adalet.az header logo
  • Bakı -°C

"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır

104 | 2026-03-25 18:05
A- A+

Həmişə elə bilmişəm ki, Seyran Səxavətin yazdıqları şifahi xalq ədəbiyyatıdır. Bu fikrin məndə yaranmasının səbəbi var. Məktəbli olanda məndən böyük qızların xatirə dəftərindəki o məşhur şeir diqqətimi çəkmişdi. Hansı şairin şeiri olduğunu bilmək istəsəm də öyrənnəmədim, çünki bütün dəftərlərdə müəllifsiz yazılırdı.

Məndə bu şeirin də bayatı kimi xalqa məxsus olması təəssüratı yarandı. Məktəb kitabxanasında oxumadığım şeir kitabı qalmadı, amma "Sıxma ürəyimi, ürək cəhənnəm,Axı sən ordasan, sən sıxılarsan" misralı şeirin müəllifini tapa bilmədim. Tapanda artıq böyümüşdüm, üstəlik "Daş evlər"i oxumuşdum. Sonralar "Nekroloq"u, "Yəhudi əlifbası"nı və  hekayələrini də oxuyanda onun yaradıcılığı haqda yeni fikrə düşdüm:

Nağıllarda oxumuşuq ki, hardasa xəzinə olur, onu əldə etmək üçün ya qazıb çıxarırlar, ya da yeri bilinmir, ömür boyu gizlədildiyi yerdə qalır. Tapılsa da, tapılmasa da öz qiyməti ilə xəzinə xəzinədir. Seyran Səxavətin yaradıcılığı da Azərbaycan ədəbiyyatının xəzinəsidir. Yerini bilməyənlər də, bilib qazıb çıxarmağa ərincəklik edənlər də var. 

Onun “Nekroloq” romanı layiq olduğu dəyərini hələ almayıb. İndi ədəbi dəb özü, sözü balaca reklamı böyük olanların əhatəsindədir. 

S.Səxavətin nitqi də mətni kimi çoxşaxəlidir, zəngindir. O danışanda fikirlərinin gücü adamı lap dərinliklərə aparır. 

Səksən il istedadlı, mənən zəngin ədəbiyyat fədailəri üçün çox azdır. Nə qədər çox yaşasa, ədəbiyyatın, oxucunun xeyrinədir. 

Arzu edirəm Seyran Səxavət heç olmasa iyirmi il də bundan sonra əvvəlkitək ədəbiyyatımıza yeni əsərlər bəxş eləsin.
Haqqında dəfələrlə yazmışam, ana dili mövzusunda müsahibə almışam. Profilimdə adını axtarışa verəndə onunla bağlı xeyli paylaşma çıxır.

Əsərlərindən ayrı-ayrı vaxtlarda hissələr köçürüb yaymışam. Bu, yazıçının yazdıqlarının gücündən irəli gəlir. Hansı romanını oxudumsa, orda düşündürücü abzaslar tapdım və həvəslə paylaşdım. S.Səxavət ağrıyaraq yazan yazıçıdır, ona görə ona canıyananlıqla yanaşıram. Gördüklərinə laqeyd qala bilməyən, cəmiyyətdəki çatışmazlığın yaratdığı məyusluğu yaşayan biri kimi Seyran müəllimin bütün cümlələrindəki əzabı hiss edirəm. 

Əziz yazıçımıza ağrıdan xilas olmağı diləyirəm, yəni onu incidə biləcək problemlərin tükənməsini arzulayıram.

  • Fevral:
  • 27

TƏQVİM / ARXİV