adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU yazr: Könül rahatlığımın ünvanları -2

ƏBÜLFƏT MƏDƏTOĞLU
1676 | 2021-11-03 13:46

Səfər təəssüratımdan notlar

 

Bu da Naxçıvan Yazıçılar Birliyinin yerləşdiyi binanın çevrəsindəki səliqə-səhmanlı bağ-bağça. Ona görə bağ-bağça deyirəm ki, burda sıralanmış ağacların da, kolların da fərqli özəllikləri və gözəllikləri var. Biz Asim müəllimlə binadan çıxanda artıq qrup dostum, sözün bütün mənalarında publisistikanın bütün çalarlarını ovcunun içi kimi görüb, həm də gördüyü qədər də pərvazlandıran Hüseyn Əsgərov! Təbii ki, dostların görüşməsi bir ayrı səhnədi. Onu görmək təsvir etməkdən daha rahat və daha gözəldi. Düşünürəm ki, siz də öz dostlarınızla görüş anınızı yadınıza salıb mənimlə artıq razılaşmısınız. Biz də həmin o razılıq hissi içərisində, daha doğrusu yaşadığımız ovqatın bizə verdiyi əlavə gücün, təpərin sayəsində bir anlıq da olsa unutduq dünyanı. Və unutduğumuz dünyadan bizə yalnız unutmadıqlarımız qaldı. Onlar da dünyanın bizim üçün əşrəfi olan ailəmiz, doğma hisslərimiz və təbii ki, bir də bir-birimiz üçün əziz olanlardır. Hal-əhval tutduqdan sonra Asim müəllimin təklifi ilə bir süfrə başında toplaşdıq. Bax elə həmin o süfrə ətrafındakı ovqatın özü mənə bu misraları pıçıldadı:

 

Yenə qollar açılıb,

Ürək sığmır sinəmə...

Şükür, yollar açılıb,

Gəldim ötən dönəmə...

 

Havalanmış ruhumu,

Göydən endirdim yerə...

Çox istədim, yuxumu –

Yozan, bu halı görə!

 

Dostların çevrəsində,

Durduğum məkan Cənnət!

Burda dost ürəkləri –

Oxuyuram mən bənd-bənd!

 

Bu Nuh, bu da Seyrəngah,

Ziyarətimin canı!

Fürsət ver mənə, Allah –

Sevməyə Naxçıvanı!

 

Bəli, dost süfrəsində, dost məclisində bütün nemətlər dadlı olur, şirin olur. Ona bu dadı, tamı qatan da təbii ki, dostların özüdü, sözüdü, səmimiyyətidi, doğmalığıdı. Üstəlik, əgər bu süfrə, bu məclis Naxçıvanda qurulubsa, onun ləzzətini dəyərləndirmək üçün dediyim nüansları ən azından yüzə vurmaq lazımdır. Çünki burda hər şey yerli istehsal və təbiidir. Ona görə də məclis əhli tam rahatlıqla öz dünyasını bölüşür. Öz arzusunu, istəyini dilə gətirir. Burada xüsusi qeyd etməliyəm ki, mən Azərbaycanın bütün bölgələrində olmuşam, özü də dəfələrlə. Amma Naxçıvanda gördüyüm, qarşılaşdığım diqqəti, qayğını heç bir yerlə müqayisə edə bilmərəm. Bu, özəl bir yanaşmadı!

Söhbətimiz uzanır, bu arada məclisə artıq Qarabağ müharibəsindən tanıyıb, ömür kitabıma adını yazdığım dostum Şulan da bizimlə bir aradadı. Gəlişimdən xəbər tutan kim işdən izn alıb özünü çatdırmışdı bizə. Köhnə döyüşçü, müharibə veteranı, üstəlik də keçmiş polis zabiti olan Şulan həm də güclü yaddaşı, məntiqi və bir də döyüş dostlarına sayqı və sədaqəti ilə məni həmişə duyğulandırır. O Birinci Qarabağ müharibəsindən danışanda heç vaxt «Mən!» demir. Əksinə, həmişə «Biz!» deyir. Döyüş dostlarını özündən önə çəkir. Şəhidlərin adı gələndə bir anlıq çöhrəsindən kədər keçir. Bax, belə bir duyğu adamıdır mənim Şulan dostum.

