adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GÖRMƏYƏNDƏ DARIXDIğIM ADAM

AZƏR ABDULLA
52001 | 2011-09-19 13:16
...Mən gənc şairlərə, gənc jurnalistlərə üzümü tutub deyirəm: - Siz Tofiqin nəyini görmüsünüz! Altmışıncı illərin Tofiqindən danışmaq istəyirəm. Onun kirayə elədiyi iki çarpayılıq, darısqal evindən danışmaq istəyirəm. Altmışıncı illərin ortalarında Tofiq Məhərrəmoğlunun (onda imzası belə idi) həmin balaca evinin yanında rəsmi ədəbi dərnəklər yalan idi. O balaca, darısqal daxmaya kimlər dürtülmürdü - odlu-alovlu gənc şairlər, tənqidçilər, yazıçılar, rəssamlar, filosoflar, musiqiçilər, siyasətçilər... Sumqayıtdan, Bakının qəsəbələrindən, ayrı-ayrı ucqarlardan çılğın gənclər yazdığı yeni şeirini oxumaq üçün, bir az da çəkinə-çəkinə, ehtiyatla Tofiqin evinə üz tutardılar. Höcətlər, dartışmalar, mübahisələr gecə yarısınacan çəkərdi. Tofiqin şeir oxumasını hamı maraqla, intizarla gözləyərdi. O tavanı alçaq, darısqal daxmaya yığışan gənclərin hamısı Tofiqin evindəki çappa stəkanda pivə, rəngsiz çay içib, o vaxtlar mağazalarda biri on bir qəpiyə satılan çiy kotletlərdən qızardıb yeyiblər. O, Neftçaladan (Tofiqgilin rayonu) gətirdiyi balıqları balaca aqara tavada qızardıb ac-yalavac dostlarına yedirdərdi. Yedirdərdi deyəndə, o vaxtlar Tofiqin özü də çox imkansız, pulsuz bir gənc idi.
   
   Gəncliyində olduğu kimi, Tofiq indinin özündə də ucadan, çığıra-çığıra danışır. Belə ucadan danışmasına görə onun danlandığının, hətta təhqir edildiyinin dəfələrlə şahidi olmuşam. Nə yaş, nə zaman, nə də az-çox işlərinin, problemlərinin nisbətən sahmana düşməsi bu adətini ona tərgitdirə bilib.
   
   O vaxtlar bu qədər gedib-gələnin, qonaq-qaranın qabağında Tofiqin vaxt tapıb kitab oxumasına, şeir yazmasına heyrətlənirdim. Qapısı hamının üzünə açıq olan daxmada onun tək qalıb oxumağa, yazmağa imkanı olmurdu. Sonralar öyrəndim ki, o, şeirlərini yatağındaca - uzanmış vəziyyətdə yazır. Dediyinə görə, bu adətindən indinin özündə belə əl çəkməyib.
   
   Küçədə dostları, tanışlarıyla qarşılaşanda Tofiq onlara ya qənd, ya on bir qəpiklik çiy kotletlərdən bir neçəsini, yaxud çaxır, pivə, çörək, yaxud araq almalarını tələb edərdi. Bəzən aylarla görüşmədiyi adama da bu təklifini çəkinmədən deyirdi. Tofiqgilə gəlib-gedənlərdən, o tünlükdən, basabasdan xəbəri olmayanlar onu xəsis, həm də üzlü, həyasız sanırdılar. Sonralar bəlli oldu ki, bir belə adama çay, çörək verməyin öhdəsindən heç kəs gələ bilməz. O vaxtlar Tofiq hansı zavoddasa fəhlə işləyirdi.
   
