Regional böhranlar Türkiyənin ticarət və iqtisadiyyatına ciddi təsir göstərir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.
"Türkiyə G20 üzvüdür, lakin bizim böyük neft və qaz ehtiyatlarımız yoxdur. İqtisadiyyat, sənayemiz böyük ölçüdə ixrac və turizmdən asılıdır. Buna görə də bölgəmizdəki istənilən böhran qaçılmaz olaraq Türkiyəyə ciddi təsir göstərir. Ukraynadakı müharibə artıq dörd il əvvəl bizim üçün ciddi yük yaradıb. Bundan əvvəl isə COVID-19 pandemiyası var idi. İndi isə biz İran ətrafındakı münaqişənin yaratdığı problemlərlə üzləşirik", - H. Fidan deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki eskalasiya qlobal enerji qiymətlərinə, həmçinin enerji təhlükəsizliyi və enerji resurslarına çıxış məsələlərinə təsir edir. Bununla yanaşı, XİN rəhbəri qeyd edib ki, Türkiyədə enerji sektorundakı vəziyyət sabit olaraq qalır. Neft və qaz qiymətlərinin artması inflyasiyaya təsir edir və iqtisadiyyat üçün əlavə yük yaradır.
"Biz enerji resurslarını Fars körfəzindən dəniz yolu ilə alan ölkələr sırasında deyilik. Bizim Rusiya, Azərbaycan və İrandan boru kəmərlərimiz var. Bu baxımdan bizdə vəziyyət sabitdir. Lakin bu, bizi neft və qazın qlobal qiymətlərinin artmasından qorumur. Qiymət artımı inflyasiyaya təsir göstərir və iqtisadiyyata əlavə təzyiq yaradır. Məhz buna görə də biz diplomatlar müharibələrin dayandırılması və sülh, rifah, inkişaf və ticarət üçün şəraitin yaradılması üzərində bu qədər fəal işləyirik", - nazir vurğulayıb.


Bakı -°C