Məclisdən sonra Naxçıvanın gecə mənzərəsini seyr edirik. Gəzib söhbət edə-edə yeni, daha doğrusu mənim əvvəlki gəlişlərimdə görmədiyim yenilikləri göz yaddaşıma köçürürəm. Artıq gecə saat 2 radələridi. Sabah sübhdən Trabzona yola düşəcəm deyə, dostlarla istər-istəməz ayrılası oluram. Hələlik deyib xudahafizləşirəm. Amma Şulan mənimlə qalır, bir az da söhbət etmək üçün, bir az da gəzmək üçün. Və gecənin bu vaxtında Naxçıvanda kəklikotundan dəmlənmiş samovar çayının özgə bir ləzzəti var. Biz iki dost ancaq cəbhə gündəliyimizi vərəqləyirik. Azad olunmuş torpaqlarımızdan danışırıq və bir də mənim Şuşa səfərimdən...

Səhər saat 6-dır. Naxçıvandan İqdıra yola düşən avtobusda yerimi tutmuşam. Daha doğrusu, artıq yoldayıq. Rahat avtobusda o qədər də sərnişin yoxdu. Maraqla sürücüyə baxıram. Yəni, doğrudanmı bu 10-12 nəfər sərnişinlə gedir avtobus İqdıra. Sürücü baxışımdan məsələni anlayır. Və heç nə olmamış kimi deyir. Müəllim, sərnişinlərin xeyli hissəsini yoldakı dayanacaqlardan götürəcəyəm. Yəni, onlar Şahbuzdan, Sədərəkdən və digər yerlərdən Naxçıvan avtovağzalına gəlməkdənsə, elə avtobusun keçib getdiyi yolun kənarında gözləməyə üstünlük verirlər...

Həqiqətən də yolboyu artıq avtobusda kifayət qədər sərnişin vardı. Demək olar ki, saat 9-da biz Naxçıvanın Türkiyə ilə sərhəddindəki Kömrük Keçid Məntəqəsində idik. Buradakı səliqə-səhman və bir də sıxlığın olmaması diqqətimi çəkdi. Dərhal xatırladım ki, Qırmızı Körpü Keçid

Məntəqəsindən fərqli olaraq buradan yalnız, həm də daha çox Naxçıvan sakinləri istifadə edir. Ona görə də burada o qədər də böyük qələbəlik yoxdur...

Keçid məntəqəsindən rahatlıqla adlayıb, avtobusun gəlişini gözləyirik. Üzbəüz keçid məntəqəsi isə Türkiyə Cümhuriyyətinə aiddi. Burada səmimi və normal bir iş rejimini müşahidə etdim. Yəni, adamlar bir-biri ilə köhnə tanışlar kimi görüşür, salamlaşır və yoxlamadan sonra yollarını davam etdirirdi. Mən məqamdan istifadə edib artıq Türkiyə tərəfinə keçmiş soydaşlarımızdan birinə üz tutdum:

- Burada vəziyyət həmişə belədir?

- Bəli, müəllim. Şəxsən mən həftədə bir dəfə İqdıra gedib-gəlirəm. Qızım orada yaşayır. Və hər dəfə də türk qardaşlarımızın mehribanlığına şahidəm. Onlar heç vaxt nə kobudluq etmirlər, nə də adamı incidən hansısa sözü dilə gətirmirlər. Burda əsas odur ki, qanunlara əməl edəsən, biz də ki, heç vaxt qanunları pozmuruq...

...Hər dəfə qardaş Türkiyə məmləkətinə ayaq basanda qəribə hisslər keçirmişəm. Bu dəfə də belə oldu. Özü də Naxçıvandan Türkiyəyə keçməyim mənim daxilimdə iki məqamı xüsusilə qabartdı. Onun biri İran səmtinin, digəri də Ermənistanın burada kəsişən mənzərəsi idi. Yəni, üzü İqdıra tərəf gedəndə yolun sağında Ermənistanla Naxçıvan arasındakı sərhəddə qaldırılmış erməni bayrağı və orada hərəkət edən erməni maşınları, açıq-aşkar görünən adamlar... Bir də İran maşınları... Bax, bu da 30 il acısını yaşadığım yurd nisgilinin indi-indi sağalmaqla olan yaralarını bir də qanatdı. Mənə tanış olmayan bu yollar hərəkət etdikcə gözümü Ermənistanın görünən ərazilərindən çəkə bilmirdim. Bir azdan artıq həmin mənzərə arxada qaldı. İndi İqdıra gedən yolun özünə köklənmişəm və bilirəm ki, bu yol həm də Ərzurumdan keçəcək. Çox qəribədir ki, Ərzurum sözünü ağlıma gətirən kimi yadıma Kərəm düşür... Və bir də çox qəribədir ki, bir az öncə indi Ermənistan adlanan ərazini də uzaqdan seyr etmişdim. Bunu elə-belə yazmıram. Axı, ortada Əsli söhbəti var...

Ardı növbəti sayımızda

TƏQVİM / ARXİV