Həbsxana kamerasında 4 nəfər yatır. Bunların üçü «vor zakon»du, biri də bədbəxtin biri və səhər azadlığa çıxacaq. Söhbət belə olur ki, heç kəs danışmasın. Kimin ağzından nə çıxsa cavabdehdi. Hərə bir küncdə oturub danışmağa qorxur ki, sözündən yapışıb «sxodka»ya çıxararlar.
Axşam tərəfi Bədbəxt kameranın nəfəsliyindən havaya baxıb deyir:
- Deyəsən, yağış yağacaq.
Vor zakonların üçü də birdən səslənir:
- Yağış yağmasa, qanın getdi.
İndi saytlarda, sosial şəbəkələrdə ən çox söyülənlər ziyalılardı: «Niyə susursunuz?», «Niyə xalqın sözünü demirsiniz?», «Hara baxırsınız?», «Niyə xalqdan aralı düşmüsünüz?» və sair və ilaxır.
90-cı illərin əvvəllərində «orta müxalifət» deyilən bir anlayış vardı. Bu anlayışı da əslində mətbuata «Ədalət» qəzeti gətirmişdi. Anlayışı yaradan isə orta müxalifətin lideri, həm iqtidarın, həm də müxalifətin nəinki zəhləsi gedən, nifrət etdiyi rəhmətlik ədəbiyyatşünas, tənqidçi Aydın Məmmədov idi. Avtoqəzaya salıb öldürdülər. Ona görə hər iki tərəfin zəhləsi gedirdi ki, heç kimin yanında deyildi, hər iki tərəfə sözün düzünü deyirdi. Düz sözü deyəni də yeddi köydən qovarlar.
Aydın Məmmədovdan sonra «orta müxalifət» anlayışı onunla birlikdə öldü, ya radikal iqtidar oldu, ya da radikal müxalifət.
Heç kəs orta müxalifətdə dayanıb döyülüb, söyülmək istəmədi. Düzdür, buna cəhdlər oldu, indi də var, amma radikal müxalifət onları «avtobus müxalifəti» adlandırır.
Və əslində ziyalılar susmurlar, danışırlar. Amma danışan kimi də düşürlər o kameradakı Bədbəxtin gününə. «Vor zakon»ları da trollar əvəzləyir: iqtidarın trolları, müxalifətin trolları, bir də dınqıra süzən cahillər.
Çətini ağzını açanacandı:
- Deyəsən, yağış yağacaq…
Ziyalının ağzından çıxan söz haqq söz olsa da, ədalətli söz olsa da mütləq bir qulp tapıb qoyacaqlar, saytlar və sosial şəbəkələr də demədiyi sözü və ya haqq dediyi sözü kontekstdən çıxarıb yayacaqlar, özlərindən gündəm düzəldəcəklər. Ziyalıya da həm sağdan, həm soldan, həm də yuxarıdan elə qapazlar gələcək ki, heç Məhəmməd Əli onun altından çıxa bilməz.
Və ziyalılar da görürlər ki, onları bihörmət edirlər, ona görə də çox zaman abırlarına qısılıb danışmamağa üstünlük verirlər.
Bir ölkədə ki Üzeyir Mehdizadə Üzeyir Hacıbəyovdan daha çox sevilə və populyar ola, day nə deyim?
Bir ölkədə ki 10 milyondan çox əhali yaşaya, 4 mindən çox (məktəblər də daxil olmaqla) kitabxana ola, çıxan kitabların tirajları 300-500 (nadir hallarda 1000) ola, nədən danışaq?
Saytlar, sosial şəbəkələr trolların əlində, özəl telekanallar da müğənnilərin əlində.
Əvvəllər ziyalılar çayxanalara yığışardı, indi çayxanalar da ləğv olunub, ya da çay o qiymətə satılır ki, gərək ziyalılar atışıb bir çaynik çay içələr.
İndi bu yazını sosial şəbəkələrdə paylaşıb trolları salacaqlar üstümə.
Məmməd Araz deyir:
Nə qədər ki öz əlimdi yazanım,
Ürəyimsiz kəlmə yazan deyiləm!
İndi nə qədər sözümün başına ip salsalar da, trollar üstümə tökülsə də, nə qədər ki öz əlimdi yazanım, ürəyimdən keçənləri yazacam.