   Kənddən gəlmiş kimsəsiz, evsiz-eşiksiz uşaqların içində bir çox şeyləri ilkin Tofiq Abdin əldə edib. İlk dəfə maqnitofonu o aldı, "Kometa"dan tutmuş "Soni"yəcən. Kirayənişin qaldığı tavanı alçaq, darısqal evdə siqaret tüstüsü, dumanı içində Tofiqin "Kometa" maqnitofonunda o dövrün estrada ulduzlarının (lap çox Corc Marianna, Radmila Karaklaiç) mahnılarını, aşıq musiqisini və Tofiqin özünün lentə yazılmış şeirlərini eşitmişik. Qızla tanış olmaq, dostluq etmək arzusuyla alovlanan rayondan, kənddən gəlmiş gənclərdən ilk dəfə Tofiq Məhərrəmoğlu bu əlçatmaz arzuya yetib. Qonşularında bir qəşəng musiqiçi qıza bənd olmuşdu. Və mənə elə gəlirdi, o vaxt Tofiqgilə gəlib-gedən gənclərin bəlkə də hamısı ona paxıllıq, yaxud həsəd hissilə baxırdı. Nədənsə o çağlar mənə elə gəlib (indinin özündə də) ki, Tofiq Məhərrəmoğlu məhz o çağlar şair idi, şairliyinin ən uca zirvəsindəydi. Onun gənc yaşlarında qazandığı uğurlardan biri də "Qobustan" toplusu kimi son dərəcə mötəbər sayılan bir mətbuat orqanında şöbə müdiri vəzifəsinə düzəlməsiydi. Yoldaşlarının arasında ilk dəfə minik maşını aldı, ilk dəfə xarici ölkəyə (Bolqarıstana) getdi. Tofiqin qazandığı bu uğurların hamısı o çağlar üçün əlamətdar hadisə sayılırdı. Yenə deyirəm, söhbət imkanlı, ata-analı, dayılı, bir sözlə, arxalı gənclərdən yox, o dövrdə kənd-kəsəkdən gəlmiş kimsəsizlərdən gedir. Bunların hamısını Tofiq öz gücü, çevikliyinə görə əldə etmişdi.
   
   Tofiq Məhərrəmoğlunun o alçaqtavanlı, darısqal evi gözlənilmədən siyasi dərnəyin qərargahına çevrildi. İndiyəcən də mənə bəlli deyil ki, siyasi dərnəyimizin cəmi-cümlətanı iki yığıncağı niyə məhz Tofiqin o daxmasında keçirildi? Bəlkə ayrı münasib bir yer tapılmadığından idi, bəlkə orqan işçilərini azdırmaq üçün bura seçilmişdi? Ancaq elə ikinci yığıncaqdan sonra dərnəyimizin üzvlərini DTK-ya çağırdılar. Bizim çoxumuz o vaxtlar anlamırdıq ki, almanı gizlətməklə onu içindən qurdlanmaqdan qorumaq olmaz. Demiyəsən, satqınlar öz içimizdəymiş. Bununla da dərnəyimizin "siyasi fəaliyyəti" və bizim ədəbi nəslin poeziya mühiti dağıldı.
   
   Tofiq Abdin qədər kəndçiliyini danan, kəndçi kimi tanınmasından qorxan və özünü şəhərliyə oxşatmaq üçün əlindən gələni əsirgəməyən, yazılarından tutmuş, ta geiyminəcən orijinal və müasir olmağa can atan ikinci adam tanımıram. Ən pulsuz vaxtlarında belə dəblə geyinməyə can atan Tofiqin, elə mənim özümün də bir "məxmər dövrü"müz olub. Ayaqqabımızdan kepkamıza, toqqamızdan çantamızacan məxmər olub. Əgər yanılmıramsa, Tofiq həmin məxmərlərin içərisində özünü xoşbəxt (ən azı yazımdakı bu xoşbəxt sözünə görə Tofiq məni lağa qoya bilər) hiss edirdi.
   
   Altmışıncı illərdə Tofiq Məhərrəmoğlunun "totuş" bir qızla (Tofiqin işlətdiyi ifadədir) gəzdiyi çağlar əynindəki enli yaxalıqlı zolaqlı köynəyi ona necə də yaraşırdı...
   
   Kim nə deyir desin, Tofiq Məhərrəmoğlu geyimindən, tez-tez ucadan danışmasından (toyda, yasda, küçədə, işdə, evdə və hər yerdə) dəlisovluğundan, ehtiyac içində yaşamasından tutmuş yazdığı şeirlərəcən, təpədən-dırnağacan şair idi. Axı, altmışıncı illəri yaşayanlar, o illərdən keçib gələnlər bilir ki, elə həmin vaxt "Bir böyükdür iyirmi dörddən" - deyə bilmək və o cür yazmaq, düşünmək hər oğulun, hər şairin işi deyildi. Poemada poetik elementlərdən daha çox publisist manevrlər güclü olsa da, əsər o illərdə çap üzü görsəydi, heç şübhəsiz, ədəbi aləmdə səs-küy, sensasiya qoparacaqdı. Müəllifin bir şair kimi nüfuzu qat-qat artacaqdı. Ancaq Tofiq belə şeirlərini çap etdirə bilmədi. İstər-istəməz bağlı qapılardan yox, üzünə açıq qapılardan keçməyə başladı. Bu, onun öz içində boğulması idi. Bu, Tofiq Məhərrəmoğlunun və onun çağdaşlarının acı taleləri idi. Tofiq açıq qapılardan publisist kimi sürətlə irəliləyirdi.
   
