adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: 9 MAY DA BELƏ GETDİ

AQİL ABBAS
851 | 2022-05-09 13:36

9 May! Bu gün bizim də, eləcə də bütün Sovet xalqının ən çox sevindiyi gün idi. Hətta  Vaqif Səmədoğlu da bu gün haqqında şeir yazmışdı. Yazmışdı ki, günün bəxtinə bax ey. Bu günə niyə sevinirdik? Qələbə günü idi. Bu gün 50 milyon insanın  qanı bahasına baha gəlmişdi.  Bu müharibədə 300 mindən çox azərbaycanlı da şəhid olmuşdu.

Hüseyn Cavid yazır:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!

Və ona görə də Stalinə  dahi deyirdik ki,  qan izini kəsib. Həm də bu günü  ona görə  çox sevirdik ki, elə bilirdik day bir də Yer üzündə  müharibə olmayacaq, qan tökülməyəcək. Uşaqlar  atasız, gəlinlər  ərsiz, ən başlıcası, analar  övladsız qalmayacaq.

Amma çox uzun sürmədi. Təxminən 15 il dünya  nəfəs aldı. Amma heç demə ona görə nəfəs alırmış ki, yeni  müharibələrə hazırlaşıbmış. Sonra nə qədər  müharibələr başladı – Vyetnamda, Koreyada, Kambocada, sonra ordan  sıçradı  Əfqanıstana, ordan da Yaxın Şərqə, Ərəb ölkələrinə.

Və sonra da Azərbaycana. Yenə uşaqlar atasız qaldı, gəlinlər ərsiz, analar övladsız  və millətin soykökünə çox ağır bir zərbə dəydi. Fikir versəniz görərsiz ki, 70-80-ci illər arasında doğulan minlərlə qız ailə həyatı qura bilməyib. Çünki onları sevən oğlanlar Qarabağ  müharibəsində Vətəni, torpağı onlardan  daha çox sevib özlərini Vətən, torpaq yolunda şəhid vermişdilər.

Şəhərlərimiz, kəndlərimiz darmadağın edildi. Heç faşizm belə olmamışdı ki, ermənizm faşizmdən də betər oldu.

Vaqif Cəbrayılzadə yazır:

Türk

min illərin  gün işığıdı,

nə qədər  basdırsan

yenə torpağın  üstündə qalar.

Gün işığıyıq, basdıra  bilmədilər. Nə qədər  basdırsalar da torpağın  üstündə qaldıq və yenidən günəş kimi  doğduq.

İndi bizim üçün 9 May yoxdu. İndi bizim üçün 8 Noyabr var – Qələbə günü, Zəfər günü! Torpaqlarımızın 200 ildən sonra düşməndən azad olunduğu gün!  Kəbəmiz Şuşanın azadlığı günü!

İndi vaxtilə Sülh carçısı olan Sovet dövlətinin varisi Rusiya 9 May  nümayişinə  hazırlaşır. Halbuki müharibə gedir: Rusiya-Ukrayna  müharibəsi.

Vaxtilə birlikdə faşizmə qarşı vuruşan Rusiya-Ukrayna indi bir-birini  «faşist»  adlandırır,  bir-biriylə vuruşur.  Şəhərlər, kəndlər dağılır, uşaqlar  atasız, gəlinlər ərsiz, analar  övladsız qalır. Ukraynanın 30 faizi  Ağdamın gününə düşüb. Ukrayna da Rusiyanın  şəhərlərini  bombalayır.

İndi belə bir müharibə getdiyi vaxtda insanlar hansı sevinclə  Lenin mavzoleyinin qarşısında  9 May nümayişi keçirəcək? Hansı qələbəni  bayram edəcəklər?!

27 milyon Sovet vətəndaşının qanı bahasına başa gəlmiş 9 May da belə getdi.

Allah İkinci Dünya Müharibəsində həlak olmuş bütün azərbaycanlılara (biri də mənim əmimdi, 300 nəfər də həmkəndlimdi –  Ağcabədinin Bayat kəndinin sakinləridir) rəhmət eləsin.

TƏQVİM / ARXİV