adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

GÖY ÜZÜNÜN ÜLVİSİ... - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1510 | 2023-11-22 12:24

...Deyirlər ki, dünyanın ən təmiz adamları, ən saf insanları Allaha daha çox yaxın olurlar. Onu da deyirlər ki, bu saf, duru, ürəyi böyük insanlar həm də göy üzünün adamlarıdı. Yer üzündən fərqli olaraq, göy üzündə onların yeri daha rahat, daha sakit və daha gözəldi. Bəlkə də bura göy üzü yox, həm də Cənnət sayıla bilər...

...Dünyanın ən təmiz, ən saf və ən duru gənclərindən biri də şəhid Ülvi Şirin oğlu Hacıyev olub. O insanlar ki, adları ilə özləri kimi düz mütənasibdir, deməli, həmin adamlar bayaq dediyimiz kimi, Allahın sevdiyi və seçdiyi bəndələrdir. Ülvi adı qədər təmiz, pak, bulaq suyu kimi dupduru bir oğlan olub və bu dupduru bir oğlan 1994-cü il noyabrın 13-də Bakı şəhərində dünyaya göz açıb. Həm uşaqlıqda, həm yeniyetmə dövründə, həm də gənclik illərində yoldaşlarından seçilib. Onu fərqləndirən böyük İlahinin ona verdiyi böyük ürək, böyük sevgi və böyük əməllər olub. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Eyni zamanda, həmin ali məktəbin "Biznesin idarə edilməsi və təşkili" ixtisasına yiyələnib. İngilis dilini mükəmməl öyrənib və başqalarına da öyrədib. Onun üçün dünyada ən müqəddəs varlıq Allah, Ana və Vətən olub! Ananın və Vətənin ən ağır, ən dar, ən çətin günündə özünü ona çatdırıb. Baxmayaraq ki, hərbi xidmətdən sonra Dövlət Gömrük Komitəsinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsində inspektor işləyib. İşi də lap əla gedib! Amma sadəcə olaraq, İkinci Qarabağ Savaşının başlaması və Prezident İlham Əliyevin xalqa müraciəti onun ürəyinin "sarı siminə" toxunub. Atasına-anasına bildirmədən ərizə yazaraq, könüllü cəbhəyə getmək istəyib. Hələ müharibə başlamamışdan öncə general Polad Həşimovun və Mübariz İbrahimovun həyat yolu, şəhidliyi onun üçün əbədi işıq olub. O işıq ki, heç vaxt Ülvinin ürəyində azalmayıb, əksinə, günbəgün çoxalıb və düşünüb ki, elə o da Polad kimi, Mübariz kimi şəhid olmaqla Vətənini xilas edəcək! Dünyanın ən qaranlıq, ən zülmətli yerini öz nuru, öz işığıyla gözəlləşdirəcək. Bax, onda dünyanın ən qaranlıq yeri işğal altında olan torpaqlarımız idi. O torpaqlarda Ülvi döyüşmək istəyirdi. Şəhidlərimizin, o cümlədən general Polad Həşimovun, Mübariz İbrahimovun qisasın almağa can atırdı...

...Cəbhəyə getdiyi gün onun ömrünün bəlkə də ən gözəl anları olub. Anasını, atasını və doğmalarını bağrına sıxıb, başqalarından fərqli olaraq deməyib ki, mən qayıdıb gələcəm, deyib ki, mən şəhid olacam və məni də Mübariz İbrahimovun yanında dəfn edəcəklər, məni bütün Azərbaycan tanıyacaq! Bəli, onu bütün Azərbaycan tanıdı, sevdi, öz balası, öz övladı, öz əzizi bildi! 2020-ci il sentyabrın 30-da cəbhəyə, Füzuli rayonuna döyüşə yollandı! Cəbrayılın, Füzulinin azad olunmasında bir aslan kimi döyüşdü. Yaralandı, amma nə anasına bildirdi, nə də digər doğmalarına, həmişə də zəng edəndə deyib ki, yaxşıyam, yarası sağalandan sonra yenidən Xocavənd istiqamətində döyüşə qoşuldu. Çətin vəziyyətdə, qanın içində olan silahdaşlarının bir neçəsinin həyatını xilas elədi və onun xilas elədiyi o igidlər bu gün Ülvi haqqında elə şeylər danışır ki, adamın tükləri biz-biz olur. Ülvi çiçəyin üstünə daman əsgər yoldaşının qanını axmağa qoymur, onu sarıyır və lazımi yerə çatdırır, amma özü Şuşaya 10 km. qalmış şəhid olur! Və dekabrıın 6-da onu II Fəxri Xiyabanda arzuladığı Milli Qəhrəman Mübariz İbrahimovun yaxınlığında dəfn edirlər... 

