ÜNLÜLƏRİMİZ

96 | 2025-07-09 10:53

Uçitel Balabəy

Balabəy Astan bəy oğlu Soltanov (bəzi mənbələrdə Sultanbəyov, yaxud Bala Sultanov kimi qeyd olunmuşdur. F.Ş.)  1863-cü ildə indiki Qəbələ rayonunun Bum kəndində bəy ailəsində anadan olub.

 İlk təhsilini  mollaxanada, sonra isə mədrəsədə alıb. Ərəb və fars dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Dövrünün ən savadlı bir şəxsi kimi xatırlanır. 

Balabəy Sultanbəyov Qori Müəllimlər Seminyariyasının məzunu olub. Seminariyanı bitirdikdən sonra Qəbələdə (o cümlədən Bum kəndindində), Şamaxıda, Göyçayda, Şəki Pedaqoji Texnikumunda rus dili müəllimi işləyib. Bütövlükdə  o, 50 ildən artıq şagirdlərin təlim-tərbiyəsi, onların maariflənməsi ilə məşğul olub. O, el arasında “Uçitel Balabəy” kimi tanınırdı.

Uçitel Balabəy Bum kəndində işləyərkən onun səsi-sorağı ətraf kəndlərə də yayılıb. Odur ki, Balabəy Soltanovdan dərs almaq üçün qonşu Tikanlı, Mıxlıqovaq, Həmzəlli, Xırxatala, Qəmərvan və başqa kəndlərdən də uşaqlar Bum məktəbinə gəlirdilər. 

Balabəy Sultanbəyovun tarixi xidmətlərindən biri o olmuşdur ki, o, 1890-cı ildə Bum kəndində öz hesabına məktəb açıb. 1911-ci ildə Bum birsinifli məktəbində işlədiyi zaman qızlar üçün də qrupun açılmasına nail olub. İlk olaraq bu qrupa 20-dən artıq qız cəlb edilib. 

Balabəy Sultanbəyov ömrünün son çağlarında Göyçayda yaşamış və 1947-ci ildə orada vəfat etmişdir.

Balabəyin atası Astan bəy Soltan bəy oğlu (1847) dövrünün uzaqgörən, tərəqqipərvər, ziyalı şəxslərindən biri kimi tanınırdı. Astan bəyin Cəfərqulu bəy (1870), Bala bəy (1863), Fərhad bəy (1875), Səməd bəy (1877), Soltan bəy (1879), Əhməd bəy (1884) adlı 6 oğlu vardı. Bala bəy ailənin ikinci  övladı idi. Bu ailənin övladılarının hamısı (Əhməd bəydən savayı) Qori müəllimlər Seminariyasında təhsil almışdır. Ola bilsin ki, Əhməd bəy də qardaşlarının yolu ilə getmiş və seminariya təhsili almışdır. Lakin bu barədə əlimizdə elə bir sənəd yoxdur. 

Bunula belə 1910-cu ilə aid qaynaqda daha iki Soltanovun-İsmayıl bəy Soltanovun və Mustafa bəy Soltanovun Qori Seminariyasına qəbul olmaları barədə sənəd vardır. Həmin mənbədə bildirilir ki, Bum kənd sakini Rüstəm bəy Nəsir bəy oğlu Sultanov  qardaşı İsmayıl bəy  Sultanovun, Həsən bəy Eldar bəy oğlu  Sultanov isə oğlu Mustafa bəy Sultanovun Qori Müəllimlər Seminariyasında oxuması üçün rəhbərliyə ərizə ilə müraciət etmişlər. Seminariyanın müdiriyyəti onların hər ikisinin ərizəsinə müsbət cavab vermiş, beləliklə də, İsmayıl bəy Soltanov və Mustafa bəy Soltanov 1910-cu ildə seminariyanın tatar (Azərbaycan) bölməsinə daxil olmuşlar.

Sənədlərdə onların soyadları Soltanov, Sultanov, Soltanbəyov, Sultanbəyov kimi yazılmışdır.

