adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU : - Şükür Şənolla bir şeir söhbəti

Və yaxud bizim sevgimizin ünvanı bəllidir

ƏBÜLFƏT MƏDƏTOĞLU
466 | 2022-07-20 13:24


Onun şeirləri , bütövlükdə isə qələminin oxucuya təqdim etdiyi hər bir yazısı birmənalı şəkildə özünüifadədir. Çünki onu tanıyan hər kəs bilir ki, bu sakit, bu ağır taxtalı Kişinin danışığı, hətta adamın gözlərinin içinə baxmağı da o qədər təmkinlidi ki, saatlarla dinləmək, həmsöhbət olmaq istəyirsən. Sanki Allah özünün bu bəndəsini birmənalı şəkildə təmkin və həlimliklə mükafatlandırıb. Hərdən öz-özümə fikirləşirəm ki, görəsən Şükür Şənol heç əsəbiləşibmi? Ümumiyyətlə o səsinin tonunu azacıq da olsa qaldırıbmı?

Vallah, kimsə bu barədə mənə desə, heç vaxt inanmaram. Az qala 40 ilı yaxındır ki, tanıyıram onu. İlk gündən onu necə görmüşəmsə,bu gün də başını salıb aşağı, ürəyi ilə, duyğuları ilə, ağrı və sevinci ilə üzü məqsədinə doğru yol gedir. Baxmayaraq ki, həyat onu həddindən çox sıxıb, sağdan-soldan vurub, qəlbinə ağrı yuvası, ruhunu xatirələrlə həmsöhbət etdi...

Nə vaxtdan bəri oxucularla bölüşdüyüm şeir – söz təqdimatında bu dəfə də ruhumun doğması, hər görüşümü ayrıca bir dəyər saydığı Şükür Şənolla baş-başa qaldım. Onun mənə bağışladığı «...aranızdakı bir mələk» kitabını təkrar gözdən keçirirdim. Yəqin ki, oxucuları bu kitabdan xəbərdardı. Bir-birindən maraqlı fikirlərlə cilalanmış şeir çələngində mənim diqqətimi çəkən kifayət qədər ovqata, ruha qida olan, həm də düşündürən şeirlər var idi. O şeirlərdən biri, içərisində olduğum ovqatla üst-üstə düşdü. Sanki bu dünyada Allahdan və Ondan başqa heç bir doğmamın olmadığını bu şeir də təsdiqlədi. Mənim yaşadıqlarımın bir sərt təpkisini də gəldi mənə bu şeir. Ürəyimin, duyğularımın, gözlərinin içinə baxa-baxa dedi ki:

Ürəyimdə bu isti nə,
sən mənim ola bilmədin.
Bəyaz-bəyaz isti sinə
sən mənim ola bilmədin.

Mən də hər anıma hakim olan Sənə bəzən o qədər uzaq oluram, o qədər yad görünürəm ki, dünyadan da, özümdən də bezir, yorulur, Allahıma isə asi olmaq gəlib keçir könlümdən. Elə bil ki, təkliyin, tənhalığın təkcə ovcunun içərisində olmuram, həm də bu mənim qədərim kimi daşlaşmış, sərtləşmiş bir varlığın həm önümdə, həm də ürəyimdə bitməsinin ifadəsi olur. Yəni mən düşüncələrin girdabında yalnız xatirələrin uzaqdan güclü sezilən işartısını görə bilirəm. Onda da ağlımdan yalnız bu duyğular gəlib keçir və mən də onu misralayıram. Yazıram ki:

Kiprikləri yararaq
Şimşək çaxır, sel ötür...
Hənrim yanaq isidir –
Baxışlarım tel öpür...

Deməli, belə olan halda Şükür Şənolun ovqatına öz ovqatımı qatmaq, onun ruhunu öz ruhumun köynəyinə çevirmək ağlıma hakim olur. Çünki Şükür də mənim düşündüklərimin həm özünü, həm də astar üzünü düşünür. Bu məqamda yenə Sən gəlib dayanırsan gözümün önündə. Necə ki, Şükür Şənol öz gözlərinin önündə canlandırdığı ünvana təmkinli bir şəkildə deyir:

Qara gözlər iri-iri
qaldı yerim, öldü yerim.
Yetər artıq dinmə, kiri,
sən mənim ola bilmədin.

