adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ASAN ÖLüM?

OQTAY SALAMOV
61143 | 2012-07-14 12:23
Allah xeyir eləsin, son vaxtlar ölüm haqda çox yazıram ha... Bu yazını üçüncü dəfə yazmalı oldum. Yazı haqda təcürbəsi olanlar bilirlər ki, bir yazını ikinci dəfə yazmaq mümkün deyil, neynəsən də birinci dəfəki kimi alınmayacaq. Gör onda üçüncü dəfə cəhd necə alınar. Birinci yazdım, şəkillərini qoyanda yazı silindi. Gecə saat 3 idi. Yenidən yazmağı sonrakı günə saxladım. Yenidən, yadımda qalan kimi yazdım, "saxlamaq" düyməsini basmağı unutdum... Havalana bilərdim... Üçüncü dəfə başladım.Sünnüyəm axı, tərsliyim tutdu, ağlıma batdısa sona qədər gedəcəm...
   
   Televiziyada "Şəhidlər xiyabanı"nda ağacların qəbirləri gizlətməsi haqda süjet göstərirdilər. Belə çıxdı ki, ağaclar böyüyüb, qol-budaqları qəbirlərin qarşısını kəsir, onları kəsmək, çıxartmaq lazımdır. İnanmıram ki, şəhid ruhları şad oldular... Bir də ayıldım ki, nəinki süjet, hətta veriliş də çoxdan qurtarıb. Mənim fikrim ölüm ardınca gedib...
   
   Ağır mövzudur. Elə ölümün özü qədər ağır, amma qaçılmaz mövzudur. Çoxdan bu heç də şən olmayan mövzu beynimdən çıxmır - necə ölüm yaxşıdır, asan, yüngül, qəfil ölüm, yoxsa əksinə, xəstələnib, əlacı olmayandan sonra ölmək?
   
   Əslində cavab üzdədir, demək olar ki, hər bir adam deyər ki, vaxtı çatanda gələn ölüm ani, asan, tez, dərkolunmaz olarsa daha yaxşıdır. Çıqq- hazırıq. Ən yaxşısı isə elə yuxuda olanda; nə ruhən, nə fiziki nə baş verdiyini dərk etmədən ölməkdir. Sadə, sakit, heç hiss olmayan ölüm, hətta bunu əzizləmə mənasında ölümciyəz də adlandırmaq olar... Hansı ağılsız özünə başqa cür ölüm arzulayar?!
   
   Rəhmətlik nənəm həmişə Allaha dua eləyərdi ki, Sən mənə asan ölüm qismət elə. Heç kimi bezdirməyim, əziyyət verməyim, məsləhət bilirsənsə, mənə də əzab vermə... Rəhmətliyin bir çox arzuları kimi, bu arzusu da yerinə yetdi. Bir gecənin içərisində, quş kimi uçub getdi. Deyirlər ki, belələrin yeri behiştlikdi...
   
   Amma yox, burada hər şey elə də sadə deyil.
   
   Bir tanışım beləcə, yuxuda olanda, ciddi xəstəliyi olmadan, gözlənilmədən dünyasını dəyişdi. Əllini yenicə aşmışdı. Dəfnində, məclisində deyirdilər ki, Allaha şükür, adam əziyyət çəkmədi, mömin kimi yuxuda keçindi...
   
   Amma baş verənin mənasızlığı, məntiqsizliyi kimi qəribə bir hiss qətiyyən tərk eləmir. İki gün qabaq yanımda evinin təmiri haqda danışırdı, divar kağızı seçməkdə məsləhət istəyirdi. Belə, çox da yüksək olmayan, adi arzularla dünyadan getdi. Məncə sonun belə olması, belə ölüm çox düşüncəsiz işdir, hətta sonun yaxınlaşmasını hiss etməyə də macal tapmadan ölmək...
   
   Haradasa oxumuşam ki, Yuli Sezar özünə belə asan, yüngül, ani ölüm arzulayırmış. Amma o vaxtkı allahlar başqa cür qərar verirlər - məlumdur ki, onun ölümü kifayət qədər tez, amma qətiyyən asan olmadı. Belə bir şübhə də var ki, Sezar özü yaşamaqdan yorulub, vüqarlı, qurban getmək kimi ölüm istəyirmiş. Deyəsən onun ölümü həqiqətən Sezara layiq, döyüş meydanında deyil, hətta ondan effektli oldu. Yox, yüngül, dramatik olmayan ölüm heç Sezara yaraşmazdı da...
   
   Xatırlatma: Yuli Sezarın ölümü - Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız "Brut sən də?" deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş.
   
   Haradan götürüblər ki, möminlər, müqəddəslər rahat ölümlə dünyadan köçürlər? Bəs İsa peyğəmbər, bəs Nəsimi? Bəs imamlarımız? Onların hansı əzablar içərisində keçinməklərini təsəvvür edəndə adamın damarlarında qan donur! Budu rahat, asan ölüm?..
   
   Bir dəfə rus mütəfəkkiri Vasiliy Rozanov öz qardaşının öldüyünü qohumuna xəbər verəndə, qadın hönkürüb ağlayır- təkcə yaxın adamın yox, ümumiyyətlə adamın xəstələnmədən, zərər almadan ölməsinə ağlayır. Rozanov yazır: "mömin adamlar qəfil ölümdən qorxurlar. Qorxurlar və ölümdən dünyalarını dəyişməyi istəmirlər".
   
   Yaxınları əzablar içərisində ölənlər (çox vaxt ölümlər məhz belə olur) üçün əsl dərman olan sözlərdir. Çoxlarınız bunu bilirsiniz... Söhbət müsəlman, xristian kimi ölməkdən getmir. Biz ölümlə sonsuzluğa qovuşuruq, burada hansı asanlıqdan danışırıq ki? Ümumiyyətlə, böyük, ciddi işlər sadə və asan ola bilməz axı!
   
   Qədim meksikan şamanlarının öyüdlərində yazılır: "Döyüşçü çətin üsulla ölür. Onun ölümü ölümlə çarpışmaq olmalıdır".
   
   İndi dediklərimə baxmayın, görək özüm öləndə nə danışacam, özümə hansı variantı arzulayacam...
   
   Kim deyə bilər ki, adam necə ölür? Ani ölümün axınına nələr sığışır, hansı ağrı çəkilir? Bəlkə bu sürət üzünmüddətli ölümdən daha dəhşətlidir? Kim bilir? Hər halda bu bizdən asılı deyil. Amma bizdən asılı olan başqa məqamdır; sonumuz çatanda ölümü ləyaqətlə qarşılamaq, son məqamda gücümüz çatan qədər işləri korlamamaq...
   
   Əslində nə qədər ki, yaşayırsan, istənilən səhvi düzəltmək olar, hətta ölüm bahasına olsa da borcundan çıxasan. Pisi odur ki, rüsvaycasına öləsən- bunu düzəltmək olmur...
   
   Adamın ölümqabağı imic haqda düşünməsi sizə qəribə gəlmir ki?..
   
   Hara fırladırsan fırlat, hara çevirirsən çevir, ən yaxşısı döyüş meydanında ölməkdir! Fürsət də var, torpaqlarımızı azad eləmək üçün öldürmək və ölmək olar! Burada ölümün asan, yoxsa əzablı olması qətiyyən vacib deyil...
   
   Haradansa yaddaşımda ilişib qalmış bir ifadə: "Vaxt olacaq ki, dirilər ölülərə həsəd aparacaqlar!.."

TƏQVİM / ARXİV