adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ağrının sözlə çəkilmiş şəkli - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
439 | 2022-06-28 16:17

Mərhum şairimiz Sabir Sarvanın ruhuna ehtiramla

İnsan özünü ifadə edəndə, yəni yaşamını sözə çevirəndə daxilən bir az yüngülləşir. Yəni elə bil ki, çiynindəki, ürəyindəki yükü bir nəfəslik zaman üçün götürüb qoyursan bir kənara. Həmin o bir nəfəslik zamanda qazandığın rahatlıq səni növbəti anlara doğru çəkib aparır. Bir az da konkret desəm, sənə fürsət verir, şərait yaradır…

Bu mənada söz adamı ağrı-acısını yazanda bir az mövzuya, həyata başqa bir prizmadan baxır. İstəyir ki, özəl, şəxsi ağrısı kiməsə yük olmasın. İctimai, lap sadə şəkildə söyləsəm, elin-obanın ağrısının fonunda görünsün onun ağrısı. Zənnimcə bu da  söz adamının cəmiyyətə, məmləkətə, adamlara həm bağlılığını, həm də onları ifadə etmək imkanının sahibi kimi görəvləndirir. Aldığı bu görəv – yəni vəzifə ictimai olduğundan təqdim etdiyi poeziya və yaxud nəsr nümunəsi də ictimailəşmiş formada ortaya çıxır. 

Mən mərhum şairimiz Sabir Sarvanla həyatda qarşılaşmışam, görüşmüşəm, yaradıcılığını izləmiş və bu gün də onun kitabları mənim kitabxanamda öz yerində rahatlıqla «nəfəs alır». Bu da o deməkdir ki, digər müəlliflər kimi Sabir Sarvan da mənim iç dünyamdadı, mənim yaddaşımda, gündəmimdədi. Onun «Özümü sözə çevirdim» kitabındakı bir şeiri diqqətimi çəkdi. Oxudum və sonra oxuduğum şeirin dalğasında öz yazı masama da nəzər yetirdim. Beləcə növbəti bir şeir işığında yol getmək imkanı qazandım. 

«Ağrı» adlanan bu şeiri oxuduqca ağrılarım və bu ağrılardan qaynaqlanan misralarım tutdu əlimdən. Bir də gördüm ki, mən Sabir Sarvanın səsini eşidirəm. Mərhum şairimiz deyir ki:  

 

 

Əlləri  ağrıyırdı anamın,

əlləri.

Kol qırmaqdan,

çəpər vurmaqdan,

Kişi işi görməkdən

Əlləri ağrıyırdı anamın,

əlləri.

 

Şeirin bu bəndini oxuyanda 2020-ci ilin sentyabrın 27-ə qədər yaşadığım Vətəndə vətənsizlik, yurd həsrəti və bir də çadırlarda qocalan ananın çöhrəsi gəlib durdu mənimlə üzbəüz. Xatırladım, doğulduğum kənddə atamın, anamın kiprikləri ilə od götürüb ev qurduqları günlər, anamın bir an da olsun istirahət etmədən çalışması, kənd həyatının şirinli, acılı məqamları. Bu olanların içərisində qışın şaxtasında, yayın istisində çarxlayan, qabarlayan əlləri… Təndirin alovundan qarsıyan sifəti… 

Sabir Sarvan bir bəndlə məni məhz o anlara, o günlərə apardı. O anlarda da mən yaşadıqlarımın ağrılı tərəfini misralayarkən yazmışam ki: 

 

Ürəyimdəki ağrı,

Əllərimə sığışmır…

Ağrının əl-ayağı –

Ürəyimdən yığışmır.

 

İnsan nə qədər duyğusal olarsa, bir o qədər də ağrı, acı daşıyıcısına çevrilər. Havadan da nəm çəkər, sözdən də, baxışdan da. Bunlar da sonda həmin o dediyim ağrı kimi formalaşar. Çox təəssüf ki, bu ağrılar bəzən bizim özümüzdən yox, çevrədən, cəmiyyətdən, həyatdan gəlir. Biz də onu qarşılayırıq. Ona görə ki, qaçmağa başqa bir həyatımız, dünyamız yoxdu. Olan dünyamız da gördüyümüz, yaşadığımız yaddaşımıza, ruhumuza hopan ağrılardı. Onu da xatırlamaq və xatırlatmaq özü də ağrını təkrar köynəkdən keçirməkdi. Necə ki, bunu Sabir Sarvan edib:

 

Hər axşam 

barmaqlarını uşaq bələyən kimi 

bələyib bağlayırdı. 

