adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Dağlar  qartalı"-nın  diqqəti  çəkən pıçıltıları - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1348 | 2023-12-04 14:51

Söz dünyası hər yeni kitabla  daha maraqlı, daha  diqqətçəkən olur. Təbii ki, həmin imzanın söz məkanına özü ilə birlikdə gətirdiyi Söz dəyərlidirsə, önəmlidirsə və ən azından diqqət çəkəndirsə, deməli, bu gəliş uğurlu olubdur.

Qarşımda bir kitab var, adı da maraqlıdır – «Dağlar qartalı». Mən bu kitabın müəllifini 1980-ci ildən tanıyıram, tələbəlik  illərimizin gözəl günlərindən. Açığını deyim ki, o vaxtlar Tahirin  şeir   yazdığını  hiss  etməmişəm, bilməmişəm. Yalnız  illər sonra  mətbuatda  yollarımız yenidən kəsişəndə  onun imzası diqqətimi  çəkib, həm jurnalist kimi, həm də şair kimi. İndi oxuyub gözdən  keçirdiyim və beş fəsildən  ibarət olan  növbəti şeir kitabı  demək olar ki, onun  oxucuya  və xüsusilə doğulduğu  Yardımlıya  hesabatdır. Çünki bu  kitabda Tahir  daha çox Yardımlının gözəlliklərinə  və özəlliklərinə, tarixinə və bu gününə üz tutubdur.  Şeirlərin  xeyli hissəsi  məhz bu torpağın  dəyərli  övladlarına  həsr olunubdur. Həmin o şeirlərin  əvvəlinə Tahirin  tam  səmimi  şəkildə  etdiyi qeydlər bir növ oxucunu  öz qəhrəmanı ilə  əvvəlcədən   tanış edir. Təqdimatdan sonra gələn şeirlər isə onun ürəyinin  səsi kimi  bizim də könlümüzü oxşayır.

Kitabın 1-ci fəsli  daha çox şairin  özünə və sevgisinə ithaf olunub. Onun şeirlərində Tahir  həm də  özü-özü ilə danışır, sevgisinin  poetik  cizgilərini   pıçıltılı bir şəkildə el-obaya  bəyan edir. Və yazır ki:

Nə  xoş  bu dünyaya  gəldiyim günə,

Alıb qucağına  mələk gətirmiş.

Sən demə, verməkçün şair təbimi

Ömrümə, günümə  mələk gəlirmiş.

Bu misralar  bir növ şairin söz dünyasına  necə  gəlməsinə   bir işarədir. Müəllif  deyir ki,  mənim söz dünyasına gəlişim  təsadüf deyil, bu bir ilahi gücün, bir ilham pərisinin çağırışıdır. Onun çağırışına səs verib qələmimi götürüb  sözümü  yazmağa gəlmişəm.

Və yaxud:

Təpədən-dırnağa şersən ki sən,

İlməsi sevgidən sehirsən ki sən.

Qarşıma çıxalı bilirsən ki, sən

Təzədən dünyaya  gələn şairəm.

Həqiqətən, səmimi və həm də  ruh oxşayan, dinləyəndə adama bir rahatlıq gətirən duyğuların  misralanmasıdır. Və deməli, bu misralar da bir bulaq zümzüməsi kimi  oxucu ilə təmas qura bilir.Onun könlünə süzülür...həmsöhbət   olur...

Yeri gəlmişkən, qeyd edim ki,  Tahirin şeirlərində, özü də mövzusundan asılı olmayaraq sevgi və səmimiyyət xüsusi yer tutur. O, kimdən və nədən yazır-yazsın misraların canında,qanında    sevgi birmənalıdır. Deməli, şair dostum sevdiyindən, sevgisindən  yazmağı daha önəmli sayır  və yazır ki:

Yenə dolaşırıq  ləpədöyəndə,

Mavi sular sənə  salıb mehrini.

Bəstəçi olubdur misralarıma

Sənə pıçıldayır dəniz şeirimi.

Bax, elə bunun özü oxucuya bir səhnənin, bir peyzajın mənzərəsini təqdim edir: yanaşı addımlayan,  yalnız  baxışları  söhbət edən iki aşiqin  əvəzinə  dəniz danışır, ləpələr  pıçıldaşırlar. Zənnimcə, bu romantika olmaqla  yanaşı, həm də birtablodu... bir  filimdən  fraqmentdi...  bir  yaşantıdır. Deməli, şairin  rəssamlığı da sözü duyduğu kimi şəkli görmək imkanları da yetərincədir. Və:

Ruhumu qoysan da ac, incimərəm.

Məndən hey gizlənib qaç, incimərəm.

Desən qollarını  aç, incimərəm,

Mən səni Tahirsiz  niyə qoyum ki?

Barəsində söhbət  açdığım  kitabın Yardımlı ilə bağlı  olan  boxçası kifayət qədər zəngindir. Bu bir coğrafiyanın  təsviridir. Mən  Tahirin  şeirləri ilə Yardımlını   gəzib-dolaşdım və bir az da  yaxından tanıdım. Və daxilən əmin oldum ki, Tahirin bir məqsədi də doğma el-obanı, Azərbaycanın ona  doğum  ünvanı  olan  bir  guşəsini  oxuculara şeir  dili  ilə təqdim etməkdir.  Məncə, o buna da nail olubdur. Çünki:

Uluqaya  Vətən adlı

çiçəyimin  ismətidi,

həyasıdı.

Babalardan miras qalan

səngərimdi!

Düşünürəm ki, bu kitabı oxuyan  hər kəs daxili bir  məmnunluq yaşayacaq. Həm şeirlərin  yaratdığı ovqata, həm də oxucuya  bağışladığı bilgilərə görə. Necə deyərlər, söz dünyasının  yeni  sözü uğurlu sözdür. Uğur olsun Tahir Uluqaya!

TƏQVİM / ARXİV