Vaxtı ilə Balabəy Sultanovun məktəbində oxuyan Zeynal Əhmədov xatirələrində yazırdı: ”1905-ci il bazar günü idi. Mən atam ilə bazardan gəlirdim. Atamın yaşıdı, həm də dostu Hüseyn adlı bir kişi də bizimlə idi. Atam dostu Hüseynlə Balabəy müəllimdən bəhs edərək bildirdi ki, o, millət ayrılığına, din və millət qırğınına razı olmur. O deyir ki, nə molla, nə əfəndi, nə də keşiş Allahdan çox bilmir. Əgər rus, erməni, cuhut, gürcü və başqa millətlər pisdirlərsə, kafirdirlərsə, onlar tamam dünyanı murdarlayırlarsa, onda qoy Allah onları bir də yaratmasın. Demək, Allah lazım bilir ki, yer üzündə rus, yəhudi, gürcü və başqa millətlər olsun. Onda qoyun Allah özü də onları öldürsün, daha niyə biz onları öldürək ki, onlar da bizi öldürsünlər? Söhbətin bu yerində Balabəy müəllimin bizim tərəfə gələn gördük, gəlib bizə çatanda salam verib hal-əhval bildirəndən sonra atamdan soruşdu:

-Usta Məhəmməd (atam bənna idi), oğlunun neçə yaşı var? 
-10 yaşındadı.
-Məktəbə niyə qoymursan? İki il də keçir məktəb vaxtından. Atam dedi ki, Məsim əfəndinin hücrəsində oxuyur. Balabəy müəllim dedi ki, orada oxusun, qoy bizim məktəbdə də uşaq rus dilində oxusun. Bizim məktəbdə şəriət dərsi də verirlər. 

1905-ci il 20 sentyabrda atam məni kəndimizdəki rus dili məktəbinə qoydu. 5 il oxuyub bu məktəbi bitirdim.

Bir hadisəni heç unutmuram. Atamdan kitab üçün pul istəyəndə deyirdi ki, uşaq bir və ya iki kitab oxuyar, sənin 5-6 kitabın var. Mənə yalan deyirsən, yəqin tütün alacaqsan. Özü də pulum yoxdur. Buna görə də tarix dərsini bilmirdim. Tarix müəllimi Paşa Əfəndiyev hər tarix dərsində zalımcasına məni döyürdü. Ona görə də bir gün səhər dərs kitablarımı evdən götürüb məktəbə getmədim. Məktəb yoluna yaxın ətrafı çəpərlənmiş bağa keçib, içərisi koğuş  (dəlik) olan böyük bir şabalıd ağacının koğuşunda gizləndim. Balabəy müəllim yolda atamı görüb mənim məktəbə getməməyimin səbəbini soruşduqda, atam hər gün evdən dərs kitablarım ilə məktəbə getdiyimi söyləyir. Daha Balabəy müəllim heç bir söz demir “. (4, inventar № 1162, Bum məktəbi haqqında materiallar)

...Balabəy müəllim səhəri gün mənim şagird yoldaşımı özü ilə götürüb başlayır bağçalardan məni axtarmağa. Mən isə şabalıd ağacının içində Krılovun çox sevdiyim “Malenkiy mujiçok” təmsilini əzbərlədiyim  zaman birdən qulağıma səs gəldi. “Uçitelъ, on zdesъ. Mı eqo naşli”. Onda gördüm məni mühasirəyə alıblar, qaçmağıma imkan olmadı. Müəllim nəvazişlə qolumdan tutub məni məktəbə apardı. Bir qədər mehriban söhbət etdikdən sonra gizlənməyimin səbəbini öyrəndi və mənə pulsuz tarix kitabını verib Paşa müəllimi xeyli məzəmmətlədi” (4, inventor № 1162, Bum məktəbi haqqında materiallar) 

Əslən bumlu olan tanınmış maarifpərvər ziyalı C.Şıxməmmədbəyov xatirələrində yazır: “ Balabəy Sultanov Azərbaycanda Sovet höküməti qurulduqdan sonra 30-cu illərə kimi doğma kəndində dərs demiş və Azərbaycan SSR Maarif Komissarlığının məsləhəti ilə Nuxa şəhərindəki seminariyaya göndəilmiş, ömrünün axırına kimi müəllim hazırlamaqda öz qüvvəsini əsirgəməmişdir.

Balabəy müəllimin hazırladığı müəllimlər respublikamızın bir çox rayonlarında fəaliyyət göstərmiş, idarə və müəssisələrdə məsul işlərdə çalışmışlar. Balabəy Sultanovun sayəsində kənd qızları təhsilə cəlb olunmuşdur. (4, inventar № 1162, C.Şıxməmmədbəyovun xatirələri, səh.22-25)

Faiq ŞÜKÜRBƏYLİ, 
tədqiqatçı-etnoqraf


 

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV