikinci itkisi."[5] Serqo Orconikidze isə Nərimanovu belə təsvir etmişdi: "Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi


Leninin, Stalinin maşası..."

Tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə yazır:" Mənim fikrimcə, iki Nəriman Nərimanov var. Onlardan biri yazıçı, ədib, maarifçi Nəriman Nərimanovdur, o biri siyasətçi Nərimanov. Onların hər birinə ayrı-ayrılıqda qiymət verməliyik. Çünki yazıçı Nərimanovla siyasətçi Nərimanov həddən artıq fərqlənir. Hətta deyərdim ki, əks qütblərdə dayanır. Mən bir filoloq kimi yazıçı Nəriman Nərimanovu ürəkdən sevirəm, adı gələndə qürur duyuram.

Bizim ədəbiyyatımızda “Bahadır və Sona” kimi gözəl əsər yazılmayıb. Ola bilsin kimsə desin ki, burda türk oğlu ilə erməni qızın məhəbbətindən danışılır, bu da “Əsli və Kərəm” kimi millətimizin mənafeyinə uyğun deyil. Mən elə düşünmürəm. burda Nərimanov türklə ermənini qarşılaşdırıb ermənilərin nə qədər millətpərvər, bizlərin isə nə qədər zəif olduğunu göstərib. Təəssüf ki, yazıçı Nəriman Nərimanov 1918-ci ildə qurtardı. Bundan sonra siyasətçi Nəriman Nərimanov dövrü başlayır.

Siyasətçi Nərimanov 1918-ci ildə artıq Rusiyanın təbəəsiydi. 1918-ci ildə Azərbaycanda Şaumyan hakimiyyəti var idi. Bu hakimiyyətin nazirlərindən biri də Nəriman Nərimanov idi. Bu adam həmin qırğınları törədən Şaumyanın silahdaşı idi. Nərimanov Azərbaycan istiqlalının qatiliydi. O, şəxsiyyətcə manyak idi. Nərimanov bağışlana bilməz, Leninin, Stalinin maşası oldu, bir ay sonra başa düşdü ki, ona hakimiyyət verilməyib. Bu zaman müxalifətçi oldu. Özünü də, Cümhuriyyəti də, milləti də bədbəxt etdi. Amma bizim Cümhuriyyəti quranlar nə aldandı, nə peşman oldu. O deməkdir ki, tarixdə Nəriman Nərimanovun yeri onların ayağının altıdır”.

"Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar"

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan cümhuriyyəti" əsərində Qırmızı Ordunun işğalı barədə yazıb:

“İşğalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı təntənəli bir istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, «Tazə pir» meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, “Məxsusi bir komision təşkil etdik. Bu komision əski hökumətin fəaliyyətini tədqiq ediyor. Bir kaç gün sonra nəticəyi elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə ediyormuş!”
Kaç gün deyil, kaç sənə keçdi, o komision bu nəticəyi hələ elan etməmişdir. Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı, deyə ittiham olunan hökumətin bir zərrə belə olsun hüquqi-millətdən əcnəbilərə tərk etdiyini bir Nəriman deyil, bütün bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər!

Fəqət, Nərimanov və yoldaşları ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə varsa həpsini təslim etdilər. Top əndaxtları ilə müftə göndərdikləri petrolun yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə dərəcə kiçildilər, nə qədər alçaldılar. Nəhayət, bu surətlə hasil olan sərvəti də, son nəticədə, məmləkəti istila edən Qızıl ordunun şərəfinə israf etdilər”.

 

Son olaraq

Bəzi araşdırmaçıların "qəhrəman" həddinə çıxartdıqları Nərimanovun "Qərbi Azərbaycan torpaqlarının müdafiəsi"nə, "Naxçıvanın müdafiəsi"nə, Dağlıq Qarabağ probleminə münasibətinə gəlincə, bunu bolşevizmin qucağında oturaraq deyil, əvvəlki, lap əvvəlki əqidaşlarla birlik olub bolşevizmin qarşısında duraraq etmək lazım idi. 

Bütün xalqını, millətini, dövlətçiliyini , əqidədaşlarını  satanların aqibəti eyni olur.Nəriman Nərimanovun uğrunda canını fəda etdiyi bolşevik Rusiyası  Əliheydər Qarayev, həkim Xavər Qarayeva-Şabanova,  Cingiz İldırım, Qəzənfər Musabəyov, Səməd ağa Ağamalıoğlu, Həmid Sultanov, Ayna Sultanova, Əhməd bəy Pepinov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov (və ya A.Əlimanov) və başqaları kimi onu da  ölümlə  "mükafat"landırdı.  O, 1925-ci ilin qışında Moskvada bolşevik silahdaşları tərəfindən zəhərlənərək öldürülür.

 Yeri gəlmişkən, yenə də bəzi araşdırmaçılar iddia edir ki, Nərimanov səhvini anladığı üçün öldürülür. Xeyir! əslində elə deyil! Hər satqının  və yaxud belə deyək işlənmiş məhsulun bir "srok"u olur!İşlədilməyə başladıqdan sonra bitən tarixi, son işlənmə tarixi... yəni... o güllənənən azərbaycanlı bolşeviklərinin də, Nərimanovun da işlənmə tarixi artıq bitmişdi. Vaxtı bitmişləri, "srok"u getmişləri  isə zibil qabına atırlar. İmperiyaların üslubu bu!

 Əntiqə Rəşid 

TƏQVİM / ARXİV