adalet.az header logo
  • Bakı -°C

HAMININ SƏMİMİ DOSTU... 

93 | 2026-06-29 16:18
A- A+

HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ 

Bu yazımı 36 ildən artıq dostluq etdiyim Faiq Qismət oğlu Hüseynov barədədir. Əvvəllər çox yazmışam onun haqqında – müxtəlif janrlarda. Bu dəfə isə yazımın quruluşunu dəyişirəm. Heç bilmirəm nədən başlayım? Onun insanlığındanmı, jurnalist fəaliyyətindənmi, publisistikasındanmı, vətənpərvərliyindənmi, torpaqsevərliyindənmi, dostluq etdiyi insana qayığısındanmı, dost təəssübkeşliyindənmi?

"Ədalət" qəzetinin şöbə müdiri Faiq Qismətoğlunun (Hüseynov) 1990–2026-cı illərdəki çoxillik mətbuat fəaliyyətini müşayiət edən ən mühüm cəhət onun uca, təmənnasız və səmimi şəxsiyyəti olub. Jurnalistika camiəsində o, təkcə kəsərli qələmi ilə deyil, həm də ətrafındakılara qarşı göstərdiyi insanlığı, daxili təmizliyi və səmimiyyəti ilə dərin iz qoyub.

Faiq Qismətoğlunun bir insan kimi səmimiyyətini bəyan edən əsas xüsusiyyətləri xronoloji ardıcıllıqla diqqət yetirək.
 

Həmkarlarına və gənclərə münasibətdə səmimiyyət



Uzun illər "Ədalət" qəzetində şöbə müdiri işlədiyi dövrdə redaksiyaya gələn gənc jurnalistlərə heç vaxt yuxarıdan aşağı baxmayıb. Onların yazılarını düzəldərkən bir şöbə müdiri kimi deyil, qayğıkeş, böyük qardaş kimi yanaşıb, onlara dəyərli məsləhət və tövsiyyələrini verib, gənclərin mətbuatda imzalarını tapmasına səmimi qəlbdən sevinib.
 

Qədirbilən həmkar



O, qələm dostlarının uğurlarını heç vaxt qısqanmayan, əksinə, onların yaxşı yazılarını hər yerdə fəxrlə tərifləyən nadir mətbuat nümayəndələrindən biridir. Dünyasını dəyişən və ya unudulan köhnə jurnalistlər haqqında yazdığı xatirə yazıları onun vəfalı və səmimi qəlbinin göstəricisidir.

Yazılarında səmimiyyətin təzahürü maskasız və olduğu kimi


Onun "Bizə qəzet lazımdı, ya yox?!", "Dərdini gizlədən adam" kimi publisistik yazılarında heç bir süni pafos və ya özünügöstərmə cəhdi yoxdur. O, oxucusu ilə qəzet səhifələrində sanki üz-üzə oturub dərdləşirmiş kimi səmimi bir dil qurmağı bacarır. O, dostlara qarşı da səmimidir, mehribandır. Həmişə mənim səmimiyyətimdən şövqlə söz açır, təmiz, təmənnasız jurnalist olduğumu dilə gətirir, çoxuna nümunə göstərir. Bu gün isə mən SƏMİMİYYƏT sözünü 40 illik dostum Faiq Hüseynov haqqında cəsarətlə, elə səmimiyyətlə yazıram.
Həqiqətə sadiqlik
Əməkdar jurnalist Faiq Qismətoğlu üçün səmimiyyət həm də dürüstlük deməkdir. O, cəmiyyətdə gördüyü nöqsanları, mətbuatın qarşılaşdığı çətinlikləri yazarkən heç bir konyunkturaya uymayıb, ürəyindən keçən həqiqətləri olduğu kimi ağ vərəqlərə köçürüb. Bir oxucu kimi onun yazılarında səmimi ağrılarını və narahatlığını dərhal hiss edirik.
 

Doğma yurda və kökə bağlılıq



Bir insan kimi onun ən səmimi və həssas tərəfi doğulub boya-başa çatdığı Füzuli rayonu, xüsusən də daha çox Böyük Bəhmənli kəndi ilə bağlıdır. İşğal dövrünün ağrılarını da, zəfərdən sonrakı qayıdış sevinclərini də öz daxili dünyasında çox dərindən yaşayıb və bu səmimi vətənpərvərlik hissini ətrafındakı hər kəsə sirayət etdirib.
 

