Əbülfət MƏDƏTOĞLU -"QƏBƏLƏ keçmişdə və günümüzdə"-dən yazdı

ƏBÜLFƏT MƏDƏTOĞLU
382 | 2022-01-24 14:01

Ötən ilin sonlarında «Təhsil» nəşriyyatı tərəfindən çap olunmuş «Qəbələ» kitabının müəllifi, əməkdar elm xadimi, professor, yazıçı-alim Qəzənfər Paşayevdir. Oxucularımıza xatırlatmaq istərdim ki, yazıçı-alim Qəzənfər Paşayev özünün bu günə qədər işıq üzü görən bütün ədəbi-publisist yazılarını ana xətti kimi Azərbaycanı tanıtmaq, Azərbaycanı sevdirmək vəzifəsini həyat kredosuna çevirib. Ona görə də müəllifin işıq üzü görən hər bir əsəri oxucu tərəfindən böyük maraqla qarşılanır. Burada bir məqamı da xüsusi ilə qeyd etmək yerinə düşər. Yəni, müəllif təqdim etdiyi və oxucu marağı qazanan əsərlərində həmişə bədii təfəkkürün məhsulu olan fikirlərlə yanaşı həmin məkanın, həmin ərazinin coğrafiyasını da, tarixini də, ekologiyasını da, hətta folklorunu da əsərin ovqatına uyğun olaraq oxucuya təqdim etməyi yüksək səviyyədə bacarır. Daha doğrusu, bu təqdimatlar əsəri daha oxunaqlı, daha yaddaqalan edir.

Bu mənada Qəzənfər müəllimin «Qəbələ» əsəri həm də bu bölgənin dünənini və bu gününü tanımağa, öyrənməyə xidmət edir. Kitabla tanış olanda oxucuya elə gəlir ki, (söhbət məndən gedir – Ə.M.) o müəlliflə birlikdə Qəbələni gəzir. Qəzənfər müəllimin müşayiəti ilə bu bölgənin dünənini, bu gününü seyr edir, görülən işlərdən xəbər tutur və bu işlərin memarını böyük sevgi ilə xatırlayır. Təbii ki, burda söhbət ümummilli liderimizin və onun layiqli varisindən gedir.

Üç fəsildən ibarət olan bu kitabın ön sözündə millət vəkili Qənirə Paşayeva vurğulayır ki, «doğrusu, kitabın adında ifadə olunmasa da, mən bu əsəri keçmişdən və bugünümüzdən daha artıq dərəcədə gələcəyi ismarıc hesab edirəm. «Bu gün» ötəridir, «keçmiş»in adı üzərində – keçmişdir; «gələcək» isə arzumuz, inamımız, yolumuz dəyərindədir». Mənə elə gəlir ki, bu mürəkkəb cümlənin içərisində çox önəmli məqamlar ustalıqla oxucuya çatdırılıb və həmin önəmli məqamların da canı, qanı bütövlükdə bu gün böyük həvəslə üz tutduğumuz, gəzməyə, görməyə tələsdiyimiz Qəbələdir!

Ön sözdən o da məlum olur ki, bu kitab, yəni bu əsər özü-özlüyündə həm də böyük bir elmi işin bəhrəsidir. Yəni, alim-yazıçı təkcə bədii əsər deyil, həm də elmi bir araşdırmanın nəticəsini geniş oxucu kütləsinə təqdim edibdir. Ona görə də bu əsərin girişində vurğulanan məqamların təkcə ardıcıllığı gözdən keçiriləndə məlum olur ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Qəbələ ilə bağlı keçirilmiş təqdimatlar heç də ötəri bir mərasim olmayıb. Bu tədbirlərin hər birində Azərbaycan alimləri yurda, bu məqamda isə Qəbələyə olan sevgilərini öz monoqrafiyalarında tutarlı şəkildə ifadə ediblər. Elə həmin o sevginin bəhrəsi kimi yazıçı-alimimiz Qəzənfər Paşayevin də «Qəbələ keçmişdə və günümüzdə» kitabı ərsəyə gəlibdir.

Oxuculara xatırlatmaq istəyirəm ki, barəsində söhbət açdığım bu kitab həm də tutarlı bir mənbə də sayıla bilər. Çünki müəllif Qəbələ ilə bağlı bir-birindən önəmli faktları ta qədim dövrlərdən bugünümüzə qədər yığcam şəkildə əsərdə təqdim edibdir. Bu torpağın şanlı tarixində yeri, izi olan hər kəsi ehtiramla xatırlayıbdır. Əsərdə verilmiş poeziya nümunələrində də məhz Qəbələnin tarixi onun özəllikləri öz əksini tapıbdır. Bu torpağın sayılıb-seçilən, tariximizə adını möhürləyən tanınmış şəxsiyyətlərinin adları və fəaliyyətləri də diqqətdən yayınmayıb. Onlar barəsində verilən informasiyalar Qəbələnin ziyalı potensialını da bizə tanıdıbdır.

Ümumiyyətlə, kitabda yer alan fotolardan tutmuş rəsmi materiallara qədər hər bir nüansın özü yazıçı-alimin bu əsəri necə böyük sevgi ilə qələmə aldığını birmənalı şəkildə ifadə edir.

Mən bir oxucu olaraq bu maraqlı, ədəbi-bədii, həm də tarixi çalarlarla zəngin olan , günümüzün Qəbələsini sabaha daşıyan kitaba görə dəyərli yazıçı-alimimizə təşəkkür edir və bildirmək istəyirəm ki, məşhur deyimdəki fikir, yəni «deyilən söz yadigardır» aforizmi bu kitabla da bir daha təsdiqlənir.

TƏQVİM / ARXİV