Qan axırdı anamın 

kişi əllərinin yarasından,

Əlləri qan ağlayırdı.

 

Bu şeirin bir məqamı da yəqin ki, diqqətinizi çəkdi. O da atasız uşaq böyütməyin, kişisiz evi idarə etməyin yüküdür. Analar namuslarına xələl gəlməsin, ləkə düşməsin deyin hər əzaba, hər ağrıya qatlaşıblar. Bunu zaman-zaman müşahidə edən və o müşahidəni də ağrılı sözə çevirənlərdən biri də şair Sabir Sarvandı. Ona görə də barmaqları qanayan ananın acısı Sabirin öz ağrısına, acısına çevrilibdi. Onun poetik təqdimatı isə bir növü yaşamın təqdimatıdı. Gerçəkliyin ortaya qoyulmasıdı. Mən də həmin o gerçəkliyin içərisində ağrının necə şaxələndiyini, necə saçaqlandığını izləmişəm, yaşamışam və sonda da pıçıldamışam.

 

Saçaqlanır anbaan

Münbitdi düşdüyü yer…

Sağalmasına inan

Və ona sən ümid ver!

 

Arzuladığım, qovuşmaq istədiyim ümid o zaman reallaşır ki, gerçəkləşir ki, onun üçün mücadilə edirsən, özünü oda, közə vurursan. Bax, bu mənada Sabir Sarvan öz acısını, öz ağrısını o qədər reallıqla təqdim edir ki, onu görməmək, ondan yan keçmək mümkün olmur. Çünki ananın sızıldayan barmaqları ümid üçün, sabah üçün, övladının xoş günləri üçün səhərlər unudur axşamkı ağrıları. Bu böyük mənada unutqanlıq deyil, bu məqsədə çatmaq istəyinə qovuşmaq üçün aparılan daxili bir savaşdı, öz iradənin ifadəsidi. Ona görə də: 

 

Səhərlər unudub ağrısını, 

göynəyini,

Çıxardıb barmaqlarının 

qanlı köynəyini

Gedirdi iş dalınca.

Getdi bir gün,

Getdi gecənin bir yarısı.

Hündür çəpərimizdə

Həyətimizin səliqə-sahmanında,

Qızıl inəyimizin yelinində qaldı

Əllərinin ağrısı.

 

Kədərli olsa da, gerçəyin özüdü və elə Sabir Sarvanın şair istedadının gücü də, o gerçəyin söz nərəsini çəkməyindədi. Şeirin hər sözü, hər misrası düşündürür, göstərir və həm də xatırladır. Ona görə də bu ağrı unudulmur. Çünki oxucu olaraq onu mən yaşayıram. Yaşamaqla yanaşı həm də bir zamanlar yaşadığımı əlimin, ürəyimin tutumu gücündə yenə bu günümə qaytarıram. Bu isə dünənə, bu gündən baxış olmaqla yanaşı, həm də dünəni bu günə şeir formasında gətirməkdir...

Bəli, bütün hallarda ağrının ölçüsü ürək boydadır və ürək boyda olan ağrı da səni qovursa da, yandırsa da, həm də bərkidir, dözümlü edir. Sən bu dözümlə bu ağrının özünün çevrəsinin hətta obrazlı desək, hər bir halının ardınca getməyə hazır olursan. Ona görə də mən bu qənaəti özüm üçün təsdiqləyirəm: 

 

…Əllərimin tutumu,

İtiribdi ölçüsün…

Əlimə bax, budurmu –

Əllərinin elçisi?..

 

İndi ağrının həm fiziki, həm də bioloji, həm də şair dili ilə desək, mövzu baxımından bütün parametrləri sərgiləndi və bir oxucu olaraq gördüm ki, Sabir Sarvanın «ağrı»sı ötəri deyilmiş, əksinə o yaşam imiş. Yaşam isə həmişə sevincli olmur. Mən də bu sevincli olmayan, bu ağrının ağrısı unudulmayan məqamda durub ağrının dalınca da elçilik etməyə tərəddüdsüz hazıram. Və…

Ruhu şad olsun Sabir Sarvanın. Qoşulub ağrısına bir az da öz ağrımdan danışdım. Yəqin ki, dinləyənlər peşman olmayacaqlar.

TƏQVİM / ARXİV