Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin bəyanatında belə bir yer var, bizə tövsiyə edir ki, Qarabağda yaşayan ermənilərin hüquqi statusu və təhlükəsizliyi təmin edilməlidir.
Azərbaycan tolerantlığına görə (bəzən həddən artıq tolerantıq) dünyada nümunəvi dövlətdir. Və bu dövlətdə yaşayanların 80-85 faizi türklərdən ibarət olsa da, 15-20 faizini digər xalqlar təşkil edir. Və onların hamısı da türklərlə eyni hüquqa malikdir, demək olar ki, həm parlamentdə təmsil olunurlar, həm də dövlətin icra strukturlarında. Azərbaycanda yaşayan hər bir xalq öz dilində məktəb aça bilər, qəzet çıxara bilər, televiziya kanalı işlədə bilər. Heç kimə fərq qoyulmur ki, sən talışsan, russan, ləzgisən, kürdsən, yəhudisən, inqiloysan, gürcüsən… Azərbaycanlısan, vəssalam. Buyur, keç yuxarı başa, harda xoşun gəlir, orda da otur.
Və dövlət hər bir kəsin millətindən, dilindən, dinindən asılı olmayaraq təhlükəsizliyinin təminatçısıdır. Məhz elə buna görə də həm Birinci Qarabağ savaşında, həm də 44 günlük Zəfər savaşında Azərbaycanda yaşayan bütün xalqlar Vətən uğrunda döyüşə atıldılar. Şəhid oldular, qazi oldular.
Eləcə də Şuşada keçirilən «Xarı bülbül» festivalında necə döyüşdə çiyin-çiyinə vuruşmuşdularsa, eləcə də bir yerdə «Yallı» getdilər və hər bir xalq bu böyük bayram konsertinə öz rəngini qatdı.
İndi ermənilər Azərbaycanda yaşayan xalqlardan hansı üstünlüyə malikdilər ki və ya artıqdılar ki (əskikdilər, nəinki artıq), onlara xüsusi status və təhlükəsizlik təminatı verilsin?
Qarabağda yaşayan ermənilərin həmişə öz ana dilində məktəbləri, institutları, qəzetləri və televiziyaları olub.
Əgər vətəndaşlığımızı qəbul eləsələr, ölkəmizdə yaşayan bütün xalqlara (içi biz türklər olmaq şərtilə) verilən konstitusiya hüququ təbii ki, onlara da şamil ediləcək.
Hələ bir statusları yadımdan çıxmışdı, bu başqa xalqlara verilməyən statusdu – kirvəlik statusu.