adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

KEÇ İÇƏRİ, DİNCİNİ AL -

ƏBÜLFƏT MƏDƏTOĞLU
81746 | 2014-02-22 06:36
İndi sizə təqdim edəcəyim kitabın işıq üzü görməsi barədə öncə saytlardan xəbər tutdum. Sonra kitabın özünü gördüm və elə kitabı gördüyüm andaca nədənsə, yadıma müəllifin "Hekayələr" kitabı düşdü. O kitabı 2008-ci ildə oxumuşdum. Elə 2008-ci ilin oktyabr ayının 25-də həmin kitabla bağlı "Bir qom bənövşə" adlı bir oxucu düşüncələri yazdım. Yəqin tarixi bu qədər dəqiqliklə yadımda saxlamağım sizə təəccüblü gələcək. Amma burda təəccüblü heç nə yoxdu. Sadəcə, mən yazılarımın arxivinə üz tuturam və indi əlimdə olan kitabı görəndə "Hekayələr" yadıma düşdüyü üçün vaxt tapıb arxivimə baş çəkdim. Və məhz həmin məqamda da qeyd etdiyim tarix yaddışmda təzələndi, üstəlik o, bir qom bənövşənin ətrini də yenidən duydum. Sonra...
Bəli, hər bir kitab öz müəllifinin həyatının müəyyən bir anı, müəyyən bir yaşamıdır. Doğrusu, burda söhbət kitab adıyla ortalığa səpələnən, bizə sırınan söz yığınından getmir, söhbət o kitabdan gedir ki, o həqiqətən özü ilə birlikdə oxucuya nəyisə gətirir, nəyisə göstərir, nəyisə xatırladır və nəhayət, nəyisə öyrədir. Və bu mənada mən hər yeni kitabı həm də bir müəlliflə oxucu tanışlığı, təması kimi görürəm, qiymətləndirirəm. Elə bilirəm ki, oxuduğum hər kitab müəllifin söz dünyasının qapılarını mənim üzümə açır və mən də bu dünyanın gülünü, çiçəyini, arısını, kəpənəyini, daşını, kəsəyini görüb, duyub, bir sözlə, çayından, bulağından tutmuş, çeşməsinə qədər nə varsa, hamısı ilə ünsiyyət qura bilirəm...
Kamal Abdulla Azərbaycan ədəbiyyatında möhürünü vurmuş, imzasını təsdiqləmiş, öz yolu, öz sözü olan dəyərli söz adamlarının ön sırasındadır. Yəni mənim bir oxucu kimi Kamal Abdulla yaradıcılığı ilə bağlı nə isə deməyim bəlkə də düzgün olmasa da, amma mən Kamal müəllimin demək olar ki, əksər kitablarını, o cümlədən də mətbuatda görünən bütün yazılarını oxumuşam və oxuyuram. Həmin kitablar, yazılar barəsində də sözün mənə verdiyi imkan daxilində fikirlərimi də "Ədalət" in səhifələrində ifadə etməyə, dilə gətirməyə çalışmışam. Təbii ki, yenə deyirəm, bunlar mənim sırf oxucu düşüncələrim, bir oxucu yanaşmam olubdu və bu yazıların heç birində mən nə tənqidçi, nə ədəbiyyatşünas kimi çıxış etmişəm. Ancaq o kitablardan, o yazılardan anladıqlarımı, dərk etdiklərimi ifadə etməyə çalışmışam. Elə bu gün də o istəklə, o oxucu sevgisi ilə xüsusi olaraq, poeziyaya könül vermiş bir qələm adamı kimi əlimdəki kitab barəsində fikirlərimi, düşündüklərimi bölüşmək niyyətindəyəm.
Təbii ki, Azərbaycanda Kamal Abdulla daha çox nasir, tənqidçi, ədəbiyyatşünas, alim kimi tanınır. Onun poeziyaya meyil etdiyini, könül verdiyini o qədər də çox yaxından bilən bəlkə də azdır. Mən şəxsən, Kamal Abdullanın bütün yaradıcılığında müəyyən bir mərhələni təşkil edən şeirlərini öncəki kitablarında bir fəsil formasında oxumuşam. Və açığını deyim ki, həmin o oxuduğum şeirlərin yaddaşımda buraxdığı izləri bu kitabda bir davam olaraq gördüm. Elə kitabı açanda ilk qarşılaşdığım şeir "Qəribədir, deyilmi?" məni sanki silkələdi... diksinən kimi oldum... qulaqlarımda səslənən o musiqini və o ifanı dinləyə-dinləyə şeiri bir neçə dəfə oxudum. Bir neçə dəfə oxuduğum bu şeirin doğrudan-doğruya dünyanın, yaşamın, təbiətin, cəmiyyətin, bir sözlə, elə mənim özümün baxışlarımın qəribə olduğunu sanki yenidən anladım.
Bilirsiniz, insan hərdən yaxşı bir musiqini, ağıllı bir sözü (özü hətta bunu çox gözəl bilsə də - Ə.M.) başqa birindən yerinə, məqamına uyğun formada, hətta səsini də o məqama, o formaya uyğun kökləyib deyəndə, dinləyən elə bilir ki, onun daha dərin köklərinə enə bildi. Yəni eşitdiyinin, oxuduğunun bir az da dərin qatlarına düşdü, baş çəkdi. Elə bu mənada bilmirəm təsadüfdəndi, yoxsa bu da bir zərurətdi- mən kitabı ortadan açanda məhz həmin şeirlə üz-üzə gəldim. Sanki eyniylə ürəyimi açmışdım, bu kitab kimi.

