İsrail hökumətinin "erməni soyqırımı"nı tanıması ilə bağlı qətnamə qəbul etməsi və bu istiqamətdəki addımları regional geosiyasətdə yeni müzakirələrə yol açıb. İsrail hökuməti tərəfindən belə bir addımın atılmasının verə biləcəyi fəsadlar, eləcə də hər iki ölkənin Azərbaycan üzərindən apardığı hibrid müharibə barədə bir qədər sonra... Ancaq öncə gələk prosesin əsas doğurucu səbəbinə.
Təbii ki, İsrail tərəfi də, elə Azərbaycandakı bir çox siyasi şərhçilər də baş verənləri Türkiyənin Fələstin məsələsinə münasibəti, Qəzzada baş verənləri soyqırım adlandırması ilə əlaqələndirirlər. Ancaq Ankara-Tel-Əviv münasibətlərinin arxasında yatan əsas səbəb iki ölkənin müəyyən mənada Yaxın Şərqdə, xüsusilə Şərqi Aralıq dənizindəki amansız rəqabətindən irəli gəlir.
Hesab edirəm ki, Fələstin məsələsi, Qəzzada baş verənlər və ideoloji bəyanatlar kütlələrə xitab edən, medianın gündəmini zəbt edən və siyasi liderlərin daxili auditoriya üçün istifadə etdiyi görünən tərəf, yəni sadəcə vitrindir. Pərdəarxasında, dövlət maraqlarının toqquşduğu əsas məsələ isə məhz Şərqi Aralıq dənizi, enerji geosiyasəti və regional hegemonluq mübarizəsidir.
Bu o demək deyil ki, İsrailin Qəzzada törətdikləri qəbul edilən bir şeydir. Faktiki olaraq İsrailin Qəzzadakı hərəkətləri onu məzlum, soyqırıma məruz qalmış bir xalq olmaq imicindən tamamilə çıxarıb. İsrailin etdikləri vaxtilə ABŞ-nin yerli xalqlara, Fransanın Əlcəzairə, Almaniyanın yəhudilərə, Ermənistanın isə Xocalıda dinc əhaliyə qarşı törətdiyi qırğınlardan fərqlənmir.
Niyə Fələstini və Qəzzada baş verənləri prosesin vitrini hesab edirəm? Çünki 2022-ci ildə, Qəzza hadisələrindən əvvəl Türkiyə və İsrail münasibətləri qəfildən normallaşmağa başlamışdı. 2022-ci ilin martında İsrail Prezidenti İshak Hersoqun Ankaraya tarixi səfəri baş tutdu və ardından elə həmin ilin sentyabrında Nyu-Yorkda Ərdoğan-Netanyahu görüşü keçirildi. Səbəb nə idi, Fələstin problemimi həll olunmuşdu? Xeyr. Səbəb o idi ki, tərəflər Şərqi Aralıq dənizində (2009-cu ildə İsrail sahillərində "Tamar", 2010-cu ildə isə daha böyük "Leviafan" qaz yataqları) kəşf edilən qazın Türkiyə üzərindən Avropaya daşınmasını razılaşdırmaq istəyirdilər.
Tərəflər masada tam razılaşmaq üzrə ikən bu anlaşmanın baş tutmamasının və layihənin dondurulmasının arxasında həm iqtisadi-strateji fikir ayrılıqları, həm də geosiyasi fors-major hadisələr dayandı. Bir tərəfdən Tel-Əviv özünün ən mühüm strateji aktivi olan təbii qazın ixrac ipini tamamilə Türkiyənin əlinə verməkten çəkinirdi. İsrail rəhbərliyi qorxurdu ki, gələcəkdə münasibətlər yenidən pisləşsə, Ankara bu kəməri bağlayaraq Rusiyanın Avropaya etdiyi kimi İsraili şantaj edə bilər. Türkiyə isə sözügedən qaz kəmərinin təkcə ərazisindən keçməsində yox, həm də bir enerji qovşağı kimi onun qiymətləndirilməsində və paylanmasında maraqlı idi. Üstəlik, İsrail qazını Türkiyəyə gətirmək üçün çəkiləcək sualtı boru kəməri coğrafi olaraq Cənubi Kiprin elan etdiyi dəniz zonalarından keçməli idi. Beynəlxalq dəniz hüququna görə, Cənubi Kipr bu kəmərin keçməsinə icazə verməli idi, Türkiyə isə bildiyimiz kimi, Cənubi Kipri dövlət kimi tanımır.