...Nə Polad Həşimov, nə Mübariz İbrahimov, nə də Ülvi Hacıyev heç vaxt bir-birini görməmişdi və tanımamışdı, amma onların ruhları, qəlbləri bir-birinə çox yaxın idi. Bu ruhlar və qəlblər sağ olanda birləşə bilməsələr də göy üzündə bir-birinə birləşdilər. Göy üzündə bir Ulduza, bir Günəşə, bir Aya dönüb, Azərbaycanımızı və dünyamızı nura qərq elədilər! O nur ki, bütün şəhidlərimizin, qazilərimizin və qaliblərimizin gücüylə Azərbaycanın işğal altında olan bütün torpaqları azad oldu. O nur ki, 2023-cü il sentyabrın 19 və 20-də antiterror əməliyyatı zamanı 23 saat 43 dəqiqədə Xankəndini, Xocavəndi, Ağdərəni, Xocalını, Əsgəranı və digər işğal altında olan Qarabağ torpaqlarını xilas elədi. Düzdür, Polad Həşimov, Mübariz İbrahimov, Ülvi Hacıyev və minlərlə şəhidlərimiz əllərinə silah götürüb, döyüşə bilmədilər, ancaq onların ruhları döyüşdü və murdar ermənilərdən torpaqlarımızı təmizlədilər. İndi o torpaqlardan tay erməni döyüşçülərinin iyisi yox, Azərbaycan əsgərinin, şəhidlərin qoxusu gəlir...
Ülvi anasını Vətən kimi, Vətəni də anası kimi çox istəyib. Hər ikisinin yolunda ölümə getməyə, şəhid olmağa hazır olub. Anası Həmidə xanımla üzbəüz əyləşmişik. Saçları ağarsa da, gözlərində kədər çox olsa da, amma onun gözlərinin dərinliyinə baxanda mən kədərdən də, dərddən də çox o gözlərdə Ülvini görürəm. Gördüm ki, Ülvi ölməyib, sağdır və hər gün, hər dəqiqə anasının gözlərindən bu dünyaya boylanır. Sevdiyi insanları, hətta sevdiyi qızı axtarır. O, qızın kimliyi, təbii ki, bilinmir. Bir o qız bilir, bir də Ülvi bilirdi. 

Anası bir anlıq Ülvili dünyaya qayıdır. Deyir ki, o, mənimlə nəfəs alırdı, hətta deyirdi ki, ana sən ölüb-eləsən, səndən qabaq tabuta mən girəcəm. Mən də deyirdim, ay oğul, baxma bir balaca narahatlığım var, ölüb-eləyən deyiləm, sənin toyunu görəcəm. Allah-Təala o toyu mənə qismət eləmədi, onun toyunu görmədim, amma Ülvinin özü dediyi kimi ən uca zirvəyə yüksəldiyini gördüm. Gördüm ki, Ülvi sağlığında nə arzulamışdı, hamısı bu dünyada gerçəkləşdi... 

Həmidə xanım Ülvinin tələbəlik illərini yada salır, xatırlayır, amma bu dəfə gözü dolur, gözünün dərinliyində yenidən sevinc boylanır... yenidən Ülvi görünür... Deyir ki, Ülvi öz tələbə dostu olan qızları bacıları qədər çox sevirdi. Deyirdim, Ülvi onlardan birini seç, ailə qur. O, da gülə-gülə dillənirdi: 

- Ay ana, axı onlar mənim bacımdı və o bacımın hər birisinə mən şeir də yazmışam... 

Həmidə xanım:

- Nolar, əvvəl bacı kimi sev, sonra biri ilə ailə qur! Bax, o qızların hamısı çox əxlaqlı, tərbiyəli, savadlı qızlardır...

Mən bu sözləri deyəndən sonra Ülvi gülər və yenidən deyərdi:

- Ana, mən sənə gəlin yox ey, qız gətirmək istəyirəm!..

Həmidə xanım "qız" sözünü deyəndən sonra kövrəlir və deyir ki, onun sadiq, tələbə dostları olan qızlar bu gün də məni tək buraxmır. Tez-tez bizə gəlir, mənim yanımda olur, Ülvili günləri xatırlayırlar, hətta II Fəxri Xiyabana gedib, onun məzarını ziyarət eləyirlər. Allah bu qızları xoşbəxt eləsin! Elə bilirəm ki, Ülvinin bacılarıdır. Allaha and olsun, onları öz qızım bilirəm!..

Əvvəllər Ülvini Həmidə xanıma görə tanıyırdılar. Amma indi bütün Azərbaycan Ülviyə görə Həmidə xanımı tanıyır və onu çox istəyir. Çünki Ülvi ən hündür bir dağın zirvəsinə bənzəyir. O zirvə ilə tək anası Həmidə xanım, atası Şirin kişi deyil, həm də bütün Azərbaycan qürur duyur. Həmidə xanımın bir sözü də yadıma düşür, deyir ki, Ülvi yatmamışdan öncə mənim yanıma gələr və deyərdi ki, iyini alıb, sonra gedib yatacam. Çünki o iyini almasam, yata bilmərəm! Ülvi üçün iki iy, qoxu vardı: biri Anasının qoxusu, biri də Vətənin qoxusu! Anasının qoxusunu alıb, bir an onun yanında yatırdı, Vətənin qoxusunu alıb, ömürlük onun qoynunda yatdı...

Ülvi kimi qəhrəmanlar Tanrının sevdiyi və yanında saxladığı şəhidlərdir. O yer adi yer deyil, o yer göyün yeddinci qatıdırmı, neçənci qatıdırmı, bilmirəm, bildiyim odur ki, o yer Cənnətdir və orda şəhidlər əbədi yaşayırlar. Yazımızı Vaqif Bayatlı Odərin "Sevimli adamları tez aparır Tanrı" şeiri ilə tamamlamaq istəyirik:

Sevdiyi adamları, 
tez aparır Tanrı,
aparır deyəndə, 
əslində qoparır onları. 
Dünyanın caynağından 
tez qoparır 
qalıb yer üzündə 
çox əzab çəkməsinlər,
Tanrının yazdığını qoyub, 
Göylərçün yaranmış qanadlarıyla, 
onun-bunun çəkməsini 
silməsinlər... 


 

TƏQVİM / ARXİV