adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU:- «Həsrətimin yaşı dünya qədərdir»

ƏBÜLFƏT MƏDƏTOĞLU
608 | 2022-07-22 17:58

Bir kitab haqqında ilk təəssüratım

 

Bu günlərdə gözəl bir hədiyyə aldım. Daha doğrusu qəbul etdim və doğrusunu deyim ki, hər dəfə mənə yeni kitab bağışlananda öncə onun adına diqqət yetirirəm. Çünki kitabın adı mənim üçün xüsusi əhəmiyyət kəsb edir və bu ad məni özünü çəkəndə fürsət axtarıram ki, kitabı oxuyum, onun iç dünyasına baş vurum. Bax elə indi barəsində düşüncələrimi sizinlə bölüşmək istədiyim kitabın  adı dərhal diqqətimi çəkdi. Həm maraqlı olduğu üçün, həm də...

Etiraf etməliyəm, (pafoslu alınsa da -Ə,M,)  deməliyəm ki, mən Məcnundan sonra ən böyük Məcnun özümü sayırdım. Hətta bu mövzuda olan şeirlərimi oxuyan ruh dostlarım hərdən mənə irad da bildirirdilər. Mən də təbəssümlə bu   iradı qəbul edirdim. Elə ki, həsrətin yaşının dünya qədər olduğunu öyrəndim, onda anladım ki, sən demə məndən də böyük Məcnunla var imiş. Yəni Məcnundan böyük Məcnun elə bu kitabın müəllifi imiş. Çünki o birbaşa hamıya bəyan edir ki:

 

Nə qədər bu eşqdən əl çək desən də,

Əhdimdən, sözümdən dönən deyiləm.

Sinəmdə dərd əkib, qəm bəsləsəm də,

Ağlayıb, inləyib, dinən deyiləm.

 

Hicranı, qubarı bil danacağam

Ötən günlərimi hey anacağam.

Həsrətin odunda odlanacağam

Ömrün sonuna tək sönən deyiləm.

 

Sanma yaşlaşmışam, tək qalmışam mən

Şirin xəyallardan kam almışam mən.

Sənin dərd-sərinlə ucalmışam mən

Eşqin göylərindən enən deyiləm.

 

Sən dərddən od saçan üzünə bax bir

Dilində titrəyən sözünə bax bir.

Halıma acıma, özünə bax bir

Eşqdən yetim qalan tək mən deyiləm.

 

Heç kim mənim kimi dözməz bu aha

Bir eşqi məhv edib batdın günaha.

Düzünü deyirəm, sənin üçün daha –

Bir ruham, sevilən bədən deyiləm...

 

Zənnimcə, ruhun da sevgi ünvanı olması orijinaldır, təzə-tərdir və həm də sevənə, sevilənə mesajdı. Çünki sevgi ürəyin və ruhun birgə ifadəsidi. Bədən yalnız intim məqamların iştirakçısıdı. Deməli, şairin bu etirafı özü-özlüyündə hər kəsin yaddaşını silkələyir, hər kəsin xatirəsinə bir daş atır. Bu da sözün və sözdən istifadənin məharəti və gücüdür. Həmin məharət və gücü də oxucuya kitabın müəllifi o qədər  həlim və səmimi şəkildə çatdırır ki, xəyallara dalmaqla da özünü  xilas edə bilmirsən. Çünki həmin o  xəyalların içərisində qulağına doğma bir səs gəlir. 

 

Talehimə yazılanı pozan yox,

Dərd-sərimi dinləyən yox, yazan yox.

Tahir kimi qəlbi dağlı ozan yox –

Həsrətimin yaşı dünya qədərdi!

 

Bax bu yerdə yenə düşünməli olursan. Düşünürsən ki, həsrətinin yaşı dünya qədər olan aşiqin və yaxud da Məcnunun dözümü görəsən nə qədərdi, hara qədərdi?.. Onda da özün-özünə cavab verirsən. Dözüm də elə həsrətin boyuna biçilib, bir-birini tamamlayır və bu tamlıq günündən, saatından asılı olmadan birlikdədi. Bir-birindən uzaq dayana bilmir. Çünki şair yazır ki:

 

Getdin, aləm susdu, elə sandım ki,

Ulduzlar göylərdən axdı bu gecə.

Elə alovlandım, elə yandım ki,

Gözümdə ildırım çaxdı bu gecə.

 

Arzu ilə, inamla döndüm o yerə,

Getdiyin yollara baxdım min kərə.

Ümidlə üzümü tutdum göylərə,

Həsrətin əlimi sıxdı bu gecə.

 

Ay da sənsiz daha üzümə baxmır,

Yollar yolda qalan gözümə baxmır.

Ürəyim titrəyir, sözümə baxmır,

Dərdim ulduzlardan çoxdu bu gecə.

 

Gəlsəm bütün cahan əlvan geyəcək,

Kainat sevinib nəğmə deyəcək.

Həsrə vüsalıma boyun əyəcək,

Güləcək Tahirin bəxti bu gecə!

 

Doğurdan da, bu poetik tablonun əvvəlindən sonuna qədər rəssam fırçasının işığında duyğusal bir oxucu yol gedəndə özü də bilmədən həmin gecəyə köklənir, həmin gecənin vüsalını duymağa, hiss etməyə başlayır. O gecənin adı bəllidi. Mənə görə o adı lap ucadan da demək olar: - XOŞBƏXTLİK!

Bəli, elə həmin o gecənin ovqatında bu şeirin həm müəllifə, həm oxucuya nələr söylədiyini də, nələr yaşatdığını da xoşbəxtliyin pəncərəsindən baxıb görmək lazımdı. Onda,  mən bir söz adamı olaraq, birmənalı şəkildə inanacam ki, sevənin, sevilənin baxışı da ayrıca bir dünyadı. Və bu dünyanın tərənnümü də sevgi dolu ürək istəyir. O istəyi də Tahir Rza sevdiyinə də, sevənlərinə də səmimiyyətlə pıçıldayır. Mən də o pıçıltını sizə çatdırıram:

 

Hissimi, duyğumu aldın əlimdən

Saldın ürəyimə xal baxışınla.

Çarmıxa çəkildim sanki dilimdən

Məni lal eylədin, lal baxışınla.

 

Həzərlər kəhkəşan, bir yanan ocaq

Orda məndən başqa kimsə yox ancaq.

Nə olar halıma, əhvalıma bax

Könlümü bir ovut, al baxışınla.

 

Gözlərin eşqimin məbədi, gülüm

Ömrümü bəxtəvər elədi, gülüm.

Bir günlük demirəm, əbədi, gülüm,

Tahirlə birlikdə qal, baxışınla.

 

Mən də bax, elə Tahir Rzanın dediyi kimi, bu şeirlə, onun yaratdığı ovqatla və oyatdığı xatirələrimlə öz Məcnunluğumda qalıram. Qalıram ki, bu kitabdakı dünyadan, yəni  həsrəti dünyanın özü boyda olan sevgidən bir damcı da mən götürüm. O sevgini başdan yaşamaq üçün!..

P.S. Tahir Rzanın «Həsrətimin  yaşı dünya qədərdir» kitabı ilə ilk söhbətim məni sevdalı günlərə, sevdalı anlara qanadlandırdı. İnşallah, bu kitabla hələ çox söhbətləşəcəm.

TƏQVİM / ARXİV