Yağış səsi güclənir,
Şiddət ilə döyünür.
Sanki ev də çırpınır,
Eynən ürəyim kimi...

Hə, ürəyim kimi açdığım bu kitabın şeirləri arasında öz-özümə pıçıldayıram:
- Doğurdan da biz - buyuq!
Və nədənsə mən elə növbəti oxuduğum şeirdə məhz bizi göstərən, bizi ifadə edən həmin o kimliyimiz oldu. Mən anladım ki, ruh, söz, mənəviyyat adamları hardasa bir-birinə gözlə görünməyən tellərlə bağlıdılar. Görünür, elə böyük Səməd Vurğunun söylədiyi "Könüldən-könülə yollar görünür!" fikri də məhz həmin o gözlə görünməyən yollarla bağlı imiş. Kamal Abdullanın söylədiyi "Biz - buyuq" şeirində mən söylədiyim fikrin əyani şahidinə çevrilirəm.

Bir az yağış, bir az soyuq,
Bir az kədər, bir az sevinc.
Yaşayırıq, biz - buyuq,
Dəcəl-dəcəl, dinc-dinc.

Baş verən bütün hadisələrin motivində sevgi dayananda, duyğu dayananda istər-istəməz o səni özünə çəkir, sən o dəcəlliyi də, o dincliyi də həzm edə bilirsən. Çünki sən məhz o cürsən və sənin duyduğun da, qəbul etdiyin də elə sənin kimi olduğuna görə, heç kimin eşitmədiyi bir pıçıltıyla deyirsən:
- Vallah, biz elə buyuq!
Sovet dönəmini yaşamış, elmi ateizm kitablarını oxumuş insanların içərisində müəyyən qisim o uca varlığı ya görməyib, ya inkar edir. Amma əksəriyyət həmişə etiraf edib və əlini göyə açıbdı. Bu da həm sevginin, həm də daxilimizdəki o böyük xofun təsirindən olub. Bir qismimiz sevə-sevə, inam gətirə-gətirə, başqa bir qismimiz isə qorxumuzdan, ehtiyat etdiyimizdən dizimizi yerə atıb əlimizi göyə açmışıq. Lakin hər iki tərəf içində olan o hissi nədənsə daha çox əlçatmazda, ünyetməzdə axtarır. Təkcə şairlərdən, söz adamlarından başqa. Mənə elə gəlir ki, yalnız böyük sözün işığında olanlar o böyük varlığın da ürəkdə olduğunu, ürəkdə yaşadığını zaman-zaman söyləyiblər, yazıblar, etiraf ediblər. Elə Kamal Abdulla da "Allahım, sən mənim ürəyimdəsən" şeirin yazanda da heç də göy üzünə üz tutmayıb, o ürəyi ilə danışıb. Ürəyni qoyub ortaya və o ürəyin içərisində yaşayan uca Tanrıya duyğularını, hisslərini pıçıldayıb. Ona sevgisini, ona inamını etiraf edib, özü də çox sadə bir şəkildə:
Sən məni görməzsən,
yüksəkliyindən
yer üstə yeriyib kiçilmişəm mən.
Elə qaçarsan ki,
gərəkliyindən
hamı şübhə edər varlıqsanmı sən?
Allahım, sən mənim
Ürəyimdəsən!...

Zənnimcə, bu misralardan sonra nəyəsə şərh vermək, nəyisə yozmaq və ümumiyyətlə, Tanrının, onun böyük sözünü, onun böyük sevgisini görməmək və bundan başqa nə isə fikirləşmək mümkün deyil. Mən bir oxucu olaraq bu şeirdən qopub ayrıla bilmədim. Onun hər qatında inamın, istəyin və etiqadın aliliyini gördüm. Elə ona görə də oxuduğum bütün şeirlərin demək olar ki, hamısı o böyük Varlığın qeybdən gələn işığına qərq oldu. Elə bir işığa ki, onu görməmək, ona doğru getməmək mümkün deyil. Düzdü, Kamal Abdulla bir şeirində yazır ki:

Nə qırıldı bu sınanmış maşında?
İndiyədək sazdı kiçik çarxı da.
Bir də gördüm, işıq yoxdu qarşımda,
Mən getmişəm, işıq qalıb arxada.

