Əvvəla, onu bildirmək istəyirəm ki, Xankəndi necə erməniləşmişdi? Xankəndi və Xanbağı Qarabağ xanlarının qışlağı idi. Xanbağı xanın iqamətgahı, Xankəndi isə nökər-naibinin, əsgərlərinin, at qaşovlayanlarının, sənətkarlarının, bazarçılarının yaşadığı yer idi.
Elə ki İbrahim xan məcburən Rusiya ilə müqavilə bağladı və Xankəndində mayor Lisaneviçin komandanlığı ilə Rusiya hərbi qarnizonu yarandı. Və bu qarnizonda yerləşən əsgərlərə və əsgər ailələrinə qulluq eləyənlər lazım idi – çəkməçisi, pinəçisi, at qaşovlayanı, donuz saxlayanı, aşpazı, dərzisi və sair, at ilxısı, köpək sürüsü. Və təbii ki, heç bir azərbaycanlı bu işləri görməyə razı olmurdu. Və Azərbaycanda təhkimçilik də yox idi ki, Xan kimlərisə bu işlərə vadar edəydi. Ona görə də ətraf sığnaqlarda yaşayan ermənilər həmişə olduğu kimi, yenə də nökərçiliyi öz üzərlərinə götürdülər və Xankəndinə axışmağa başladılar. Və beləlilklə, şəhər erməniləşməyə başladı. Sonra İrandan köçürülən ermənilər də Rusiya vasitəsilə məcburi şəkildə bu şəhərdə yerləşdirildilər.
Şəhərdə azərbaycanlılar da yaşayırdı, əsasən Xankəndinin yasamalı sayılan Kərkicahanda və bir də bazar-dükan azərbaycanlıların əlində idi.
Xankəndinin azərbaycanlılaşdırılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra başladı. Heydər Əliyev birinci olaraq Xankəndində Pedaqoji İnstitut açdı və bu institutda Azərbaycan bölməsi də yaradıldı. Qarabağdakı gənclər Bakıda deyil, ailələrinə və evlərinə əlçatan qədər yaxın olan Xankəndində oxumağı daha üstün tutdular. İnstituta ətraf rayonlarda çalışan yüzdən çox müəllim göndərildi, təbii ki ailələri ilə bərabər. Prorektor, dekanlar azərbaycanlılar təyin olundular. Texniki işçilər də demək olar ki, azərbaycanlılardan ibarət idi.
Tələbələrin dalınca valideynlər demək olar ki, hər gün Xankəndinə gedirdilər. Bəziləri öz övladlarını maşınla aparır və dərs bitənədək gözləyirdi. Hələ qızların ardınca gedən cayılları demirəm. Beləliklə, şəhərdə hara gedirdin hamı azərbaycanca danışırdı. Hələ erməni qızlarının dalınca gedən ağdamlıları, şuşalıları demirəm. Beləcə, şəhər getdikcə Azərbaycan şəhərinə çevrilirdi.
Yeri gəlmişkən bir hadisə yadıma düşdü. Georqov İsa bulağında azərbaycanlı yazıçı və şairlərə Vaqif poeziya günündən sonra qonaqlıq verirdi. Xankəndinin İcraiyyə Komitəsinin erməni sədri şair Ənvər Əhmədə dedi ki, bir qohumum var, bu il onu instituta götürərsiniz.
Ənvər Əhməd bir az qımışıb çəp-çəp İspalkoma baxdı və dedi:
- Niyə götürmürük, götürərik, amma pulunu gərək bəri başdan verəsən.
Hamını gülmək tutdu. Yəni onu demək istəyirəm ki, ermənilər bu institutda at oynada bilmirdilər.
Bundan başqa, Heydər Əliyev Xankəndində bir neçə zavod və fabrik açdı. Təbii ki, işçi qüvvəsi çatışmırdı, yaxın Azərbaycan kəndlərindən bu zavod və fabriklərə işçi axını artdı. Hətta məcbur olub Xankəndinin Malıbəyli istiqamətində fabrik və zavodlarda çalışan azərbaycanlılar üçün mikrorayonlar tikdilər.
Xankəndinin əhalisi, ermənilərin şişirtmə rəqəmlərini çıxsaq, təxminən 40-45 min idi ki, onun da 10-15 mini azərbaycanlılar idi.
Möhtərəm Prezidentimiz İlham Əliyev Xankəndində «Qarabağ Universiteti»nin yaradılması ilə bağlı çox vacib bir sərəncam imzalayıb. Bu universitetdə 5-10 min gəncin təhsil alması şəhərin yenidən canlanması üçün vacib rol oynayacaq. Və şəhərə daha böyük bir qayıdışın əsasını qoyacaq. Burda yaşayacaq adamlarla bərabər tələbə və müəllimlər şəhərin havasını isidəcək, hərarətini artıracaq.
18-ci əsrdə Rusiya burda hərbi qarnizon yaratmışdı, 21-ci əsrdə Möhtərəm Prezidentimiz İlham Əliyev tələbə qarnizonu yaradır.
İndidən gələcəkdə həmin universitetdə işləyəcək müəllimlərə və təhsil alacaq gənclərə uğurlar arzulayıram.
Və sonda. Xankəndi Pedaqoji İnstitutunun vaxtilə tələbəsi olmuş polkovnik Hikmət Cəmiloğluna da gözaydınlığı verirəm.