«Azərbaycanda və İraqda bayatılar» - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
319 | 2022-09-22 16:41

Bir ömrün bir zərrəsi əslində bəzən bütöv bir ömrə bərabər olur. Amma elə həyat mənzərələri var ki, onun bütövlüyünü ağlına gətirmək, ümumiyyətlə onun sərhədlərini çəkmək, hüdudlarını müəyyənləşdirmək çox çətin olur. Bəzən heç bunu axıra çatdırmaq da bir arzu kimi, istək kimi yarımçıq qalır. Bu mənada Azərbaycan elm, ədəbiyyat, ictimai fikir camiyəsində artıq özünün yeri, sözü, xidmətləri, lap konkret desəm, möhürü olan aydınlarımızın biri də professor, əməkdar elm xadimi Qəzənfər Paşayevdir.

Təkrar olsa da, bir anlıq ötən illərə qayıdıram və xatırlatmaq istəyirəm ki, mənim aid olduğum nəsil Qəzənfər Paşayevi hələ Sovet dönəmində yazıb biz oxuculara təqdim etdiyi «Altı il Dəclə-Fərac sahillərində»  kitabı ilə tanıdıq. Bu kitab həmin dövrün oxucuları üçün sözün həqiqi mənasında bir səyahətnamə, bir ensiklopediya, bir kinofilmdir, özü də sənədli. Ona görə də əsərin həm bədii, həm də publisist çalarları bir-birini elə tamamlamışdı ki, oxucu kitabdan ayrıla bilmirdi. Qoşulub müəllifə, o vaxtlar Sovet xalqları üçün əlçatmaz olan yerləri gəzib-dolanırdı. Deməli, bax mən də həmin o kitabdan, özü də orta məktəb illərindən tanıdım, hörmətli Qəzənfər müəllimi. Sonra tələbəlik illəri, mətbuat, ədəbiyyat... və beləcə şəxsi tanışlıq. İndi şükürlər olsun ki, hamı üçün əziz olan Qəzənfər müəllimin demək olar ki, qələmindən çıxan əksər yazılardan xəbərdaram, oxumuşam və oxuyuram. Bu gün isə onun məndə olan sonuncu kitabı barəsində fikirlərimi bilgisayara diktə edirəm.

Artıq oxumağa başladığınız yazının başlığı olan «Azərbaycanda və İraqda bayatılar» kitabı masamın üstündədir. Mən bu kitabda bəhs edilən ayrı-ayrı məqamları dövrü mətbuatdan artıq oxumuşdum. Ona görə də kitabı köhnə tanış kimi qarşıladım və onun tərtibatından tutmuş çap keyfiyyətinə qədər bir məmnunluqla yenidən, bütöv halda vərəqləməyə, gözdən keçirməyə, müəyyən məqamları təkrar oxumağa başladım. Bu işdə, yəni oxuduqlarımı xatırlatmaqda mənə AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı ön söz bir növ yardımçı oldu. Hörmətli İsa müəllim həmin ön sözdə vurğuladığı kimi «Qədim Oğuz boylarından biri olan Bayat tayfası geniş, coğrafi ərazidə yaşayıb, müxtəlif ölkələrin və ayrı-ayrı dövlətlərin tərkibində öz mövcudluğunu qorumaqda və yaşamaqda davam edir».  Bu işə artıq mənim üçün Azərbaycanın Qarabağ bölgəsini xatırlamaqda bir ip ucu, bir göstərişdi. Çünki Ağcabədi rayonu ərazisində Bayat kəndinin olması məqamı həmin ön sözdən yaddaşımda təzələndi. Və...

Mən kitabın hər bir fəslində tariximizlə, xüsusilə Bayat elləri ilə bağlı həm tarixi çalarlı, həm də ictimai, fəlsəfi, ədəbi baxımdan müəyyən bilgilər qazanmaq fürsəti əldə etdim. Çünki təkcə bayatıların dünəni yox, bu günü də , onların tariximizdəki yeri də, müstəqil Azərbaycana, onların müxtəlif ölkələrdən yanaşmaları da çox maraqlı idi. Bir oxucu olaraq, professor Qəzənfər Paşayevin bu kitabında mən Bayat boyunun, Bayat qəbilələrinin, məni daha çox maraqlandıran Bayat ədəbi mühitinin özündən, əhatə etdiyi dairədən və bir də Dədə Qorqudda bir-birini təsdiqləyən soy kökümüzdən yararlanaraq bir daxili rahatlıq tapdım. Ona görə də bu kitabın təkcə tarixçilər, ədəbiyyat araşdırmaçıları, coğrafiyaşünaslar üçün deyil, həm də aid  olduğumuz türk soy-kökümüzlə maraqlanan hər kəsə bir hədiyyə hesab edirəm. Elə bu kitabın araya-ərsəyə gəlməsi üçün çəkilən əziyyətin, yuxusuz gecələrin yaradıcılıq narahatlığının bəhrəsi də onun, yəni «Azərbaycanda və İraqda bayatılar» kitabının hamımıza hədiyyə olmasıdır.

Bəli, çox qısa bir şəkildə əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin yeni kitabı barəsində informasiya verərkən bir fürsəti də qaçırmaq istəmədim. Bu da Qəzənfər müəllimin yubileyidir. Mən dəyərli alimimizi, böyük ədəbiyyat adamımızı, xüsusilə Azərbaycanın həqiqi AYDINLARINDAN biri olan Qəzənfər müəllimi yubileyi, yəni 85 yaşının tamamı münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və qazandığı oxucu sevgisinin tükənməzliyini arzu edirəm.

TƏQVİM / ARXİV