Danışıqlar uzandıqca İsrail alternativ yollar tapdı. Qazı boru xətti ilə Türkiyəyə aparmaq yerinə, borularla Misirə nəql etməyə başladı. Misirdəki mövcud maye qaz terminallarında İsrail qazı mayeləşdirilərək tankerlərlə Avropaya göndərildi. Bu infrastruktur hazır olduqdan sonra İsrailin Türkiyədən keçəcək boru kəmərinə olan kəskin ehtiyacı və asılılığı xeyli azaldı. Layihənin tabutuna vurulan son və ən ağır mismar isə 7 oktyabr 2023-cü ildə Qəzzada başlayan hadisələr oldu. Həmin vaxta qədər tərəflər hələ də texniki detalları müzakirə edirdilər və hətta Türkiyənin Enerji nazirinin Tel-Əvivə səfəri planlaşdırılırdı. Qəzza böhranı isə bu yarımçıq qalmış prosesi tamamilə dondurdu və müttəfiq olacaq tərəflər öncə rəqibə, hazırda isə düşmənə çevrildilər.
Təbii ki, Türkiyənin Şərqi Aralıq dənizində hüquqi və hərbi baxımdan sərtləşməsinin də ciddi səbəbləri var idi. 2019-cu ildə İsrail, Misir, Yunanıstan, Cənubi Kipr, İordaniya, İtaliya və Fələstin Qahirədə birləşərək rəsmi bir enerji bloku yaratdılar, 2020-ci ilin sentyabrında isə bu blok rəsmi beynəlxalq təşkilata çevrildi. Daha sonra bu təşkilata Fransa tam hüquqlu üzv kimi qoşuldu, ABŞ və Avropa İttifaqı isə müşahidəçi statusu aldılar. Regionun ən uzun sahil xəttinə malik ölkəsi olan Türkiyə isə bu forumdan tamamilə təcrid edildi. İsrailin rəhbərlik etdiyi bu koalisiyanın onu dənizdə tamamilə mühasirəyə aldığını görən Türkiyə, illərdir rəflərdə qalan hərbi-dəniz doktrinasını — Mavi Vətəni rəsmi dövlət siyasətinə çevirdi. Türkiyə dərhal özünün nəhəng kəşfiyyat və qazma gəmilərini hərbi gəmilərin müşayiəti ilə İsrail və Kiprin iddia etdiyi sahələrə göndərərək dolayısıyla bildirdi ki, mənim icazəm olmadan burada heç kim qaz çıxara və ya keçirə bilməz. Ardınca isə Türkiyə Aralıq dənizinin digər sahilindəki Liviya ilə dəniz sərhədi müqaviləsi imzaladı. Bu xətt İsrail-Yunanıstan koordinasiyalı EastMed layihəsinin keçəcəyi dəniz zonasını tam ortadan kəsdi və hüquqi olaraq həmin layihəni iflic etdi.
Türkiyənin layihədən kənarda saxlanılması ilə başlayan problem artıq hərbi müstəviyə də keçib. İsrail hazırda Yunanıstan və Kipr rumları ilə sıx hərbi əməkdaşlıq edir, üstəlik Fransa da bu prosesə qoşulub. Yəni, İsrailin qondarma "erməni soyqırımı"nı ortaya atmasında və Türkiyənin Qəzzada baş verənləri soyqırım kimi tanıtmaq üçün apardığı siyasətin arxasında Yaxın Şərqdə və Şərqi Aralıq dənizindəki amansız mübarizə durur. Yeri gəlmişkən, sözügedən layihə zaman-zaman Azərbaycanla Türkiyə arasında da müəyyən rəy ayrılıqlarına və soyuqluğa səbəb olmuşdu. Bizim bəzi analitiklərin iddia etdiyi siyasi islam və ya ərəblər qalıb kənarda fələstinliləri niyə Türkiyə müdafiə edir tipli yanaşmaları əslində elə həmin vitrinin bir hissəsidir.
