adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ƏT NİYƏ BAHALAŞIR?! - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2113 | 2023-05-01 16:17

Çünki otlaq sahələrinin çoxunu imkanlı adamlar zəbt ediblər

…Hər gün bir xəbər eşidirik; filan şeyin qiyməti bahalaşdı, filan məhsulun qiyməti bir qədər də artırıldı! Biz bu cür xəbərlərə öyrəşmişik. Ən azından ona görə ki, məmləkətimizdə çox şeyin qiyməti bahalaşıb. Təbii ki, bahalaşmanın da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərlə razılaşmaq olar, amma subyektiv səbəblərlə razılaşmaq mümkün deyil.

Bizim millət başqa xalqlarla müqayisədə daha çox ət yeyir. Məsələn, ruslar, fransızlar bizim qədər ət yemirlər. Ancaq maşallah, biz ətsiz xörək belə yemək istəmirik. Yəqin bu da bizim müəyyən mentalitetimizdən irəli gəlir. Ətin də qiyməti günbəgün bahalaşır. Mal ətinin bir kiloqramı 14, 14 manat yarımdır. Qoyun əti isə 16 manatdan aşağı satılmır. Quzu əti lap bahadır: yəni onun kiloqramı 17-18 manat civarındadır. Bir vaxtlar deyirdilər ki, ətin qiyməti ölkəmizdə 20 manata çatacaq, lakin buna heç kəs inanmırdı. Amma indi yavaş-yavaş ətin qiyməti qalxır və 20 manata çatmağa 2-3 manat məsafə qalıb.

Bu ətin qiyməti niyə belə ildırım sürəti ilə bahalaşır? Bayaq dedik axı, bunun obyektiv və subyektiv səbəbləri var. Ayrı-ayrı varlı adamlar rayonlarda otlaq sahələrinin çoxunu ya icarəyə götürüb, ya da özəlləşdirib. Və onlar da həmin yerlərdə minlərlə baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayırlar. Bu isə onu deməyə əsas verir ki, elə ətin qiymətini də bahalaşdıran həmin imkanlı adamlardır. Başqa sözlə demiş olsaq, bazara da qiymətləri onlar diqtə eləyir. Bu adamlar nəinki heyvandarlıq sahəsini, kənd təsərrüfatının bütün sahələrini nəzarətə alıblar. Yəni, onlar həm bostan-tərəvəz məhslları əkir, həm meyvə ağacları becərir, həm də sayı-hesabı bilinməyən mal-qara saxlayırlar.

Deyirlər Kürün suyu azalıb, azalar da! Çünki Kürdən ayrı-ayrı oliqarxlara məxsus sahələrə su çıxarmaq üçün nasoslardan istifadə olunur. Necə olur ki, Şəmkirə, Tovuza qədər Kür göynən gəlir, amma Sabirabada çatanda su azalır. Deməli, o suyu nasos vasitəsilə təsərrüfatlara qaldıran imkanlı adamlar heç nəyi fikirləşmədən öz işlərini gerçəkləşdirirlər. Buna isə müəyyən qurumlar göz yumurlar.

İmkansız və kasıb adamların mal-qara otarmağa otlaq sahələri yoxdur. Onlar ən yaxşı halda payıbəlli torpaq sahəsində qoyun-quzu və mal saxlaya bilərlər. Bu sahələr də ən yaxşı halda bir hektardan artıq deyil. İndi zəhmətkeş kəndli orada taxıl əksin, tərəvəz məhsulu yetişdirsin, yoxsa mal-qoyun saxlasın?!

Min hektarlarla torpaq sahələri ayrı-ayrı adamlara 80-90 il müddətində icarəyə verilib. Hər rayonda 3-4 varlı adam 10 minlərlə torpaq sahələrini zəbt edib. Çünki icra başçıları vaxtında dövlət fondu olan bu torpaqları həmin adamlara satıb, pulunu alıb yeyib, üstündən də su içiblər. İndi imkansız adamlar da qalıblar bir hektar torpağın arasında. Bir oğul lazımdır ki, o varlı adamlardan torpaq sahələrinin müəyyən hissəsini alıb, kasıb adamlara versin və onlar da orada iribuyunzlu və xırdabuynuzlu heyvanlar saxlasınlar. 9 rayonumuz erməni işğalından azad olunub.

Biz fikirləşirdik ki, həmin rayounlarda heyvandarlığı inkişaf etdirmək olar və bununla da ətin qiyəmti ucuzlaşmasa da, heç olmasa sabit qalar. O biri rayonlarda olduğu kimi, işğaldan azad olunan torpaqlara da ayrı-ayrı imkanlı adamlar sahib çıxırlar. Ötən il Kəlbəcərə minlərlə qoyun-quzu aparıldı. Bu qoyun-quzu kimn idi? Vallah, nə Xalaoğlu Tərxanın idi, nə Əliş müəllimin idi, nə də cındırından cin ürkən Vahid kişinin. Hamıya gün kimi aydındır ki, o, qoyun-quzular kimin idi. Elə indi də bir azdan görəcəksiniz ki, Kəlbəcər yaylaqlarına yenə həmin adamların qoyun-quzuları aparılır.

Bir sözlə, sadə və zəhmətkeş adamlara torpaq sahələri verilməsə, onlara köməklik göstərilməsə və yardım edilməsə, oliqarxlar ətin qiymətini günbəgün bahalaşdıracaqlar. Bundansa əzyyət çəkən kasıb və imkansızz adamlar olacaq. Onsuz da varlı adam ətin qiyməti 20 manat və ondan baha olsa, yenə də alıb, yeyəcək, vay kasıbın və təqaüdçülərin gününə. 300 manat pulla heç ayda bir dəfə belə bahalıqda o təqaüdçü ət alıb yeyə bilməyəcək. Amma inanırıq ki, dövlətin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ətin qiymətinin bahalaşması dayanacaq və ən azından ucuzlaşmasa da, sabit qalacaq!...

TƏQVİM / ARXİV