Mən bu bəndi təkrar-təkrar ürəyimdə pıçıldayıram və sonra da gözlərimi yumub səsimi ucaldıram. Düşünürəm ki, bu şeiri ucadan oxuyanda mütləq Allah da eşidəcək, Sən də. Mütləq Allah da, elə Sən də biləcəksiniz ki, Şükür də, mən də nələr çəkirik, necə yaşayırıq, necə qovruluruq?..Yaşadığımızı da, bizi qovuranı da necə şeirə, misralara çeviririk. Sadəcə bu ağrımızı, yanğımızı azaltmaq istəyimiz deyil. Bu, həm də bizim məhz sizlərin lütfi ilə duyğularımızı şeirləşdirmək qabiliyyətimizin çox kiçik bir mənzərəsidi, məqamıdı. Həmin o məqamda siz istədiniz, istəmədiniz, biz sizi görür, sizi duyur, sizi hiss edir və varlığımızda olan sizin şəninizə, şərəfinizə, mövcudluğunuza şükürlər edirik. Baxmayaraq ki, siz bizə qarşı daha kəskin, daha amansız olursunuz. Təbii ki, bu münasibət də özünü misraların işığında oxucu qarşısına çıxarır. Və oxucu bilir ki:

Yaddaşından nələrsə
Tələsmədən silirsən...
Xatirələr qomunu
Yandırıb, isinirsən!..

Doğrudan da xatirələr nə qədər acı və yaxud şirin olsa da, onun gerçək təsəllisi, gerçək yozumu baş-başa qalmaqdı. Belə olan halda xatirələr ümid işığına yol açır. Əks halda isə xatirələr öləziyən ocağa, uzaqlaşan işığa və bir də daha çox yuxuya çevrilir. Bu isə sevənin, aşiqin, indiki məqamda isə Şükür Şənolun və mənim hardan-hara yuvarlandığımızı, hansı həsrətin yükü altında təngənəfəs olduğumuzu açıq aşkar nümayiş etdirir və biz bu nümayişin bütün çalarlarını özümüzdə yaşadırıq. Onu nə inkar edirik, nə qovuruq, heç onunla vuruşmuruq da. Axı şairlər qədərlərini öncədən görürlər. Deməli, həsrət də bizim qədərimizin bir səhifəsidi. Bu səhifəni yazmaq da, oxumaq da Allahın və sizin əlinizdədir. Ona görə də Şükür deyir ki:

Uzaq düşüb, uzaq yolum,
incə belin sıxmaz qolum.
Burax məni qurban olum,
sən mənim ola bilmədin...

Həqiqətən hər bir Allah bəndəsinin, indiki məqamda isə hər bir söz adamının öz ürəyi ilə danışmağı təbiidi. Bunun nə yaşa, nə də başa dəxli yoxdu. İstənilən mövzunu Allah bəndəsi özü ilə, onu yaradanla çözməyə, müzakirə etməyə haqlıdı. Şəxsən mən bəzən saatlarla, günlərlə, daha çox dörd divarla, Sənlə, Allahla və ürəyimlə danışıram. Və birmənalı şəkildə etiraf edirəm ki, bu söhbətlər mənə daha çox xoş gəlir, rahatlıq gətirir. Hətta mənə ümid işıığını yandırmaq imkanı verir. O işığın şöləsi də sonda yenə şeirə çevrilir. Özü də sənə yazılan şeirə:

İncimirəm, ruhum da
Sızıldamır bu anda...
Axı sən isinirsən –
Xatirələr yananda!..

Deməli, mən Şükür Şənolla baş-başa qaldığım bu qısa zamanın içərisində bir daha dəyərli söz adamını, dostum Şükür Şənolun Qarabağın Böyük Bəhmənli kəndindən, yəni tanımağa başladığım gündən üzü bəri oxumaq imkanı qazandım. Təkcə bir şeirdə onun mənə nə qədər doğma olduğunu, ruhumuzun bir köynəkdən keçdiyini təkrar anladım. Və nəhayət, gördüm, duydum, yaşadım. Şükürün və özümün sevgimi! O sevginin mənim üçün ünvanı Sən... O ünvanı da mənə bağışlayan Allahdı. Təbii ki, Şükür Şənolun da ünvanı, yəni sevgi ünvanı onun özünə və Allaha məlumdur...
Allah hər kəsin sevgisini qorusun!

TƏQVİM / ARXİV