adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Ucalığa sancılan bayraq

FAİQ QİSMƏTOĞLU
431 | 2022-09-19 12:14

...Milli şüurun və milli özünüdərkin formalaşması uşaq bağçalarından başlayır. Çünki bağçaya gedən körpə, uşaq belə tərbiyə olunmalıdır ki, sonradan o bir vətəndaş, bir insan kimi əziyyət çəkməsin. Yəni bağçada «Vətən!», «Ana!», «Torpaq!», «Şəhid!» sözünü tam anlamalı və başa düşməlidi ki, bu ifadələr və kəlamlar dərg edəndən sonra onu hara aparacaq. Əgər biz bunları zamanında uşaqlarımıza, körpələrimizə öyrətsək, milli düşüncənin və milli şüurun formalaşması bir o qədər də həmin insanlarda çətin olmayacaq...

Biz «Azadlığın dadını» 1988-ci ildə Meydan hərəkatından sonra hss elədik. Hiss elədik ki, bu vətəni, bu dövləti, bu xalqı qorumasaq, müdafiə etməsək və hətta bu yolda şəhid olmasaq, heç nəyə nail ola bilmərik və o meydanda Azərbaycanın çox böyük ziyalıları milli düşüncənin və milli şüurun formalaşmasında əvəzsiz rol oynadılar. Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Xudu Məmmədov, Rafiq Əliyev... və digər böyük ziyalılar millətimizi yatmış yuxudan oyatdılar və azadlığın nə olduğunu bir daha bu xalqa, bu millətə, bu cəmiyyətə xatırlatdılar.

«Azadlıq» elə bir şirin nemətdir ki, o göydən düşmür, onu hər bir xalq mücadilə və mübarizə ilə qan bahasına, şəhidlər hesabına əldə edirlər və biz də üzü 1988-ci ildən bəri mücadilə apara-apara, şəhid verə-verə azadlığımızı almışıq, dövlətçiliyimizi bərpa etmişik, qorumuşuq və möhkəmlətmişik. Azərbaycan balaca ölkə olduğunu baxmayaraq, bu gün dünyanın siyasi müstəvisində sayılıb-seçilən, öz sözünü deyən bu ölkədir. Artıq bizimlə dünyanı idarə edən super dövlətlər razılaşmağa məcburdular. Çünki Azərbaycanın çox güclü siyasi mövqeyi, iqtisadi potensialı və hərbi qüvvəsi var. Bu gücü də Ulu Öndər Heydər Əliyev yaratdı və prezident İlham Əliyev isə bu ölkəni, bu dövləti daha da möhkəmlətdirdi, 30 il işğal altında olan torpaqlarımızı azad elədi və ərazi bütövlüyümüzü bərpa edərək bir daha güclü ölkə olduğumuzu dünyaya sübut elədi.

 

Dövləti dövlət edən həm də onun ordusu, xalqı və millətidir. Xalq və millət nə qədər savadlı, dünyagörüşlü və elmli olsa, bir o qədər də ölkə güclü və qüdrətli olar. Bunun da bir sahəsi təhsillə bağlıdır. Gərək millətin övladları elə təhsil alsın ki, vətənpərvərlik ruhunda elə tərbiyə  olunsun ki, onlar dövləti və ölkəni qorumaq gücündə olsunlar.

Çox təəssüf ki, bu gün ölkəmizdə təhsil sistemində bəzi boşluqlar mövcuddur.  Ədəbiyyat dərsliklərinə baxanda bir çox tanınmış şair və yazıçıların əsərləri dərslikdən çıxarılıb. Məsələn, dini və fanatizmi ifşa, tənqid edən Seyid Əzim Şirvaninin «Köpəyə ehsan» və «Allaha rüşvət» satiraları orta məktəb dərsliklərindən çıxarılıb. Nə üçün çıxarılıb, bilmək olmur?! Bilinən odur ki, böyük Seyid Əzim Şirvani bu satiralarında dini, fanatizmi, cəhaləti və nadanlığı tənqid atəşinə tuturdu. Dövlət və xalq haqqında bir kəlmə mənfi fikir yox idi. İndi də ölkəmizdə din pərdəsi arxasında fanatizm baş alıb gedir. İranın və digər xarici ölkələrin emsarları yas məclislərimizdə at oynadır, hərəsinin ağzından bir avaz gəlir. Biri deyir ki, şiəliyə görə ölünü belə dəfn edirlər, biri də deyir ki, süniliyə görə bu düz deyil. Bax, beləcə süni, şiə məsələlərini kimlərsə qabartmaq istəyir. Bu da ən çox düşmən dövlətlərə sərf eləyir.

