Ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı həyata keçirilən informasiya kampaniyasına dair Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası açıqlama yayıb.
Adalet.az xəbər verir ki, açıqlamada deyilir:
"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər zamanı son günlər Azərbaycanı, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyasının həyata keçirildiyi müşahidə edilib.
Araşdırmalar zamanı kampaniyanın hədəfli və vahid tezis ətrafında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları, müəyyən nüfuz və vəzifə sahibi olan xarici ölkə vətəndaşları, habelə media orqanları tərəfindən aparıldığı müəyyən olunub.
Erməni lobbi təşkilatları bu dəfə qarayaxma kampaniyasını fərqli taktika seçərək bir neçə məsələ, o cümlədən qondarma “soyqırımı”, “hərbi əsirlər” və Xankəndi şəhərindəki tikililər ətrafında ajiotaj yaratmaqla aparıblar. Eyni zamanda, məsələ əlaqələndirlimiş kampaniya kimi görünməsin deyə iştirakçılara qapalı kanallar, elektron poçt və şifrələnmiş mesajlaşma platformaları vasitəsilə tezislərin verildiyi barədə faktlar aşkar edilib.
Kampaniyada ABŞ, Avropa və Rusiyada mənzillənən erməni lobbi təşkilatları xüsusi aktivlikləri ilə seçiliblər.
“X” (keçmiş “Twitter”) sosial media platformasındakı kampaniyanın son bir həftəlik təhlili göstərib ki, dezinformasiya kampaniyasında 130 fərqli hesab vasitəsilə 220-dən çox paylaşım edilib, ümumilikdə bir milyona yaxın qarşılıqlı əlaqə (reaksiya) qeydə alınıb. Paylaşımlar daha çox erməni əsilli blogerlərin, erməni xəbər saytlarının, həmçinin ermənipərəst xarici bloger və fəalların hesablarından edilib.
Bundan əlavə, aşağıda adları çəkilən xarici ölkələrdə yerləşən, lakin o qədər də nüfuzlu olmayan bir sıra onlayn mətbu orqanlarında da oxşar tezislər əsasında yazılar gedib:
ABŞ, Birləşmiş Krallıq, Belçika, Polşa, İtaliya, Meksika, İspaniya, Gürcüstan, İsrail, Vatikan, Yunanıstan, Hindistan, Rusiya, Ermənistan və s.
Komissiyanın müəyyən etdiyi faktlar bir daha göstərir ki, şəxsi məqsədlərini hər şeydən üstün tutan və vaxtilə münaqişədən yüksək dividentlər əldə edən bu dairələr bütün vasitələrdən, o cümlədən xarici ölkə parlamentlərindəki əlaltılarının, bir sıra şəhər merlərinin, hazırda və keçmişdə müəyyən vəzifə tutan şəxslərin xidmətlərindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar.


Bakı -°C
