adalet.az header logo
  • Bakı -°C

Azərbaycanda araq BAHALAŞACAQ

69 | 2025-11-05 17:04
A- A+

Növbəti ildən Azərbaycanda alkoqollu içkilər üçün aksiz dərəcələri artırılacaq. Bu dəyişiklik “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Yeni təklifə əsasən, içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litrinə tətbiq olunan aksiz dərəcəsi 4,8 manatdan 5 manata qaldırılır.

Adalet.az bildirir ki, energetik içkilərin hər litrinə görə aksiz 3,1 manatdan 3,3 manata, tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibində spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə görə isə 0,4 manatdan 0,5 manata yüksəldilir. Tütün məhsulları üzrə də artım nəzərdə tutulub - siqarilla, siqaret və onların əvəzedicilərinin 1000 ədədi üçün aksiz 45,5 manatdan 55 manata qaldırılacaq.

Belə ki, aksiz dərəcələrinin artırılması ilə spirtli içkilərin və tütün məhsullarında müəyyən qiymət artımı gözlənilir.

Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri  Akif Nəsirli qeyd edib ki, Azərbaycanda spirtli içkilərə tətbiq edilən aksiz dərəcələrinin artırılması ilə bağlı planlaşdırılan dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

“Bu qərar, əsasən, dövlət büdcəsinə əlavə gəlir gətirmək, eyni zamanda qeyri-rəsmi istehsalın qarşısını almaq məqsədi daşıyır. Lakin dəyişikliklərin bazardakı qiymətlərə təsiri bir neçə amildən asılı olacaq - aksiz dərəcəsi, istehsal xərcləri, idxal və yerli istehsal nisbəti, gömrük rüsumları, valyuta məzənnəsi və satıcı davranışı bu təsirə yön verən əsas faktorlardır.

Hazırda spirtli içkilər üçün aksiz dərəcəsi 4,8 manat/litr təşkil edir. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu göstərici 5 manat/litr olacaq. Bu isə litr başına 0,2 manat və ya təxminən 4,2 faizlik artım deməkdir. Aksizin birbaşa satış qiymətinə ötürülməsi halında bahalaşma cüzi görünə bilər - məsələn, 20 manatlıq içki üçün bu, cəmi 0,2 manatlıq, yəni 1 faizlik artıma bərabərdir. Lakin praktikada istehsalçı və distribyutorlar əlavə xərcləri nəzərə alaraq qiymətləri bir qədər çox qaldıra bilərlər. Beləliklə, spirtli içkilərin qiymətində 2-5 faiz arası artım mümkündür”.

Ekspert bildirib ki, araq və digər tünd içkilər kateqoriyasında (viski, cin, rom və s.) bahalaşma əsasən 1-3 faiz arasında proqnozlaşdırılır.

“0,7 litrlik araq üçün aksiz artımı təxminən 0,14 manat təşkil edəcək. Bu artımın təsiri daha çox idxal olunan markalarda hiss ediləcək, çünki bu içkilər həm valyuta məzənnəsinin dəyişməsi, həm də gömrük rüsumları ilə bağlı əlavə xərclərdən təsirlənirlər.

Konyak və konyak materialları üçün də eyni səviyyəli artım nəzərdə tutulub. Bu seqmentdə, xüsusilə idxal markaları üzrə qiymətlərin 2-5 faiz aralığında artımı ehtimal olunur. Yerli istehsal məhsullarında isə artım nisbətən az ola bilər.

Likyor və likyor tipli məhsullarda 4,2 faizlik aksiz artımı 2-4 faiz arası bahalaşmaya səbəb ola bilər. Premium və idxal likyorlarında isə bu göstərici bir qədər yüksək ola bilər”.

A.Nəsirli onu da əlavə edib ki, pivə və aşağı alkoqollu içkilər üçün aksiz dərəcəsi  - 0,4 manatdan 0,5 manata, yəni 25 faiz nisbətində artırılır:

“Nisbətən böyük faiz göstəricisinə baxmayaraq, bu içkilərin ümumi qiymətinin aşağı olması səbəbindən faktiki artım az olacaq. Məsələn, 2,5 manata satılan 1 litr pivənin qiyməti təxminən 0,10-0,15 manat yüksələ bilər.

Bundan əlavə, enerji içkiləri üçün də aksiz dərəcəsində - 3,1 manatdan 3,3 manata qədər artım nəzərdə tutulur. İçməli etil spirti üçün də analoji dəyişiklik tətbiq olunacaq. 4,8 manatdan 5 manata yüksəlmə planlaşdırılır. Bu addım isə, qida sənayesində istifadə olunan spirtin vergisini ümumi tənzimləməyə uyğunlaşdırmaq və qeyri-rəsmi istehsalın qarşısını almağa yönəlib”.

O həmçinin vurğulayıb ki, ümumilikdə, aksiz artımının bazarda yaratdığı bahalaşma təsiri müxtəlif olacaq:

“Ən yüksək nisbi artım aşağı alkoqollu içkilərdə müşahidə ediləcək, lakin faktiki qiymət fərqi az olacaq. Ən çox bahalaşma riski isə idxal olunan tünd içkilərdə gözlənilir, çünki bu məhsullar həm aksiz, həm də valyuta amilindən təsirlənirlər. Ekspertlər hesab edir ki, ümumi qiymət artımı bazarda 1 faizdən 10 faizə qədər dəyişə bilər.

Yeni aksiz dərəcələrinin tətbiqi, bir tərəfdən dövlət gəlirlərinin artırılmasına xidmət edəcək, digər tərəfdən isə istehsalçı və istehlakçı davranışında müəyyən korrektələr yaradacaq. Buna baxmayaraq, rəqabətli mühit və mağazaların endirim siyasəti bahalaşma prosesini qismən yumşalda bilər”,- deyə A.Nəsirli bildirib.

TƏQVİM / ARXİV