Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov və nazir Marqus Tsahkna arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlərdə Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.
Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb.
BMT, ATƏT və Avropa İttifaqı təsisatları çərçivəsində ölkələrimizin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün böyük potensialın mövcud olduğu bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb.
Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və bağlantılar sahələrində əməkdaşlığın tam potensialından faydalanmaq üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb.
Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri və sülh müqaviləsinin paraflanmasının tarixi əhəmiyyəti qeyd edilib.
Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyi vurğulanıb.
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
12:15
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
C.Bayramov estoniyalı həmkarını Nazirliyin binasında qarşılayıb.