Manqutlaşan dünyanın sevgisizliyi -  Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
894 | 2024-10-01 12:49

Çox qədim bir deyim var. Hərdən ona inanmağım gəlir, yəni o deyimə. Yəqin onu siz də bilirsiz. Elə bildiyiniz üçün də təkrar edirəm. Axı təkrar biliyin anasıdı…

Hə, müdriklər deyib ki, «İnsan yer üzünün əşrəfidi». İndi siz də fikirləşin, elə mən də fikirləşirəm. Doğurdan da insan yer üzünün əşrəfidi? Əgər Allah bu yer üzünü yaradıb onu da insanın ixtiyarına veribsə, onda insan niyə naşükürdü? Niyə dağıdır yer üzünü? Niyə məhv edir? Deyə bilərsiniz ki, insan həm də qurur, yaradır. Doğrudur məntiqiniz. Lakin bir gerçəklik də var. Biz bir abidə yaradanda ən azı  10 abidəni dağıdırıq, məhv edirik. Bir kənd salanda bir şəhəri yerlə-yeksan edirik. Budurmu yaratmaq? Budurmu qurmaq?

Bax,  bu reallıq bir kino lentidir. Özünüz də baxın və düşünün. Görün, yer üzünün əşrəfi olan insan təkcə yer üzünü yox, artıq göy üzünü də dağıtmaqla məşğuldur. Atılan silahların və digər sınaq aparatlarının göy üzünə vurduğu zərbələr, ozan təbəqəsinin deşilməsi və sairə və ilaxır. Göyü öyrənmək üçün elə göyün özünü də obrazlı desəm, dəlmə-deşik edirik, söküb-tökürük. Bilirsiz, bütün bunlar niyə baş verir? Yəqin hərənin öz bildiyi var. Amma mənim bildiyim çox sadə və hər kəsin də düşünə biləcəyi gerçəklikdi. Yəni mənə görə, mənim inancıma və inamıma görə bütün bunlar insanların manqutlaşmasının, sevginin azaldılmasının nəticəsidir. Manqutlaşan insanlar idarə olunurlar. Duyğusuz, hissiz robot kimi. Deməli o insanların timsalında dünyada sevgi də azalır. Azalan sevgilər həmişə laqeydliyə, biganəliyə, hətta  görməməzliyə aparıb çıxarır. Deməli, bizim azalan sevgilərimiz bizə qənim kəsilir…

Mən bütün yazılarımda, bütün düşüncələrimdə, həmişə və hər yerdə qabartdığım ən ali hiss SEVGİDİR. O Sevgi ki, məni həyata bağlayıb. O Sevgi ki, məni düşündürür, məni aramağa-axtarmağa, kədərə-qəmə, həsrətə dözməyə kökləyir. Və bir də o Sevgi ki, o mənim bir insan olaraq yorulmadan, dayanmaq bilmədən dalımca qaçmağa, görüşünə tələsməyə, yanında olmağa hazır tutur. Ona görə də mən dünyanın da, insanlığın da ayaqda qalması üçün vacib, necə deyərlər, ən birinci tələbat kimi, zərurət kimi Sevgini görürəm. Bir daha təkrarlayıram ki, məni mən edən, səni məndə saxlayan, səni  mənim ürəyimə çevirən məhz Sevgidi. O Sevgi də mənə bu şeiri yazdırır:

 

Göz yaşımda suya çəkib didəmi,

Köklənim mən «do»da, yoxsa «si»dəmi?

Haqlı sayıb bu edilən sitəmi-

Yaşayıram, sevə-sevə  sevgimi!

 

Əlim gəlmir ah dalınca daş atam,

Ah özü də daş biçimli, daş adam!

Sevgim mənə güc verir ki, yaşadam –

Yaşayıram, sevə-sevə sevgimi!

 

Gözüm, könlüm bir şəkilə çərçivə

O şəkili öpürəm mən ərk ilə!

Ümidlənib, havalanıb hər cürə –

Yaşayıram, sevə-sevə sevgimi!