Bəs bu rəqabətin Azərbaycana təsiri mümkündürmü? Şübhəsiz. Tərəflər onsuz da uzun illərdir ki, Azərbaycanda sosial şəbəkələr və mətbuat üzərindən kəşfiyyat, informasiya, media, iqtisadiyyat və ictimai rəy müstəvisində hibrid müharibə aparırlar. Hər iki dövlət Azərbaycan cəmiyyətinin ictimai rəyini öz xeyrinə manipulyasiya etmək üçün yumşaq gücdən istifadə edir.
Türkiyəpərəst xətt Azərbaycan mediasında, sosial şəbəkələrdə və ictimaiyyətdə mövcud olan güclü türksevərlik emosiyasından istifadə edərək İsrail əleyhinə rəy formalaşdırmağa çalışır. Bu tərəfin analitikləri Türkiyə Qarabağa görə Ermənistanla münasibətləri normallaşdırmadı fikrini daim göz önündə saxlayırlar.
İsrail isə əksinə, İkinci Qarabağ Müharibəsində verdiyi hərbi-texniki, yəni PUA-ları, raket sistemləri kimi dəstəyi mütəmadi olaraq xatırlatmaqla, çətin gündə yanınızda olan dost imicini qorumağa çalışır. İsrailpərəst analitiklər və yəhudi lobbisinə yaxın şəbəkələr media vasitəsilə Azərbaycan cəmiyyətinə İsraili itirsək, regional balans pozular tezisini aşılayırlar.
Azərbaycan cəmiyyəti daxilində bəzi qrupların mənəvi-dini təəssübkeşliklə strateji-milli maraqlar arasında qütbləşməsi məhz bu informasiya rəqabətinin nəticəsidir. Hətta bəzi məqamlar olur ki, cəmiyyətdə müzakirəyə çıxarılan məsələlərin hansı cəbhədən gəldiyi də məlum olmur. Çox zaman bu rəqabətin qurbanına Rusiya və İran çevrilir, arada ən çox tənqid olunan və söyülən onlar olur.
Digər tərəfdən, Azərbaycan həm Türkiyə, həm də İsrail müdafiə sənayesi üçün çox prestijli və mühüm bir bazardır və ordunun modernləşdirilməsi prosesində də ciddi rəqabət mövcuddur.
Türkiyə ordunun strukturunu tam olaraq NATO standartına, yəni öz modelinə uyğunlaşdırmaq və əsas silah tədarükçüsü olmaq istəyir. İsrail isə özünün yüksək texnoloji silahlarını, hava hücumundan müdafiə sistemlərini, peyk texnologiyalarını və kiber-mühafizəsini Azərbaycana satmaqda maraqlıdır.
Türkiyə və İsrail beynəlxalq platformalarda fərqli qətnamələr üzərindən qarşı-qarşıya gələcək və hər iki tərəf Azərbaycanın səsvermə zamanı öz xeyrinə mövqe nümayiş etdirməsini və ya ən azı neytral qalmasını tələb edəcək. Bu, Azərbaycan diplomatiyasını hər addımda "mina sahəsində" yerimək məcburiyyətində qoyur və bundan sonra daha çox qoyacaq.
Bu amansız mübarizə Azərbaycanın müəyyən mənada zərərinə də ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, nə Türkiyə, nə də İsrail Azərbaycan kimi bir tərəfdaşı itirmək istəmir. Azərbaycan isə bu vəziyyəti öz xeyrinə çevirə bilər və hər iki tərəfdən istifadə edərək güclənmək üçün addımlar ata bilər. Rəsmi Bakının ən yaxşı bacardığı iş məhz budur; balanslaşdır və öz xeyrinə istifadə et. Bu siyasət ta o zamana qədər davam edər ki, tərəflər açıq hərbi savaşa girsinlər. Çünki belə bir halın yaşanması Azərbaycan üçün həqiqətən də arzuolunmaz və ağır nəticələr verə bilər.


Bakı -°C