   Yetmişinci illərin əvvəllərində Tofiq altmışıncı illərin xiffətini etdiyindən yenə bir sıra kədərli şeirlər yaza bildi. Hamıya bəlli alovlu məhəbbətinin sonradan uğursuzluqla bitməsilə bağlı şeirlər. Kimsəsizliyi, gücsüzlüyü, arxasız olması ilə bağlı, "Sevmək istəyirəm atamı" şeirini yazdı. Bu misra təkcə Tofiq yaradıcılığında deyil, o dövrün poeziya aləmində ən tutarlı, ən güclü ifadələrdən olsa da, bir neçə dostundan başqa bir kəsin diqqətini çəkmədi. Çünki şeir işıq üzü görəndə o, artıq poeziyadan üz döndərmişdi, publisist aləmində uğurlar qazanmışdı.
   
   Azərbaycan ziyalı elitası "Qobustan" toplusunun hər nömrəsini maraqla izləyirdi, toplunun hər nömrəsində Tofiq Məhərrəmoğlunun aktyor, rejissor, bir sözlə sənətçilərimizin həyat və yaradıcılığıyla bağlı ağrılı-acılı və maraqlı yazılarını oxuyurdular. İnsafla desək, yaşıdlarımızdan jurnalist sənətimizə Tofiq Abdin qədər yenilik, cəsarət, səmimilik, istilik, doğmalıq... gətirən adam olmayıb. Mətbuatımızda şablonçuluq, qeyri-səmimilik, standartçılıq, məddahçılıq hökm sürdüyü bir vaxtda onun publisist yazılarında sənətkarın bir fərd, bir şəxsiyyət, hər şeydən öncə bir insan kimi taleyi, ağrısı-acısı, uğurları və uğursuzluqları aşkarlanıb, işıqlandırılıb. Qadağan olunmuş illərdə senzuranın narın gözlü süzgəcindən - ələyindən Tofiq Abdinin çox kəskin fikirləri keçə bilib. Tofiq bunları ancaq "Qobustan" toplusunda çap etdirə bilib. O, (elə mən özüm də) həmişə Anarın ("Qobustan"ın baş redaktoru) bu məsələdəki nüfuz və səlahiyyətini xüsusi qeyd etmiş və bütün çap olunan cəsarətli yazılarımızın işıq üzü görməsində ona borclu olduğumuzu açıq qəlblə boynumuza almışıq. Elə həmin illərdə bizim yazıları televiziyada, radioda, başqa qəzet və jurnallarda kəsib doğrayır, yaxud heç yaxına buraxmırdılar.
   
   Tofiq Abdinin publisist yazılarından gənc jurnalistlərin çoxu bəhrələnib. Deyərdim ki, bir jurnalist kimi namusla yazıb, yazı çap etdirməyin müşkül məsələ olduğu bir dövrdə gənc jurnalistlərə köməyi dəyib, başqalarından fərqli olaraq çox vaxt jurnalistləri özü axtarıb, arayıb, onlara yazılar sifariş verib. Bölməsinə gələn yazılara son dərəcə demokratik münasibət bəsləyib. Sözsüz ki, bu demokratiyanın əsası Anar bəylə, onun cəsarəti, obyektivliyi, nüfuzu ilə bağlı olub. Anardan sonra "Qobustan"ın əsas yaradıcı qolunu, toplunun oxunaqlı, maraqlı çıxmasında Tofiq Abdinin yerini, görünən yerini ayrıca qeyd etmək lazımdı.
   
   Elə bu illərdə, Azərbaycan mətbuatında bir jurnalist kimi at oynatdığı illərdə özünün də xəbəri olmadan Tofiq Abdinin şairliyi ölməkdəydi. Poeziyada Ramiz Rövşən, Vaqif Cəbrayılzadə Bayatlı görünməyə başlayanda Tofiq Abdinin çığırtısı, bağırtısı aləmi başına götürdü. O, heç cürə bu şairləri qəbul etmir, onların şeirlərini lağa qoymağa çalışırdı. Sonralar isə bunların və yeni meydana çıxmış şairlərin dalbadal uğurlarını görəndə, ədəbiyyat aləmində nüfuzlu yazıçı, şairlərin onlar barəsində yazdıqlarını görəndə Tofiq bunları sinirə bilmədi. Ümumiyyətlə, başqalarının, xüsusilə öz yaşıdından olanlar, yaxud özündən balacaların uğurunu eşidəndə onun tutulub, qaraldığının şahidi olmuşam.
   
   Bəs Tofiq Abdinin şairliyini daha nələr məhv etdi? O dövrdəki ədəbi nəslin belini qıran ədəbi mühitin olmaması. Tofiq Abdinin "Qobustan" toplusu kimi demokrat ruhlu bir jurnalda işə düzəlməsi, yaradıcılıq səmtinin başqa yönə baş alıb getməsi. Publisist aləmdə qazandığı uğurlardan baş gicəllənməsi və bəlkə də ən başlıca səbəb getdikcə onun pula hərisliyi və varlanmaq ehtirası oldu.
   