 

Bizim iç dünyamızın mənzərəsi və o dünyadakı həyat bir Allaha, bir də özümüzə bəllidi. Yəni biz içimizlə çölümüzün, daxilimizlə batilimizin arasındakı o məsafəni zaman-zaman pərdə arxasında saxlayırıq. O pərdənin arxasını görmək üçün o dünyaya, o varlığa, o ürəyə sahiblənmək lazımdı. Onun sakini, onun bir parçası olmaq lazımdı. Deməli, biz yadlığımızla, uzaqlığımızla heç vaxt bir-birimizi, iç dünyamızı görə bilmərik. Düzdü, etdiyimiz hərəkətlər, davranışlar, söylədiyimiz fikirlər müəyyən təəssürat yaradır. Təəssürat isə bütövlük, gerçəklik deyil. O, müəyyən ştrixlərdi. Ona görə də özün necəsənsə, qarşındakını da o cür görmək istəyirsənsə, göründüyün kimi yox, içindəki kimi ol. Məhz belə olan anda sən çevrənə, yaxın və uzaqlarına reallıq kimi görünəcəksən və səni də o reallığın özü kimi qəbul edəcəklər. Təəssüf ki…

Bəli, çox təəssüf ki, bu dünya rəngarəng olduğu kimi, çevrəmizdəkilər də bizimlə yol-yoldaşı olanlar da hətta müəyyən vaxtlarda güvəndiklərimiz də bərkə-boşa düşəndə dərhal gerçək kimliklərini büruzə verirlər. Bax, onda kimin kim olduğu üzə çıxır. Bu ağrıdan, bu sarsıntıdan qorunmaq, onunla qarşılaşmamaq üçün öncə atdığın addımı, dediyin sözü düşünməli, fərqinə varmalısan. Bilməlisən ki, nə edirsən, kimin üçün edirsən və sənin bu etdiklərinin kimlərəsə zərəri nə qədər olacaq. Bax, onda düzgün qərar vermək məqamı gerçək səni sual qarşısında qoyacaq. Bu addımı atım yoxsa yox, bu sözü deyim yoxsa yox.

Həqiqətən Allah hər bir kəsi fərd yaradıb. Bax, bu həqiqətə söykənib düşünmək lazımdı. Onda düyünlər çözüləcək, fikirlərə aydınlıq gələcək. Biləcəyik ki, biz də təkik, fərdik. Ona görə də ikili oyun oynamaq, ikili həyat yaşamaq, ümumiyyətlə, özünü hansısa bir əsərin səhnə obrazını ifa edən aktyor kimi görmək  lazım deyil. Axı təksən, fərdsən. Bu məqamda da əvvəldə söylədiyim, bizi yaşadan, bizi həyata bağlayan sevgi yada düşür, sevgi gəlir köməyimizə. Yəni  Sevgi bir fərdin başqa bir fərdə, bir təkin başqa bir təkə uzanan əli, açılan qolları, bəxş etdiyi iç dünyasıdır. Mən də o uzanan əlin, açılan qolun, bağışlanan iç dünyanın təşnəsiyəm. Onun üçün sino gedən, ona ağılın ucundan da uzağa qoymayan bir təkəm və ona görə də öz-özümə pıçıldayıram ki:

 

Yaşıl işıq yanmasa da yolumda

Mən duamı etdim hər an bəndətək…

Bir həsrətin qandalı var qolumda –

Düşən gündən bilmədiyim fəndə, tək!

 

Xatirədi dilimdəki ah, aman

Göz çıxarır bu yoldakı toz-duman…

Üzə durur gah ağrılar, gah zaman –

Dərd qoşundu bu meydanda, mən də tək!

 

Ağ vərəqdə əlim hər an gül əkdi,

Nəfəsim də tel oxşayan küləkdi…

Gül içindən bəyəndiyim gül təkdi –

Allah təkdi, Sevgim təkdi, Sən də tək!

 

Hərdən təbiətlə baş-başa qalanda müəyyən hadisələrin, hətta macəraların şahidinə də çevrilirsən. Ona görə macəra deyirəm ki, o gördüyün, o izlədiyin heç vaxt ağlından gəlib keçmir və bu barədə də düşünmürsən. Lakin qarşılaşanda həm heyrətlənirsən, həm də bunun bir gerçəklik olduğuna inanırsan. Çünki gözünlə görürsən, tamaşaçısına, şahidinə çevrilirsən. Fikrimi çox da uzatmadan özümün şahidi olduğum və bəlkə də sizlərin gördüyü bir-iki məqamı xatırladım.