Müəlliflə mübahisə etmədən öz oxucu düşüncəmi yazmaq istəyirəm. İnanıram ki, bizim içindən keçib gəldiyimiz işıq nə qədər arxada qalsa da, onun şüası mütləq önə də düşür. Çünki biz işıq soraqçısı, işıq axtaran və bir az da işıq yaradanıq. Buna nümunə kimi Kamal Abdulla yaradıcılığını, Kamal Abdulla sözünü göstərmək məncə kifayət edər. Amma bir məqam da var ki, bizlər də büsbütün günahsız deyilik. Bizim hər birimizin özümüzə görə, sözümüzə görə günahlarımız da var. Onu hansı mərtəbədə etiraf etsək də, o, baş vermiş və biz ondan ən yaxşı halda yaddaşımızda yaşatmaqla qurtula bilərik. Yəni o günah bizim canımızdan sümüyümüzlə çıxa bilər.
Kamal Abdullanın hansısa bir günahını (burda söhbət şairin, müəllifin misralara çevrilmiş və yalnız oxucu ilə bölüşdüyü günahından gedir - Ə.M.) ruhanıi ataya söyləməsi bəlkə də ilk baxışdan o qədər də qeyri-adi deyil. Yəni, butün insanlar öz günahlarını kiminsə qarşısında, lap elə kilsədə ruhani ataya etiraf edə bilər. Lakin bu şeirdə ifadə edilən mənanın böyüklüyü ondadı ki, elə etirafı qəbul edənin özü də sən demə, günahsız deyilmiş:

Çıxart günahımı alnımdan itir,
Sənin günahındır - mən günahkaram.
Ya da ki, əfvmi özünlə gətir,
Keçib, mən də səni bağışlayaram.

"Nar çiçəkləri" adlanan və bayaqdan şeir parçalarını təqdim etdiyim kitabın hər səhifəsində duyğuların, düşüncələrin bir-birinə sarmaşmış çəmənliyi oxucu üçün qucaq açıb. Mən hələ uşaq yaşlarımdan kitabın vərəqini qatlamağı xoşlamamışam. Oxuduğum kitabların arasında həmişə kəsik-kəsik kağızlar olub, o kağızlardan istifadə etmişəm. Elə bu kitabda da həmin kağızlardan istifadə edirdim. Sonda gördüm ki, həmin kağızların bütün səhifələrin arasında qoymaq lazım gəlir. Odur ki, kağızları cırıb istifadə etməkdən vaz keçdim. Eləcə, çevirdiyim vərəqlərin bəzilərindən nümunələri diqqətə çatdırmağa qərar verdim. Çünki kitabdakı şeirlərin, eləcə də kiçik poemaların hər biri məndən özünə bir oxucu münasibəti tələb edirdi. Bax, bu şeirdə olduğu kimi:

Elə bil ki, getməmisən heç yana,
Görüşürük ilk dəfədi səninlə.
Mən deyirəm: xoş gəlmisən dünyana,
Sən deyirsən: dumanınla, çəninlə...

Və yaxud:

Yenidən dünyaya gəlmək istəyib,
Səhvsiz yaşamağı arzulayarıq.
Son dəfə sakitcə ölmək istəyi,
Ölərik -
Ayılıb görrük ki, varıq.

Mən "Nar çiçəkləri" barəsində ilk oxucu təəssüratımı Kamal Abdullanın misraları ilə başa vurmaq istəyirəm, burda da məqsədim var. Öncə həmin misraları yazıram:

Xəyal kimi gərilmisən,
Sən o xəyal deyilmisən?
Yorulmusan, yol gəlmisən,
Keç içəri, dincini al.

Hə, indi də pıçıldadığım bu misralardan sonra məqsədimi çox yığcam şəkildə ifadə edirəm:
- Nar çiçəkləri öz gözəlliyi ilə həmişə göz, könül oxşayıb. Onu seyr etdikcə adamın ruhu təzələnir. Bax, elə bu "Nar çiçəkləri"ndə olduğu kimi! Və bu çiçəklər hərdən öz gözəlliyini və o gözəlliyi seyr edənləri özünə doğru səslədiyi kimi, onları qiymətləndirməyi də, onların baxışlarına, sevgisinə münasibətini də ifadə etməyi bacarıb və deyib:
- Bir az dincəlin, bir az sabaha da, sabahlara da sevgi payı, sevilmək payı saxlayın!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV