Ağ QARIN üZ QARASI

OQTAY SALAMOV
28058 | 2008-01-08 04:11
Bayram dekadası qurtardı. Ötən il rusların bayramı 10 gün çəkəndə artıq 7-ci gün iş yerlərinin qapısı qabağında növbələr düzülmüşdü, alkaşların paxmel pulları da qurtarmışdı. Bizdə belə şeylər olmadı. Ona görə yox ki, bizdə alkaşlar yoxdu, ona görə ki, bizdə iş verənlər (bu sözü bir yerdə yazanda mənası başqa cür alınsa da, ayrılıqda yazanda rusun "rabotadatel"i, yəni işə götürən adam mənasında anlanılmasını istərdim) bayram edirdilər, onların bayramları əsl bayram idi. İşləməlilər məcburi "kef edirdilər", başqa əlacları yox idi. Ləzzət eləyən bircə o idi ki, düz bir həftədən də çox gözümüzü yağır eləyən, zəhləmiz gedən sifətləri "jivoy" görmədik və bizi görmək istəməyənlərə də bu şəraiti yaratdıq. İşsizlik bir yandan, bir yandan da təbiət qanımızı qaraltmışdlı. Durub ilin-günün bu vaxtında qış gəlmişdi, qar yağmışdı...
   
   Məni qınamayın, bizim məmurlar ya astranomiyadan, təbiətşunaslıqdan xəbərsizdilər, ya da özlərini həddən artıq ağılı və mütənasib olaraq bizi həddən artıq axmaq sayırlar; bilmirlər ki, hansı fəsildən sonra hansı gəlir, hansı fəsildə iqlim necə olur və hər fəsilə necə hazırlaşmaq lazımdır. Mənim ağlım söz kəsəndən indiyəcən formasiya da dəyişib (əvvəl kommunizmə gedirdik, sonra gördük yolları bizim mərkəzdən qıraqdakı yollara oxşayır, döndərdik üzünü əks tərəfə, indi heç özümüz də bilmirik hansı formasiyaya tərəf gedirik) amma hər il oxuyuram, eşidirəm ki, "qış qəfil gəldi, gözlənilmədən qar yağdı", nə bildim nə... Sovet vaxtında da raport verirdilər ki, qışa (yaza, yaya, payıza) tam hazırıq, hər şey yağ kimi gedəcək, indi də raport verirlər, amma qış (yaz yay, payız) yenə "gözlənilmədən" gəlir və bizi yaman yerdə yaxalayır. Özü də lap az, cəmisi üçcə ay gecikirik ki, qışa (yaza, yaya, payıza) hazırlığı tamamlayaq. İndi Sovet vaxtında söylədiyimiz yalanları rksa uəf gəlməyimiz, özümüzə xeyirlə əlaqələqdiririk, böəs indi kimi kəf gəlirik, məlum deyil? Əslində məlumdur, amma açıqlamaq sərf eləmir...
   
   O biri fəsillər cəhənnəm, birtəhər yola vermək olur- yazda ot-ələf çıxır qarnımızı aldadırıq, yaşıllaşır zibilimizin üstü bağlanır, isinir, sümüyümüz qızışır, hirsimiz azalır, yayı paltar-palaz dərdindən nisbətən xilas oluruq, soyunuruq, gündə qaralırıq üz qaralığımız az görünür, payızı meyvədən zaddan... - dərd qışın dərdidir. Hər dəfə məmurlar da, biz də güman eləyirik ki, qar yağar, hər yan ağarar, qaralar görünməz - tərsinə olur. Qar bütün zibilləri açıb qoyur ortaya.
   
   Ötən il yazda babat rəqəmli bir qaimə (bizim dildə kvitansiya- yəni göndərənlə kvit olmaq üçün dokument) gətirdilər ki, bəs qışda evinizi isitmişik, "otopleniya" üçün bu qədər pul verməlisiniz. Düşdük zirzəmiyə (bizim dildə podvala), göstərdik ki, mənzillərimizə qalxan ana istilik trubası kökündən kəsilib, yerli-dibli yoxdur! Xeyiri olmadı, dedilər ödəməlisiniz, "kompyuterə düşüb". Bəlkə ödəyənlər də oldu, mən hələlik kompyuterə borcluyam. Bu il də trubanı düzəltməyiblər və "kotelni"nin brubalara keçən yerdə uşaqlar ən uzun sürüşkəni düzəldiblər, yəni heç "kotelni"nin özü yerli-dibli işləmir. Amma yenə istilik plulna gələcəklər. Axı raport veriblər ki, bütün binalar istiliklə təmin olunmağa hazırdır. Havalar qızanda da deyəcəklər istiliklə təmin olunub, kompyuterə də düşüb.
   