Zəfər sevinci və Böyük qayıdış


44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və torpaqlarımızın azad olunması müəllifin yaradıcılığına yeni, coşqun bir nəfəs gətirib. Post-müharibə dövründə o, Qarabağın, Füzulinin yenidən qurulmasını, şəhidlərimizin xatirəsini və qazilərimizin qəhrəmanlıqlarını səmimi bir vətənpərvərlik nidası ilə oxucularına çatdırıb.
 

Şəhidlik və qəhrəmanlıq irsinə ehtiram



Faiq Qismətoğlu vətən naminə canından keçən insanların unudulmasına imkan verməyən bir qələm sahibidir. O, Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanları, onların ailələri haqqında bədii-publisistik portretlər yaradaraq, vətənpərvərliyin ən ali formasını cəmiyyətə örnək kimi təqdim edib.
 

Milli mövqe və vətənpərvərlik


Onun yaradıcılığında Qarabağ mövzusu, müstəqillik illərinin çətinlikləri və milli kimlik məsələləri əsas xətt təşkil edir. O, cəmiyyəti düşündürən mənəvi, sosioloji mövzuları fəlsəfi çalarlarla oxucuya təqdim edir.
 

Dövlətçiliyin və milli maraqların keşikçisi



Faiq Qismətoğlu üçün vətənpərvərlik, sadəcə, şüar deyil, gündəlik iş fəaliyyətidir. 1990-cı illərin xaotik dövrlərindən başlayaraq, o, qəzet səhifələrində Azərbaycanın müstəqilliyini sarsıda biləcək daxili və xarici təhdidlərə qarşı hər zaman dövlətin və milli maraqların yanında yer alıb.
 

Siyasi-analitik publisistika


Bu gün də "Ədalət" qəzetinin şöbə müdiri kimi yorulmadan fəaliyyət göstərən, özünün actual mövzulu yazıları ilə gündəmdə qalan və şirin yazılarını həvəslə oxuduğumuz və yaradıcılığında "Faiq Qismətoğlu" imzası ilə çıxış edən Faiq Hüseynov 1990-cı illərdən bəri fəaliyyət göstərən doğma qəzetinin formalaşmasında, onun yaradıcı mühitinin qorunmasında və müxtəlif analitik şöbələrinin idarə olunmasında mühüm xidmətləri olub. Bu qəzeti öz doğma balası kimi sevən, onun adına şərəf gətirən və eyni zamanda iş yoldaşlarının da təəssübünü çəkən F.Qismətoğlunun 1990-cı illərdən 2026-cı ilə qədərki çoxillik yaradıcılıq yolu Azərbaycan mətbuatının inkişaf mərhələlərini özündə əks etdirir. Müəllif qəzetdə daha çox aktual ictimai-sosial hadisələri, gündəlik həyatımızda baş verən prosesləri və Azərbaycanın daxili siyasi xəttini təhlil edən irihəcmli analitik məqalələrlə çıxış edir.
O, fəaliyyət göstərdiyi bu illərdə milli-mənəvi dəyərlərin, ana dilinin təmizliyinin qorunması və gənc nəslə ötürülməsi üçün publisistik imkanlarından maksimum istifadə edib. Onun yazılarında Azərbaycan insanının mənəvi ucalığı hər zaman xüsusi qürurla tərənnüm olunur.
 

Prinsipiallıq və peşəkarlıq



O, mətbuat prinsiplərinə sadiqliyi, hadisələrə obyektiv və dövlətçilik maraqları çərçivəsindən yanaşması ilə fərqlənən qələm sahibidir. Cəmiyyətdə və mətbuat ailəsində təmkinli və ziyalı mövqe nümayiş etdirən F.Qismətoğlu həmkarları arasında da seçilir. O, "Ədalət" qəzetinin ənənəvi, akademik və fəlsəfi yazı üslubunu qoruyub saxlayan, gənc nəsillə təcrübəsini bölüşməkdən çəkinməyən səmimi bir həmkar kimi xarakterizə olunur.
 

Sözə və sənətə Tanrı vergisi kimi yanaşma



Yubilyar journalist üçün "Söz", sadəcə, bir informasiya vasitəsi deyil, dünyanın ən ali dəyəridir. O, məqalələrində mənəvi dəyərləri, insan talelərini və səmimiyyəti ön plana çəkir. Yazılarında bədii dillə publisistik dillərin sintezi güclüdür. İnsanların xarakterini açarkən istifadə etdiyi epitetlər ("dərdini gizlədən adam", "dövlətə sədaqətli adam") oxucunu dərhal mətndəki personajın daxili dünyasına aparır.
 

