adalet.az header logo
  • Bakı -°C

Azər Məmmədov: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını müasir hərb tarixinə...”

79 | 2025-11-05 14:51
A- A+

Baş redaktorun şərhi

Bu il artıq beşinci dəfədir ki, Azərbaycan xalqı özünün şanlı dövlətçilik tarixində əldə etdiyi ən möhtəşəm Zəfərinin, II Qarabağ savaşında igid Vətən oğullarının canı-qanı bahasına qazandığı tarixi Qələbəsinin ildönümünü sonsuz qürur hissi və böyük coşqu ilə qeyd edir. Bu hadisəni şərh edən aia.az saytının baş redaktoru Azər Məmmədov Vətən müharibəsinin gedişində düşmənə vurulan son və ən mühüm ölümcül zərbənin məhz Şuşa şəhərinin azad edilməsi olduğuna diqqət çəkib. Baş redaktor bildirib ki, 2020-ci il noyabr ayının 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi həm tarixi baxımdan, həm də Vətən müharibəsinin nəticələri baxımından müstəsna əhəmiyyət kəsb edən bir qələbə idi: “Təsadüfi deyil ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Şuşa şəhərinin işğalda qaldığı vəziyyətdə hərbi əməliyyatların dayandırılmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad edilməsinin son dərəcə vacib amil olduğunu vurğulayaraq belə demişdi: “Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Məhz bu səbəbdən də Vətən müharibəsində şəhid və qazilərimizin, qəhrəman hərbçilərimizin qanı-canı bahasına əldə olunan tarixi Qələbə günü hər il məhz noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.”

Daha sonra baş redaktor II Qarabağ savaşında Azərbaycana tarixi Zəfər qazandıran ən mühüm amillərdən birinin cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və effektiv tədbirlər nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühiti olduğunu deyib. A.Məmmədovun fikrincə Azərbaycanda milli birlik və siyasi həmrəylik mühitinin formalaşmasına birbaşa cənab Prezident İlham Əliyevin bu istiqamətdə atdığı düşünülmüş addımlar, həyata keçirdiyi əsaslı islahatlar sayəsində nail olunmuşdur: “Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, müharibə dövründə arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirdilər. Bu milli həmrəyliyin nəticəsi də möhtəşəm oldu. Torpaqlarımız düşməndən təmizləndi, 30 illik işğala son qoyuldu və nəhayət keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Möhtərəm dövlət başçımızın uğurla həyata keçirdiyi düşünülmüş və son dərəcə uzaqgörən daxili siyasətinin nəticəsi olaraq ölkədə, cəmiyyətdə formalaşmış siyasi-mənəvi həmrəylik mühiti dövlətimizin gücünü artırmış, imkanlarını genişləndirmişdir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, müharibə dövründə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat, 2 müraciət və 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti nümayəndələrinin müraciətləri ünvanlandı. Bütün bu sənədlərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə birmənalı və tam dəstək ifadə edilirdi. Bu fakt belə bir vacib məqamı bir daha təsdiq etmiş oldu ki, Azərbaycanda milli məsələlərlə bağlı hər hansı fikir ayrılığının mövcud olması mümkün deyil.”

Baş redaktor öz şərhində II Qarabağ savaşının davam etdiyi 44 gün ərzində ölkəmizə qarşı aparılan informasiya müharibəsinə də yer ayırıb. O, həmin dövrdə bütün dünyanın ermənipərəst qüvvələri tərəfindən Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə haqsız savaş açıldığını bildirib və bu savaşda əldə edilən qələbənin bilavasitə Ölkə Prezidentinin müstəsna xidməti olduğunu vurğulayıb: “Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan siyasi-diplomatik savaşın əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin cənab Prezident İlham Əliyev hərbi əməliyyatların davam etdiyi bütün dövr ərzində, davamlı olaraq dünyanın aparıcı informasiya agentliklərinə və televiziya kanallarına verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsl Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeyini daha da möhkəmlətmiş oldu.”

Öz şərhinin sonunda Azər Məmmədov xüsusi olaraq Azərbaycan Ordusunun qabaqcıl texnologiyalara yiyələnməklə, bütün dünyaya yeni, ən müasir döyüş taktikasını nümayiş etdirdiyini də vurğulayaıb. Baş redaktor bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını müasir hərb tarixinə XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı: “Şanlı Ordumuzun II Qarabağ savaşı zamanı istifadə etdiyi mükəmməl taktika dünya hərb tarixində yenilik hesab olunur və bir çox ölkələrin ali hərbi məktəblərinin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. ABŞ-nin Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bu ordunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Bu, böyük nailiyyətdir və Azərbaycanın təhlükəsizliyinin qarantı kimi çıxış edən ən mühüm amildir.”
 

TƏQVİM / ARXİV