   Sabiq baş redaktorumuz (ay can-ay can, nə interesni səslənir) Aqil Abbas yazırdı ki, qışda, qar yağanda sürücülər yaxşı eləyib qiymətləri qaldırırlar, o havada bu yollarda maşın sürmək qəhrəmanlıqdı. Aradabir söz düşəndə mızıldanırdım ki, bu onların işidir, görməlidirlər, qiymətləri özbaşına qaldırmaq isə ən azından nəzarətin olmaması deməkdir. Razılaşmırdı. Durub baş redaktorla "spor" eləyəsi döyüldüm ki. İndi yaza bilərəm. Qışda Bakının nəqliyyatının iflic (bizim dildə "paralic") olmasının birinci və birinci səbəbi hökumətimizə və vətəndaşlara (pah atonnan, nə yaman rəsmi, gurultulu alındı) verilən yalan raportlardı. Bakı heç vaxt qışa hazır olmayıb, nə yolları, nə istilik sistemləri, nə kanalizasiyaları, nə işıqları, nə qazı , nə... Sadalamağın yeri yoxdur, ümumiyyətlə (bizim dildə "obşim") heç nəyi hazır olmayıb. Və hələ bir gözəl insan (bizim dildə "svoloç") deməyib ki, filan məsələdə qışa hazır deyilik. Amma qiyməti özbaşına qaldırdıqları üçün yenə sürücüləri söyə bilmirəm, Aqil Abbas baş redaktorluqdan gedib, amma qəzetin təsisçisi kimi qalır axı... Həm də dərd təkcə sürücü ilə qurtarsaydı, daha ona dərd deməzdilər ki...
   
   A kişilər, qar yağanda Bakıda Bakcell də (bizim dildə Cinkart) tutmur. Yaxşı, yeri başa düşdük, çala-çuxurdu, dağılıb, sürüşkəndi, bəs göyə, dalğaya sözünüz nədi? Gecə-gündüz "mən səni sevirəm" reklamı verirsiniz, bəs adamı belə sevərlər? Qar yağanda sevdiklərinə zəng edə bilməyənlər ləhcəyə keçmişdilər, mən səni söyürəm" deyirdilər. Amma Bakcell heç bunu da eşitmirdi - tutmurdu axı...
   
   Bəzən bir tənqidi yazı yazanda zəng edirsiniz, giley-güzar eləyirsiniz ki, biz sizin dostunuzuq axı, bəs bu necə dostluqdu? Doğrudan da, bəs bu necə dostluqdu? Qaz vermirsiniz, işıqları kəsirsiniz, yollar dağınıq- sökük, çörək yarı çiy, yarı yarma, qiymətlər Everestin təpəsində, maaşlar, təqaüdlər Marian çökəkliyində, hesabatlarda, raportlarda hər şey düppədüz, bunun adı dostluq, qardaşlıqdır? (Qafiyəni qanacaq defisiti olanlar yapışdırmasınlar)
   
   Düyanın düz vaxtında bəstəkar adaşım Oqtay Zülfüqarov dostumla mənə bir mahnı öyrətmək istəyirdi- (indi olmasın, onda yolka şənliyində Şaxta baba - filan olurdum) -"Ağır ağır, qar yağır". Onda "ağır"ı aramla, sakit-sakit mənasında başa düşürdük. İndi birbaşa mənada. Qar yağanda yaman ağır olur. Özü də heç bir hesabta, raporta baxmadan çox ağır olur, yaman ağır olur. Daha qar heç təmizlik simvolu da sayılmır, odey, qarı əridib içən leriklilər zəhərlənib xəstəxanaya düşüblər. Deyəsən qara ağ yox, qara qar deməli olacağıq axı.. Bu il də qar üz qaralığı gətirdi. Amma nə fərqi var ki, raportlarda hər şey ağappaqdar...
   
   
   
   P.S. Azadlıq meydanında keçirilən diskotekanın rəngi nə ağ idi, nə qara, ala-bula idi...

TƏQVİM / ARXİV