Son günlər yenə sosial şəbəkələrdə aktiv şəkildə Milli Məclisin deputatı Aqil Abbasın bir neçə il bundan əvvəl plenar iclasda etdiyi çıxışın videoyazısı müzakirə olunur. Deputat çıxışında tətil vaxtı tələbələri Qarabağa bərpa işlərində çalışmağa göndərilməsini təklif etmişdi. Videoyazıya görə, söhbət "küçələrdə avara-avara gəzən tələbələrin" tərbiyəvi məqsədlə ödənişsiz işə cəlb edilməsindən gedir ki, bu da sosial şəbəkə istifadəçilərinin çılğın reaksiyasına səbəb olub.
Qeyd edək ki, tələbə inşaat dəstələrinin bərpa olunması məsələsi, müxtəlif kontekslərdə Milli Məclisdə dəfələrlə səsləndirilib. Bu təşıbbüslər bir çox hallarda iqtisadi vəziyyətlə, digər hallarda isə, tələbələrin peşəkarlığının artırılması məqsədləri ilə irəli sürülüb.
Milli Məclisin deputatı Aqil Abbas, "Haqqın. az"la söhbətində çıxışının montaj və təhrif edildiyinə əsəbləşdiyini bildirdi.
"Mən bu çıxışı parlamentdə dörd il bundan öncə etmişəm. Əslində mən, ali məktəblərdə tələbə inşaat dəstələrinin bərpa edilməsini təklif etmişəm. Burada ödənişsiz əməkdən söhbət getməyib. Tələbələrin iki aylıq əməyi, Qarabağda tikintidə çalışan digər işçilərin əmək haqqına uyğun ödənilməlidir.
Tikinti-bərpa işlərində çalışan işçilər ayda 1500 manat əmək haqqı alırlar. Beləliklə tələbələr təhsil haqlarını ödəyə bilər, yeni peşələrə sahib ola bilərlər. Bundan başqa gələcəkdə Qarabağda ixtisaslarına uyğun işlə təmin olunmaq üçün üstünlük əldə edə bilərlər. Digər tərəfdən böyük tarixi hadisədə, Qarabağın bərpasında iştirak etmək tələbələrə mənəvi stimul verəcək"- deyə deputat çıxışına aydınlıq gətitib. O, həmçinin ideyanın bir çox tələbələr tərəfindən dəstəklənəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, 1989-cu ildə Sovet İttifaqının bütün ali məktəblərində Ümumittifaq tələbə- inşaat dəstələri fəaliyyət göstərirdi. Bu, tələbələrin könüllü olaraq, SSRİ-nin irimiqyaslı obeyektlərində ödənişli əməyə cəlb edilməsi proqramı çərçiəsində həyata keçirilirdi.
Tələbələr Azərbaycanda Heydər Əliyev adına İdman Konsert Kompleksinin tikintisində, Bakı Dövlət Universitetinin yeni korpusunun, Azərbaycan arxitektura, tikinti və digər ali məktəblərin binalarının tikintilərində iştirak ediblər. Onlar həmçinin 1982-ci ildə İsmayıllıda baş verən zəlzələ nəticəsində dağılmış administrativ binaların, Qoşakənd, Təzəkənd və digər yaşayış məntəqələrinin bərpasında da iştirak ediblər, eyni zamanda SSRİ-nin digər regionlarında və hətta Çexoslovakiyada tikintilərdə çalışıblar.
Ekspert qiymətləndirməsi və Alim iqtisadçı Vahid Əhmədov tikinti dəstələrinin bərpa olunması ideyasını müsbət qiymətləndirib:
«Tələbələrin çoxu yayda işləmək istəyirlər. Tətil vaxtı onları əmək birjalarında görmək olur. Təbii ki, bu məsələyə tələbə inşaat dəstələri formasında baxmaq dövlət üçün müsbət faktor kimi qiymətləndirmək olar. İki-üç ay ərzində onlar əlavə xərclərindən başqa 1000 manata qədər pul qazanna bilərlər ki, bu da onların illik təhsil haqlarının yarısı deməkdir. Beləliklə, Qarabağdakı bərpa işlərinə hər il 15-20 min əlavə qüvvə cəlb etmək olar. Hər il 55-60 minə yaxın vətəndaş tələbə olmaq hüququ qazanır».
Alim-iqtisadçı Vahid Əhmədov özü də tələbə vaxtı Taqanroq şəhərində tələbə inşaat dəstəsində iştirak etdiyini bildirib: «Mən tələbə olanda tələbə-inşaat dəstəsi ilə Taqanroqda işləmişəm. Tələbə inşaat dəstəsi hərəkatına hökumət tərəfindən ciddi nəzarət olunurdu. Heç bir məmurun övladı bu hərəkatda iştirak etməkdən boyun qaçıra bilməzdi».
