adalet.az header logo
  • Bakı -°C

44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı

133 | 2025-11-04 11:31
A- A+

Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi.

Bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Bu gün böyük sevinc və qürurla hər günü bir əsrə bərabər olan 44 günlük qələbəmizin beş ilinin – 8 noyabr, 2020-ci il Zəfər Günümüzün qeyd olunduğu gündür. Bu 30 illik arzularımızın, xəyallarımızın, yuxularımızın gerçəyə çevrildiyi, Qarabağa qovuşduğumuz Qələbə tariximiz, Zəfər Günümüzdür. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. 10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: «Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır»
Bəli, o gün Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq... 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Həmçinin, Vətən Müharibəsindəki böyük qələbəmizi 2020-ci il dekabrın 10-da Qələbə Paradı keçirildi. Qələbə bayrağımızı parada gətirilməklə qailb ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik.

44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.

Bəli, Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi, bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının sayəsində əldə etdi, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə etdi, bunu hər daim Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə etdi. Və bu həmrəyliyini hamıya nümayiş etdirdi. Bundan sonra bütün dünya bilsin və eşitsin ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! Yaşa Azərbaycan!

Elnurə Fizuli qızı İsgəndərova
Abşeron rayon, Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru, "Qızıl Qələm", "Xan qızı Natəvan", "Zəfər", "Təhsil Fədaisi" media mükafatlırı laüreatı

TƏQVİM / ARXİV