adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AQİL ABBAS ANARI BELƏ TƏBRİK ETDİ

AQİL ABBAS
1119 | 2024-03-15 09:10

Anarla hər gün küçədə, televizorda, tədbirlərdə rastlaşdığımız üçün, həmişə yanımızda olduğu  üçün onun böyüklüyünü, ucalığını bəlkə də hiss etmirik. Onu özümüzdən biri sayırıq, əslində elə Anar bizlərdən biridir, amma Anardır! Dağın yaxınlığında olanda onun ucalığını hiss eləmədiyimiz kimi, Anarın da yaxınlığında olanda onun ucaılığını  hiss eləmirik.

Bir dəfə Əskişəhərdə Türk dövlətlərinin şair və yazıçılarının qurultayı keçirilirdi. Türk dünyasından gəlmiş xalq şairlərinin, yazıçılarının Dədə Qorquda  çevrilmiş Anarın əllərindən öpməklərini (özü də Anar əlini  çəkmək istəyirdi, amma qamarlayıb tuturdular Anarın əllərini) görəndə necə qürur hissi  keçirdiyimi bəlkə də anlada bilmərəm. 

Bu gün Anarı yalnız Cəfər Cabbarlı ilə müqayisə etmək olar. XX əsrin əvvəllərində Cəfər Cabbarlı ədəbiyyatımız üçün, incəsənətimiz üçün, teatrımız və mədəniyyətimiz üçün necə dayanmadan çalışırdısa bu missiya XX əsrin sonu və XXI əsrin əvvəlləri Anarın üzərinə düşüb. Və Anar bu missiyanı layiqincə yerinə yetirir və davam etdirir. 

Anar Azərbaycanın  pasportudur, özü də heç bir sərhəd tanımayan pasportu. 

Bir dəfə «Sizsiz» əsəri çıxandan sonra  mənim redaktorum olan orta  səviyyəli bir yazıçı məni kabinetinə  çağırıb dedi:

- Buna bax, atasından, anasından  roman yazıb. İndi biz də atamızdan, anamızdan roman yazaq?

Seyran Səxavətin sözü olmasın, mən də söz gəldi özümü saxlaya bilmirəm, dedim:

- Müdir, sənin də atan Rəsul Rza, anan Nigar Rəfibəylidir? Sən də xan-bəy nəslisən? 

Redaktor məni otağından qovdu:

- Ə, dur cəhənnəm ol burdan.

Mən də  durdum cəhənnəm  oldum.

Məni ədəbiyyata Anar gətirib. Üstümdə böyük haqqı var.  Amma bir ara «Alatoran»çılara qəzetimizdə həftədə bir dəfə gen-bol yer verdiyimə, onlar da hər nömrələrində Anara zəhər tökdüklərinə görə məndən bərk incimişdi. Hətta Kamal Abdulla ilə ədəbiyyat söhbətində demişdi ki, mən bunun atasını  tanıyıram, çox yaxşı ziyalıdı, yaxşı da kişidi, amma bu niyə belə edir, anlamıram. 

Amma ürəyi genişdi, bir müddətdən  sonra  mənim günahımı bağışladı. 

Vaqif Cəbrayılzadənin  təbirincə desək, Anar min illərin  gün işığıdı, nə qədər  basdırmaq istəsən, yenə torpağın  üstündə qalar. 

Martın 14-də ədəbiyyatımızın Dədə Qorqudu Anarın 86 yaşı  tamam oldu. Bu böyük insanı bu münasibətlə həm öz adımdan, həm də çoxminli oxucularımız adından ürəkdən təbrik edir, ona Allahın verdiyi  qədər ömür arzulayıram. 

Sonda. Anarın və xanımı  Zemfira Səfərovanın Vətən, millət  sevgisini əsrin əvvəllərində Mirzə Cəlilin və xanımı Həmidə bəyin (bilirsinizmi, Qarabağda mərdliyinə, cəsarətinə görə Həmidə Cavanşirə xanım  yox, həmişə bəy deyə müraciət ediblər, mən də ona görə bəy yazdım) Vətən, millət sevgisi ilə və onların  ailə müqəddəsliyi ilə müqayisə etmək olar.

Və lap sonda. Anardan bir anekdot. 

İstanbulda kitab festivalındayıq. Otelin kafesində çay içirik, Anarın  nəvəsi də yanındadı. Qonşu stolda Cənubi Azərbaycandan olan bir xanım oturub.

Diqqətlə Anara baxıb dedi:

- Mən sizi tanıyıram. Siz Ramiz Rövşənsiniz.

Hamımızı gülmək tutdu, xanım da gülməyimizə çaşdı. 

Anar gülümsəyərək sakitcə dedi:

-Xanım, düz deyirsən, mən əvvəllər  Ramiz Rövşən idim, amma indi Anaram.

Xanım bəlkə on dəfə üzr istədi. 
 

TƏQVİM / ARXİV