Əhmədovun sözlərinə görə, bu ideyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün iki vacib şərtə əməl olunmalıdır. Birincisi, bu işlərdə iştirak etmək bütün tələbələrə şamil olunmaqla məcburi qaydada həyata keçirilməlidir.
«İkincisi, tələbə-inşaat dəstələrində tələbələr üçün normal infrastruktur yaradılmalı, onlar yataqla, yeməkxana, tibbi xidmətlə və işləmək üçün digər şəraitlərlə təmin olunmalıdır. Yalnız bu şərtlər yerinə yetirilərsə tələbə-inşaat dəstələri müvəffəqiyyətlə həyata keçirilə bilər və bütün tərəflərə xeyir gətirər»- deyə Əhmədov bildirib.
Beləliklə, Aqil Abbasın təklifi əvvəlcə məcburi qaydada əməyə cəlb olunma kimi başa düşülsə də, əslində tələbələrin ödənişli əməyə cəlb olunması təşəbbüsü kimi qiymətləndirilməlidir.
Lakin Vahid Əhmədov ədalətlə qeyd edir ki, yüksək nailiyyət üçün normal şəraitin yaradılması əsas faktor kimi qəbul olunmalıdır. Bu həmçinin normal şəraitdən başqa əməyə hörmət edilməsi və tələbələrin təhlükəsizliyinin təmin edilməsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağın bərpası – uzun müddətli prosesdir. Bu böyük resurslar və güc tələb edir, tələbə-inşaat dəstələri bu zəncirin halqalarından biri ola bilər.
Tələbələr bu barədə nə düşünür?
Haqqın.az ölkənin iri ali məktəblərindən birində – Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr arasında sorğu keçirib.
Maraqlıdır ki, Qarabağda tələbə-inşaat dəstələrində iştirak etmək ideyası təkcə gənc oğlanların deyil, qızların da ürəyincədir. Çoxları qeyd etdi ki, belə bir qruplarla Qarabağda işləməyə getmək əla olardı.
Tələbələrin əksəriyyəti onsuz da təhsillə yanaşı işləyirlər: «Kimisi ofsisiant, satıcı-məsləhətçi, çatdırılma xidmətində, həmçinin super market və otellərdə fəhlə kimi çalışırlar. Lakin Qarabağda iki aylıq işləmək onlara daha sərfəli görünür. Bundan başqa, bu səfərin romantika faktoru az rol oynamır. Eyni zamanda onlar dostları ilə azad olunmuş əraziləri ziyarət etmək imkanları qazanırlar».
Tələbələr sosial şəbəkələrdə bu ideya ətrafında diskussiyalar açmağı təklif etdilər. Güman etmək olar ki, tələbə inşaat dəstələri məsələsi Milli Məclisdə də müzakirə olunacaq. Ona görə də tələbə inşaat dəstələrinin uğurlu təcrübəsi və müasir reallıq nəzərə alınaraq diskussiyaların aparılmasına ehtiyac var. Əgər bu təşəbbüs həyata keçirilərsə onda TİD Qarabağın bərpa olunmasında effektli alət olmaqla yanaşı, yeni nəsil azərbaycanlıların qiymətli təcrübə toplamasına, onlarda tarixi hadisələrə məsuliyyətlə yanaşmaq hissi formalaşdırmağa kömək edər.
Müəllimlərin ümumi fikrini Haqqın.az-a ADPU-nun ictimaiyyət və marketinqlə əlaqələr şöbəsinin rəhbəri Taleh Mirzəyev səsləndirdi: « ADPU olaraq biz böyük məmnuniyyətlə işğaldan azad olunmuş
ərazilərdə geniş miqyaslı təmir-bərpa işlərində iştirak etmək təşəbbüsünü dəstəkləyirik. Müəllim və tələbələrin bu layihələrdə iştirak etmək imkanları bizim üçün prioritet məsələdir. Biz fəxrlə Qarabağda təhsil müəssisələrinin tikintisinin yüksəlişini izləyirik. Xüsusilə Qarabağ Universitetinin fəaliyyətini yüksək qiymətləndiririk. Əgər bununla bağlı müvafiq qərar və tələbələrin təmir-bərpa işlərində iştirak etmək mexanizmi hazırlanarsa biz əminik ki, universitetimizin əməkdaşları və tələbələri bu işdə aktiv iştirak eldəcəklər».
Ceyhun Nəcəfov,
Haqqın.az
Ruscadan tərcümə etdi - Rüstəm Hacıyev


Bakı -°C
