adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BALA DAĞI...

FƏRİDƏ RƏHİMLİ
87525 | 2015-04-11 01:42


Bir ata gördüm... oğul itkisinin, oğul dağının yumağa döndərdiyi bir ata...
Bir ata gördüm, gözlərində min ilin qüssəsi, üzündə dərdin, faciənin sarsıntısı...
Bir atanı kədərlə seyr etdim... çəkilməz dərdin altına verdiyi çiyinləri əyilmiş, beli bu dərd dağının ağırlığından bükülmüş bir atanı...
Bir atayla qarşılaşdım... yaşı qurumuş gözlərinin dibinə fağır çarəsizliyin sarılığı çökmüş atayla...
Bala dağı... Allahın ən böyük sınağı, imtahanı! İnsan oğlunun ən ağır yükü, ağrısı... İnsanı korun-korun içindən yandıran, görünməyən tüstüsünü təpəsindən çıxaran dərd.

Mən aşiq bala dağı,
Dolan gəl bala, dağı.
Sağalsa hər yaralar,
Sağalmaz bala dağı.

Onu sadə, həlim, kimsənin işinə qarışmadan öz halında bir adam kimi tanıdım. Ədalətli, mülayim, bir az da sadəlövh kollektiv rəhbəri kimi hörmətim oldu həmişə. Bəzən bir insandan ayrıldınmı, unudarsan. Yollarımız ayrılsa da, artıq müdirim olmasa da, ona olan sayqım, hörmətim dəyişməz qaldı. Birlikdə işlədiyimiz müddətdə böyük bir sıxıntısı olduğundan kollektivin xəbəri vardı. Amma onun şəxsi problemini işə yansıtmaq istəmədiyi aydındı. O boyda dərdi, ağrını işçilərə münasibətdə bəhanə etməz, əsəbləşməzdi. Hər kəslə öz yaxını, bərabər hüquqlu işçi kimi davranırdı. İşdəki aura ev halını xatırladırdı - istər mebellərin, masaların düzülüşü, istər nahar vaxtı yemək paylaşmaları, istər kollektivdən birinin maddi ehtiyacı olan zaman. Sanki ailədə ata rolunu oynayırdı. Birinə bir hadisə üz verəndə isə mütləq kollektivi toplayıb, kömək üçün, ziyarət üçün məsləhətlər verərdi. Bayramlarda isə tam başqa bir sevinc olardı - müdirimizin mütləq bizi sevindirəcəyinə alışmışdıq.
Amma təəssüf ki, biz ona heç bir köməklik edə bilmədik. Nə maddi, nə mənəvi. İllərlə qazandığını son qəpiyinə qədər övladının müalicəsinə xərclədi. Yeməyini, geyimini düşünmədən yalnız bir ümidin dalınca süründü, oğlunun sağalacağı ümidinin. "Bala insanı düşmən qapısına aparar" kimi atalar sözümüz var. Bəzən layiq olmayanlara belə ağız açdı yardım üçün, balasının xilası üçün. Oğlunu apardığı xarici ölkələrin doktorlarından umduğu sevinc işartısını verənlər də oldu, pessimist sözləriylə ümid çırağını söndürənlər də. Amma o, təslim olmadı, davam etdi, "bəlkə..." deyə düşündü və beləcə balası gözünün önündə şam kimi əridikcə onun da ürəyinin yağı əridi, cismi quru dərd qaxacına döndü. Dünyada, gözü qarşısında balanın hər gün əridiyini görməkdən və çarəsiz qalmaqdan daha betər hansı dərdi tanıyırsınız?!.
O çəkdi, çəkə bildikcə, bu dərdi. Çəkə bildimi həqiqətən? Çəkə bilirmi? O insanı qarşımda rentgen şüası altındaymış kimi görə bildim - içindən axan qara qanları gördüm mən, qanın yerinə ürəyinə, beyninə axan dərdi, ağrını gördüm. Əli sevimli balasından üzülmüş atanın dağları yaran səssiz fəryadını, bağırtısını, harayını eşitdim...
Qırx gündü gedə bilməmişdim yasa. Onu bu halda görməyə dayana bilməyəcəyimdən əmin olduğum üçün getməmişdim. Amma evinə qədər gedə bildim, yas çadırına girə bilmədim, üz-üzə gəlməkdən çəkindim. Gəldiyimi eşidib özü gəldi, həmişəki sadəliyi, alicənablığı ilə. Qırx gün keçsə də heç nə dəyişməmişdi. Yenə o, təptəzə qalan kədər, ağrı ondan mənə də sirayət elədi. Nə deyəcəyimi bilmədən eləcə sakitcə üzünə baxdım. Göz yaşları içinə axan adamın üfürsən yıxılacaq qədər gücü qalmamışdı sanki. Tük basmış üzündə yüz ilin qocasının yorğunluğu vardı.
Cüssəsindən yalnız iki qəmli göz yaddaşıma köçdü. Dərd tökülən, baxandan bir də baxmaq cəsarəti istəyən kədər yuvası gözlər...

Yara sızlar
Qan verər yara, sızlar
Sızlayaram yaradan,
Nə bilər yarasızlar...

Bu sətirləri yazarkən belə içimdəki sıxıntını ifadə edə bilmirəm. "Yad ağlar, yalan ağlar" deyirdi nənələrimiz. İndi yad bu qədər yanırsa, təəssüflənirsə bu itkiyə, yaxınlarının yanan ürəyini təsəvvür etmək çətin deyil. Amma təsəlli üçün söz tapmaq daha çətindir.
Yalnız bir təsəlli var. O, Allaha inan, seyid nəslinin nümayəndəsidir. Və yəqin çox gözəl bilir ki, Allah imanını, etiqadını sınamaq üçün sevdiyi insanları sevdikləri ilə imtahan edər. Asi düşüb-düşməyəcəyini yoxlayar. O, gənc onsuz da cənnət quşudur. Allahın rəhmətində olacaq.
Allah sizə səbir versin, Əliəsgər müəllim! O, bir balanızın xeyrini elə bir şəkildə görəsiniz ki, yanan ciyərinizin üstünə su səpmiş olsun, inşallah!
Seyid Əliəsgər Behbudlu! Daşıdığınız bu ağır yükü yüngülləşdirmək gücümüz, imkanımız olmasa da, bilmənizi istəyirik ki, dostlarınız, sizə sayqı, hörmət bəsləyənlər daim dərdinizə şərik olmağa hazırdırlar.

TƏQVİM / ARXİV