Birincisi, yəqin ki, göyərçinlərin  necə dimdik-dimdiyə dayandığını, necə bir-birini oxşadığını görmüsünüz. Və yaxud ikinci, bir-birinə sarılan ilanı da düşünürəm ki, görənləriniz var.  Üçüncü, bir-birini oxşayan maralı, ceyranı, ən azından təbiət verilişlərindən izləmisiniz…

Mən bu məqamları davam etdirə bilərəm. Məqsədim o silsiləni genişləndirmək deyil. İçimdə, ağlımda olan ən gerçək niyyət o səhnələrlə sevgini bir daha qabartmaqdı. Özü də bütün sevgiləri. Vətənə də, övlada da, istənilən bir varlığa da və nəhayət, həyatının, ömrünün yarısı  olana    da!

Bu sevgilər müxtəlif canlıların timsalında eyni mahiyyət daşıyır. Hərə öz həyatına aid olduğu sinifin sevgisinin davamçısı, yaşadanıdı. Deməli, burda bir fərq var. O da ağıl və hiss sevgisidir. Təbii ki, onun ikisi birlikdə insana aiddi. Ona görə də bir baxışdan vurulmaq, bir kğnüldən  min  könülə  bənd olmaq   kimi maraqlı, düşündürücü ifadələr dilimizə daxil olubdu. Leksionumuzda yer alıbdır. İnsanın ağıl və hiss sevgisi onun varlığına hakim olanda onu bu yoldan çəkindirmək çox çətin olur, bəzən də heç olmur. Həmin sevgini yaşayanlar bilirlər ki, onda dünya da, yer də, göy də yalnız sevgisini yaşadığından ibarət olur. Çünki o varlığın sahibidi. Bir az da pafoslu səslənsə də deyim ki, ürəyin də, ağlın da sevdiyinin az qala itaətində olması, qulluğunda dayanması adi və normaldır. Gerçəklik olur.

Mən yazı-pozu camiyəsində özümün ağıl və hiss sevgimi heç vaxtı gizləməmişəm. Necə deyərlər, ürəyimin və ağlımın necə pıçıldadıqlarını hər zaman olduğu kimi kağıza köçürmüşəm. Bilmişəm ki, ahlarım göyə körpü olsa da, yazdıqlarım yanan məktuba çevrilsə də, bir qadın məni unutsa da, ancaq o yenə mənimlədi, daha doğrusu məndədi. Onun sığındığı yer ürəyimdi. Var olduğu ünvan ağlımdı, hissimdi. Bu tamlıqda ürəyin nazı ilə oynamaq, mənim həm müqəddəs, həm də əzəli vəzifəmdi. Ona görə də böyük yazıçımız Seyran Səxavətin dediyi bir fikri həmişə mən də öz-özümə təkrarlayıram:

 

Sıxma  ürəyimi , ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan!..

 

Bax, bu birmənalı və hər kəsin də bildiyi həqiqəti mən də öz ürəyimdəkinə – Sənə hər zaman ünvanlamışam və hər zaman da bilmişəm ki, elə ürək sənin özünsən. Ona görə də ürəyimə üz tutanda bilmişəm ki, sənə üz tuturam:

 

Həyat qəribədi, özün bilmədən

Sönən lampa kimi qaralır ürək…

Hətta ailədə də bir an içində –

Yerin açıq-aşkar daralır, ürək!

 

Özünə sığmayan səsi, sədanı,

Dünənki nazını, hətta ədanı…

Sənin günahını, sənin qadanı –

Soruşmur, səssizcə yar alır, ürək!

 

Döyür pəncərəni gün-gündən acı,

Ağardır kirpiyi, ağardır saçı…

Məhəbbət dediyin ömrünün tacı –

Dağdı, zirvəsini qar alır, ürək!

 

Tükənir nəfəsi, titrəyir səsi…

Bəlkə yaşadığı bəsidi, bəsi!

Bir Allah bilir ki, heç vaxt heç kəsi –

Üzməyən Əbülfət saralır, ürək!

 

Hə, dünyanın əşrəfi olan insan dünyanı manqutlaşmanın, laqeydliyin, biganəliyin ağuşuna atır. Ona görə də sıxır məni bu dünya. O sıxıntıdan hələ ki, məni ayaqda qalmağa kömək edən, ümid verən Sənsən! – Sənin Sevgindi!

TƏQVİM / ARXİV