   Pula münasibətdə Tofiq Abdin avropalılara çəkib. Bəzən qohumlarının, əmisi oğlunun, bəzən lap bacısının, qardaşının bir işini düzəldəndə belə onlardan da nəsə umub. Deyəndə ki, sən lap ağ eləyirsən, Tofiq gizlətmədən - Ay balam, bu işi başqası düzəltsəydi, onlardan min, iki min alacaqdı, ya yox? Bu qədər xeyir vermişəm onlara, vaxt itirmişəm, zəhmət çəkmişəm, bəzən yarınmışam, xırdalanmışam, onlar da mənə yüz manat versələr, dünya dağılmaz ki! O, mənim qardaşımdı, lap yaxşı. Mən də onun qardaşıyam axı...
   
   Tofiq özünün ən adi, qanuni bir işini düzəltmək üçün kimdənsə telefonla xahiş edəndə mütləq "şirnisi mənnən" deməlidi, yaxud, "nə qədər lazımdı, mən hazır". Gileylənib deyəndə ki, ay Tofiq, bu respublikanı korlayan, adamların əxlaqını pozan, camaatı ələbaxan öyrədən, rüşvətə şirnikdirən sənin kimilərdi, əsəbi-əsəbi tez cavab verib ki, Azər Abdulla, mənim işlərimə qarışma, mənim günlərlə gedib növbələrdə dayanmağa halım yoxdu. Əsəblərimin də bu yaşda qeydinə qalmalıyam. Vaxtımın da qədrini bilirəm. Qocaldın, ağlın gəlmədi başına...
   
   Yetmişinci illərin ortalarında Tofiq Abdin bir jurnalist və "Qobustan" toplusunun aparıcı və səlahiyyətli işçilərindən biri kimi müəyyən nüfuz qazandığından radionun musiqi verilişləri redaksiyasında ona ayrıca bir veriliş ("Melodiya" klubu) aparmaq da tapşırılmışdı. Tofiqin qazanc yeri daha da genişləndi.
   
   Yetmişinci illərdə o bir minik maşını aldı. Maşını bir qadın kimi sevirdi. İşə gələndən sonra hər on beş dəqiqədən, yarım saatdan bir üçüncü qatdan aşağı enir, o "gözəlinin" yerində olub, Allah eləməmiş yerində olmadığını yoxlayır, qabaqdan, yandan, arxadan, boyuna, duruşuna, rənginə sevgiylə hey baxır, baxırdı.
   
   Maşın alandan sonra o, hər gün, səhər saat altıda oyanır, yeddidə şəhərə çıxır, doqquza, onacan şəhərin müxtəlif ünvanlarına sərnişin daşıyıb "çax-çuxunu" edirdi. Bu "çax-çux" məsələsi Tofiq üçün elə bir mühüm iş idi ki, lazım olanda o, redaksiya işinə gəlməsə də, bu çax-çuxundan qalmağı təsəvvürünə gətirmirdi, işə gələndə dəhlizin o başından, bəzənsə lap birinci mərtəbədən onun gümrah səsi eşidilirdi. "Görünür, qazancı yaxşı olub" - düşünürdüm.
   
   Dəfələrlə Tofiq Abdinin çörəyini yeyib, çayını, arağını içənlər, üç manatını taksiyə verməyə qıymadıqlarından dönə-dönə onun maşınına minənlər, dəfələrlə ondan borc alıb vaxtında qaytara bilməyən mənəm-mənəm deyən "kişilər" Tofiqə xalturşik, simic deyəndə bəzən sussam da, onlara acığım tutub, belə adamları insafsız, müftəxor, əxlaqsız hesab etmişəm. Həmin adamların çoxu Tofiqlə müqayisədə çox ədalətsiz, kələkbaz, fırıldaqçı, haqq itirən, insafsız olublar.
   
   Tofiq Abdinin öz maşınıyla sərnişin daşıması və ondan gələn gəlir uzun illər dost-tanışın söhbətlərinə, daha doğrusu, qeybətinə səbəb olub. Ancaq insafla danışanda, onun müxtəlif yollarla qazandığı pullardan ən halalı, ən namuslusu elə yazılarından və maşınıyla qazandıqlarıydı. Yanına borca gələn ac-yalavac şair, jurnalistlərə Tofiq heç vaxt yox deyə bilmirdi. Yazı masasının üstündəki təqvimin bir vərəqində aylarla borcunu qaytara bilməyən tanışların adları yazılardı.
   
   
   
   (Ardı var)
  • May:
  • 3

TƏQVİM / ARXİV