Xatirə və vəfadar qələm



Dünyasını dəyişmiş ziyalılar, xüsusən də həmkarları, iş yoldaşları olmuş peşəkar jurnalistlər və ya şəhidlər haqqında yazarkən onun üslubunda dərin bir sarsıntı və eyni zamanda qürur hissi duyulur. O, keçmişi sənədləşdirən "yaddaş jurnalistikası”nın aparıcı simalarındandır.
 

Və sonda biblioqrafik məlumat



Faiq Qismət oğlu Hüseynov 1 iyul 1956-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1973-cü ildə Böyük Bəhmənli kənd orta məktəbini bitirmiş, daha sonra ali təhsil alaraq jurnalistika və publisistika sahəsinə yönəlib.
Mətbuatda aktiv fəaliyyətə ötən əsrin 70-80-ci illərindən başlasa da, onun imzasının tam formalaşması və kütləviləşməsi 1990-cı illərdən sonrakı müstəqillik dövrünə təsadüf edir.

HAMININ SƏMİMİ DOSTU. HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ - FOTO


Uzun illərdir ki, müstəqil Azərbaycan mətbuatının ən köklü nəşrlərindən olan "Ədalət" qəzetində şöbə müdiri və aparıcı yazar kimi fəaliyyət göstərir.
Onun "Ədalət" qəzeti səhifələrində işıq üzü görmüş bəzi diqqətçəkən publisistik yazıları onun mövzu dairəsini göstərir. "Bizə qəzet lazımdı, ya yox?!" məqaləsi müasir dövrdə çap mediasının problemlərini, qəzet yayımındakı çətinlikləri təhlil edən analitik məqalə kimi yaddaşlara həkk edilib.
"Dövlətə sədaqətli adam" yazısı ictimai-siyasi xadimlərin, dövlətçiliyə xidmət edən şəxsiyyətlərin portret cizgilərini canlandıran esse kimi onu bizə tanıtdırıb.
"Dərdini gizlədən adam" cəmiyyətdəki mənəvi-psixoloji məqamları və yaradıcı insanların daxili sarsıntılarını əks etdirən yazıdır.
 

Peşə sevinci



İnsanın seçdiyi sənətdə tapdığı mənəvi rahatlıq əməyinin bəhrəsini görərkən keçirdiyi ali duyğudur. Hər bir peşənin özünəməxsus çətinlikləri olduğu kimi, heç bir maddi qarşılıqla ölçülməyən, insanı öz işinə bağlayan xüsusi sevincləri də var. Jurnalistin pərdəarxasında yaşadığı o gizli və müqəddəs sevinclər isə ona məxsus olur.


Bir jurnalist və ya publisist üçün ən böyük peşə sevinci günlərlə, aylarla üzərində çalışdığı, ürək ağrısı ilə qələmə aldığı bir yazının cəmiyyətdə əks-səda doğurmasıdır. İşıq üzü görən məqalənin kiminsə problemini həll etdiyini görmək, oxucudan gələn səmimi bir "Sağ ol, dərdinizə şərik oldunuz" sözünü eşitmək, haqsızlığa qarşı yazılan kəsərli sözün öz hədəfinə çatmasına şahid olmaq jurnalist əməyinin ən ali mükafatıdır. Haqqında bəhs etdiyimiz, 70 illik ömrünün 50 ilini mətbuata həsr edən, bu illəri kağız-kuğuz, kitabxananın toz basmış kitabları arasında keçirən həmkarımız Faiq Qismətoğlu da belə jurnalistlərdəndir. Bu sevinc hisslərini yaşamağa ən çox onun haqqı var.
Onun üçün sevinc sıfırdan yaratdığı, xəyallarından kağıza, kağızdan isə reallığa, qəzet səhifəsinə köçürdüyü müxtəlif janrlı, mövzulu yazıların işıq üzü görməsidir. Öz əlləri ilə yazdığı məqalələrin, əzabla, amma sevinc hissi ilə qələmə aldığı yazılarınməhz insanlara xidmət etdiyini görmək yaradıcılıq eşqinin ən böyük zirvəsidir. Peşə sevinci, sadəcə, maaş kartında deyil, insanın "Mən bu gün kiməsə faydalı oldum" deyə bildiyi həmin səmimi hesabat anındadır. İşini sevən hər bir kəs, hansı sahədə çalışmasından asılı olmayaraq, öz sənətinin memarı və onun gətirdiyi mənəvi xoşbəxtliyin sahibidir. Hər zaman mənə “əmioğlu” deyə müraciət edən Faiq Qismətoğlu, 70-ci yubiley yaşın mübarək olsun!

Daşdəmir ƏJDƏROĞLU,
dostun, əmioğlun

TƏQVİM / ARXİV