adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Hamının ehtiyacı Sevgiyədi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
604 | 2022-10-28 12:39

Köhnə kişi Rəfail İncəyurd ilə üz-üzə

 

Söz adamları o vaxt daxilən rahat olurlar ki, onların iç dünyalarından qopub gələn pıçıltı həm kağız üzərində, həm dinləyici, həm oxucu yaddaşında əks-səda doğurur, yəni özünü təsdiqləyir, özünü tanıdır və sevdirir. Bax, bu mənada söz tər çiçək kimi qoxuyur. Adamın könlünü oxşamaqla yanaşı, ruhunu da təzələyir...

Azərbaycan oxucusunun imzasını tanıdığı və özünəməxsus yaradıcılıq üslubu, həm də bir şair xarakteri ilə seçilən Rəfail İncəyurd şeirini də özü kimi o qədər abırlı, o qədər istəmli bir formada yazıya köçürür ki, oxuyanda dərhal müəllif gəlib durur gözünün önündə. Mənə görə bu  Rəfail İncəyurdda bir Allah vergisidi. Və bir də mənə görə şairin xoşbəxtlik çalarlarından biri də şeirinin özünə, özünün şeirinə bənzəməsidi. Bax, vurğuladığım bu məqamlar  Rəfailin özündə və sözündə bütünlüklə öz təsdiqini tapıbdır. Masamın  üstündəki və Rəfaelin avtoqrafla bağışladığı «Köhnə kişilər» kitabındakı əksər şeirlər ruh baxımından, sözə yanaşma və sözü yaşamaq baxımından mənə çox doğmadı. Elə bu doğmalıq da məni indi bölüşəcəyim şeirin qapısına gətirdi. Rəfail yazır ki:

 

Hayana can atdım yenə,

Xeyri yoxmuş, ürəyim səni istəyir.

Ha başımı qatdım yenə,

Xeyri yoxmuş, ürəyim səni istəyir.

 

Həqiqətən, insanın elə məqamı olur ki, o, daxili tələbatını ifadə edəndə israrlı olur. İstədiyini, arzusunu, niyyətini deməkdən nə çəkinmir, nə də geriyə atmır. Bax, Rəfail də bu şeirində öz içinin istəyini, öz ruhunun ifadəsini həm istək kimi, həm tələbat kimi, həm də halal haqq kimi dilə gətirir. Deməli, onun duyğularının paklığı istəyini daha da səmimi edir. Mən Rəfailin həmin o halal, pak istəyinə qoşularaq öz duyğularımı da yaddaşımda təzələyirəm:

 

Oturub gözləyəcəm,

Ən son məqama kimi.

Sevgimi söyləyəcəm –

Ən son adama kimi...

 

Bu da mənim daxili tələbatımın ifadəsidi, bu da mənim sevgimin hara qədər davam edəcəyinə, hansı nöqtədə dayanacağına qədər olan durumunun ifadəsidir. Əslində bu, həm də yaşamdı. Bir sevginin vüsalı üçün çarpışmanın, vuruşmanın cizgiləridi, nüanslarıdı. Rəfail İncəyurd da öz duyğularında səmimiyyətini gizlətmədən, pərdələmədən, olduğu kimi kağıza köçürür və o da hər kəsin eşidəcəyi bir səslə öz sevgisindən təkcə umduğunu yox, həm də gözləntisini poetik ifadəyə çevirir və yazır ki:

 

Baş qaldırığ gəzəmmirəm,

Heç nə qoşub düzəmmirəm.

Allah haqqı dözəmmirəm,

Ürəyim səni istəyir.

 

Yəqin ki, oxuduğunuz misralardakı o dupduru istək, o hərarəti könül oxşayan səmimiyyət sizə də qol açdı, siz də ona kökləndiniz. Və şairin az qala həm yalvarış, həm də rica ovqatlı «Allah haqqı» andını özünüzdə təkrarladınız. Çünki bu and sevgi üçün idi, özü də halal sevgi üçün. Bunu da öz şeirimdə sənə, mənə, hamımıza Rəfail dedi. Onun andı mənim də şeirimin bir növü sizin qapınıza gəlməsinə, sizinlə baş-başa qalmasına təkan verdi:

 

Dərdin ustün açacam,

Dərdə işıq saçacam...

