Uzun illərin müşahidəsidir, Aqil Abbasın təzə əsər yazmağını gözlərinin işartısından, şövqlə danışmağından, coşqulu halından bilirəm. Hələ ötən əsrin səksəninci illərində “Elm və həyat” jurnalının əvvəlcə Doktor, sonra Adil Babayev döngəsində yerləşən redaksiyasında Qarabağ tarixindən, Məhəmməd bəydən yazdığı, əlyazmasını da sonralar avtoqrafla mənə bağışladığı “Batmanqılınc” povestini yazarkən onun belə hallarının şahidi olmuşam. Sonra digər əsərlərini, məşhur “Dolu” romanını yazanda da onun yaradıcılıq şövqündən vəcdə gəldiyini çox müşahidə etmişəm.
Bu yaxınlarda Qarabağa səfərimizdə Aqilin oxşar halını gördüm, coşquyla danışırdı, “Rəmişlə Qədiri Əmir Teymurla görüşdürmüşəm” deyirdi. Cavanlıq dostu Rəmişin macəralarından söhbət açırdı. Hiss edirdim ki, yeni bir əsər doğulmaq ərəfəsindədir. Dünən “525”də çap olunmağa başlayan “Rəmiş” povestinin birinci hissəsini oxuduqca yadıma Aqilin şövqlə danışdıqları düşdü. Tanış hadisələr idi. Bu gün isə ikinci hissəsini oxuyanda gördüm ki, bu hadisəni deyəsən, mənə danışmayıb. Zövqlə oxudum. Bol informasiya caynağından uzaqlaşa bilsəniz, siz də oxuyun, mistik, sirli aləmə səyahət edin, bir az dincəlin:
“… Sonra da restoranın gitaraçalanından gitaranı alıb bunlar üçün rus bəstəkarlarının əsərlərini çaldım. Çaşıb qalmışdılar. Elə bil birinci dəfəydi gitaraçalan görürdülər. Biri fotoaparatı verdi ofisianta, xahiş elədi ki, bizim şəkillərimizi çəksinlər. Heç demə, mən gitara çalanda da şəkillərimi çəkibmiş. Soruşdular kiməm, mən də dedim Rəmiş, gitara çalanam. Dedilər yəqin sən Leninqradda gitara akademiyasını bitirmisən. Güldüm, dedim Ağdamda Muzuçilişdə oxumuşam, onu da yarımçıq atmışam.”


Bakı -°C