Qabaqlar toylara dörd-beş müğənni gətirərdilər. İndi yas məclislərinə beş-altı molla gətirirlər. Onlar da ağız-ağıza verib bir müsibət çıxarırlar ki, rəhmətə gedənlərin qohum-əqrəbasının az qala ağlamaqdan ürəyi partlaya. Hansı ki, müsəlman dövlətlərin çoxunda uç, yeddi, cümə axşamları, cümələr və qırx yoxdur. Məhəmməd Peyğəmbərin övladları dünyasını dəyişəndə cəmi bir neçə gün yas olub. Tay üç, yeddi, qırx keçirilməyib. Amma bizdə isə bu məsələlər gündən-günə acı bağırsaq kimi uzanır və mollalar da insanların zəif nöqtəsindən istifadə edib yaxşı pul qazanırlar. Elmi və savadı olan millət həmişə cəhalətə və nadanldığa qalib gəlib. Mən demirəm ki, bizim millət elmsiz və savadsızdır. Elmimiz də var, savadımız da. Amma nə edək ki, cahillərimiz və savadsızlarımız daha çoxdur.

Məktəblərimizdə tədrisin və təhsilin səviyyəsi günbəgün yüksəlir. Dövlət bu sahəyə xüsusi diqqət yetirir. Hər il ölkəmizdə onlarla yeni məktəb binaları istifadəyə verilir. Bunlar hamısı çox gözəldi. Çünki məktəbi olmayan millət qaranlığa və cəhalətə yuvarlanır. Nə yaxşı ki, bu məktəblərdə elmlə yanaşı, uşaqlarımıza vətənpərvərlik ruhu da təbliğ olunur. Yəni o uşaqlar ki, orta məktəbi yaxşı qiymətlə bitirə bilmirlər, ali məktəbə qəbul olmaq hüququ qazanmırlar və hətta «iki» alırlar, bu şagirdlərin bir çoxu Birinci və İkinci Qarabağ savaşında Milli Qəhrəmanlar olublar. Onlar  məktəbdəki dərsdən «iki» alsalar da, həyat dərslərindən «beş»  alıblar. Milli Qəhrəman olublar, şəhid olublar, qazi olublar, qalib olublar. Bəzən biz orta məktəbdə yaxşı oxumayan uşağa yuxarıdan aşağı baxırıq. Amma həyatın ən ağır, ən çətin sınağında onlar bu millətin və bu xalqın düşünən beyni, döyünən ürəyi, görən gözləri olublar.

Bax, o uşaqları, o şagirdləri qızlar da sevməlidir. Pula və vəzifəsinə görə yox, qeyrətinə və vətənpərvərliyinə görə. 30 il məktəb direktoru işləmiş və mənim yaxın dostum olan yazıçı-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədov deyir ki, mənim zəif oxuyan şagirdlərim bizdən «iki» alsa da, həyat dərslərindən «beş» aldılar. Onlar Qarabağ uğrunda döyüşə getdilər, vuruşdular, şəhid oldular və qalib kimi qayıtdılar. İndi mən təqaüddə olsam da, onların çoxu mənimlə əlaqə saxlayır, telefon edir, deyirlər ki, müəllim, siz bizi çox yaxşı tərbiyə edibsiniz. Ona görə də bu vətənin və xalqın yolunda döyüşməyə və şəhid olmağa hazırıq! Səməndər müəllim onu da deyir ki, mən ilk dəfə təyinatla həyat yoldaşımla birlikdə Lerikə müəllim kimi işləməyə gedəndə orda bir çobanın oğlu var idi. Hamı yuxarıdan aşağı ona baxırdı. Deyirdilər ki, savadsızın biridi. Uşağı ayağa qaldırdım, gördüm ki, savadsızdı. Amma onu ruhlandırdım, adını, soyadını soruşdum, cavab verdi. Dedim ki, «əla». Uşaq növbəti dərsdə çox yaxşı cavab verdi. Bir sözlə, o zəif uşaq ilin axırında əlaçı oldu və tibb universitetinə qəbul olundu. Sonradan eşitdim ki, həmin uşaq həkim kimi Qarabağ döyüşlərində iştirak edib və neçə-neçə yaralımızın həyatını ölümün pəncəsindən alıb. Bax, uşaqlarda elmə və həyata belə bir maraq yaratmalıyıq.

 Deməli, istənilən gəncin beynində və ürəyində o istedadı tapıb üzə çıxarmaq mümkündür. Sadəcə olaraq bunun üçün yaxşı pedaqoq, təcrübəli müəllim və vətənpərvər ziyalılar lazımdır. O ziyalılar ki, onların həyata hazırladıqları şagirdlər böyük Qarabağ savaşında və eləcə də sentyabrın 12 və 13-də gedən ağır döyüşlərdə yeni bir tarix yazdılar, strateji əhəmiyyətli 11 yüksəkliyi ələ keçirdilər. Həmişə yüksəklikdə olasan, Azərbaycan oğlu... Azərbaycan əsgəri... Azərbaycan igidi!...

TƏQVİM / ARXİV