Birnəfəsə qaçacam –

Sarı odama kimi!

 

Bütün yaşam, bütün xoş və ağrılı an insanın həyatında bu və ya digər formada özünü göstərir. Xüsusilə bu yaşamı söz adamları daha çox önə çıxarırlar. Biz öz hisslərimizi bir söz adamı kimi, bir şair olaraq şeirə köçürəndə oxucunun bizi necə qarşılayacağını unuduruq. Çünki şair daha çox özünü yazır. Həmin an o daha çox Allahla təmasda olur. Onun dərgahında sözün çiçəyini, gülünü dərir və bu da sonda şeirə çevirir, ruhun şeirinə:

 

Qanı cana bulayımmı,

Canı başa dolayımmı?

Ulum-ulum ulayımmı,

Ürəyim səni istəyir.

 

Bozqurd kimi ulamaq, yanıqlı səsinlə həsrətdən köz-köz olmuş ürəyin ulartısını çatdırmaq və nəhayət sevginin səni saldığı durumu ifadə etmək heç də asan deyil. Amma Rəfaei o ulartını, o ağrını, o istəyi dilə gətirəndə dediyim kimi Yer üzündən qopub ayrılmışdı, o sevginin qərar tutduğu ünvanda idi. Ona görə də onun harayı hər kəs tərəfindən sayqı və sevgi ilə qarşılanır. Mən də həmin o sevginin dilini bilənlərdən  biri   kimi qoşuluram Rəfailə. Onunla çiyin-çiyinə üzü sevgiyə yol gedirəm. Çünki bu yoldakı təklik və tənhalıq bütövlükdə çəkilənlər Məcnunluğun cizgiləridi. O cizgiləri də yalnız Məcnun olanlar, Leyli olanlar görür və bilirlər:

 

Təklik ağır olacaq,

Ağrıdan bağıracaq.

Ürəyim çağıracaq –

Hər gün o dama, kimi?

 

İndi hər anın, hər günün fəryadı, çağırışı, nidası insanın həyatında özünü büruzə verirsə, deməli, yaşanmış gerçəklik boşuna ötüb getməyib və ən vacibi də bu sevgi ötəri, aldadıcı olmayıb. Yaşanıb və indi də yaşanan sevgidi. Onu demək asan olduğu qədər də həm də çətindi. Çünki sən öz sevginlə sevgi qazanmaq istəyirsən və deməli, o qazanacağın sevgi üçün hər şeydən keçməlisən. O ana qədər ki, o sevgini qazana biləsən. Rəfael də bu yolda seçimini edib və yazıb:

 

Hansı yolu başa salım,

Hansı ağlı huşa salım,

Ürəyə nə başa salım,

Ürəyim səni istəyir.

 

Mən ürəyimin istəyi kimi yazdığım və sizə də təqdim etdiyim bu fikirlərimi dilə gətirəndə tərəddüd etmədim. Çünki mən də nə yazdığımı öncə nə yaşadığımdan öyrəndim, ordan nəticə çıxartdım. Və bir daha anlayıb qərar verdim ki, ürəyimdəki olan Sən, ürəyimin istədiyi Sən və ürəyimdəki Sən! – dediyim sevginin ünvanına doğru gedən yolda bir seçim var – o da dözməkdi, gözləməkdi. Onun üçün də şeirimi belə tamamladım:

 

Oturub gözlədikcə

Ən son adama kimi.

Biləcək bənzətmişəm

Gülüm, adama, kimi!

 

Hə, mən özünəməxsus poeziyası və özünəməxsus adamlığı olan Rəfail İncəyurd ilə dərdləşdim, söhbətləşdim. Daha doğrusu, onun və mənim sevgimizin bütövlükdə bütün sevgilərdən üstün olduğunu öz aramızda bölüşdüm və sonda bu bölüşməni sizin də oxumanız üçün kağıza köçürtdüm. Bilmirəm, oxuyacaqsınız ya yox, amma bütün hallarda sevgi hamıya gərəkdi. Bunu unutmayın!

 

TƏQVİM / ARXİV